Geosiyasi proseslər Ermənistanı daha dərin təklənməyə aparır - İlham Əliyevin təhlili...

Arzuxan Əlizadə: “Qarabağda bir ovuc erməniyə görə beynəlxalq güclər bizdən xüsusi status tələb etməyəcək”

img

“Onlar başa düşməlidir, vaxt uzatmaq onlara heç nə verməyəcək”. Bunu Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev deyib.

Ölkə başçısının sözlərinə görə, Ermənistan üzərinə düşən öhdəliklərlə bağlı fitnəkarlıqla məşğuldur: “Birincisi, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur”.

Görünən odur ki, Prezident İlham Əliyev gərəkən xəbərdarlığı etdi. İndi qalır Ermənistanın bundan nəticə çıxarması.

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan hakimiyyəti vaxt uzatmaqla geosiyasi vəziyyətin onların xeyrinə dəyişəcəyinə ümid edir: “Ancaq bu, tamamilə yanlış gözləntidir. Rusiya Ukrayna müharibəsində məğlub olub Cənubi Qafqazdan çıxsa belə, yenə proses ermənilərin xeyrinə dəyişməyəcək. Ermənistana himayədarlıq edən dairələr Vətən müharibəsindən sonra yaranan reallıqları dəyişə bilməyəcəklər. Azərbaycanın artan gücü, Avropanın enerji ehtiyaclarının ödənilməsində oynadığı rol, tranzit imkanları Ermənistana hansısa şans verməyəcək. Qarabağda bir ovuc erməniyə görə beynəlxalq güclər bizdən xüsusi status tələb etməyəcək. Azərbaycan əhalisinin sayı Ermənistandan 4 dəfə çoxdur. Digər üstünlükləri də ortadadır. Digər tərəfdən, indi 90-cı illər deyil ki, Rusiya Ermənistana himayədarlıq etsin. O zaman Rusiya hesabına ərazilərimiz işğal olundu. Bu gün Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Hazırkı ABŞ prezidenti Cozef Bayden uzun illər Konqresdə ermənipərəst mövqedən çıxış edib. Bayden prezident olandan sonra Qarabağla bağlı Ermənistanın xeyrinə nə dəyişdi? Faktiki olaraq heç nə. Birləşmiş Ştatların dövlət maraqları daha önəmlidir, nəinki ermənilərin xəstə iddiaları. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin dəyərləndirməsi tamamilə reallığı əks etdirir”.

Bir sözlə, partiya sədri hesab edir ki, zaman Azərbaycanın xeyrinədir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər