Afsəddin Nəbiyev: “İran Cənubi Qafqazda Azərbaycanın artmaqda olan siyasi uğurlarını həzm edə bilmir”

İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib. Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.
Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib: “O, artıq vəzifəsinin icrasına başlayıb”.
R.Beqlaryan təəssüflə qeyd edib ki, bürokratik əngəllərə görə konsulun tam işə başlaması prosesi bir az yubanır: “Bildiyim qədər, Baş Konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”.
O da məlum olub ki, İranın Qafandakı konsulu vəzifəsinə Abedin Varamin təyinat alıb.
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi Qafandakı konsulluğun bu ilin sonuna qədər açılacağını bildirilmişdi. Ancaq İran ilin sonunu gözləmədən proseslərin sürətləndirilməsi yolunu seçdi.
Maraqlıdır, Ermənistan kimi balaca ölkədə Qafanda İran konsulluğunun açılmasına nə ehtiyac var? Qafanda İranın baş konsulluğunun fəaliyyətinə qərar verilməsi hansı zərurətdən doğdu?
- “Belə addımlar atmaqla özünü Ermənistana daha yaxın dost ölkə olduğunu göstərməyə çalışır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev İranın tələskənliyini regiondakı proseslərlə əlaqələndirdi: “İranın Ermənistanın Qafan rayonunda konsulluq açması və bu ərazilərə daha çox əhəmiyyət verməsi onu göstərir ki, İran Azərbaycanın bölgədə, dünyada artan nüfuzundan narahatdır. İran Qafan və Mehridə iqtisadi layihələrə dəstək verməklə öz varlığını göstərmək istəyir. Bununla Tehran İrəvan üçün iqtisadi dayaqlar yaratmaq niyyətindədir. Ancaq İranın iqtisadi layihələri Azərbaycanın Qarabağda həyata keçirdiyi böyük iqtisadi layihələrlə və Zəngəzur dəhlizinin açılması istiqamətində atılan strateji addımlarla ayaqlaşmaq gücündə deyil. Heç bundan sonra da olmayacaq. Ermənistan kimi balaca dövlətin ərazisində səfirlik olduğu halda məhz Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur bölgəsində əlavə konsulluğun açılması İranın riyakar siyasətinin bariz nümunəsidir. Elə bu yaxınlarda İranın dini liderinin Zəngəzurla bağlı təxribat xarakterli açıqlaması İranın bu bölgə üçün apardığı uyğunsuz siyasəti açıq şəkildə sübut edir. Açıq desəm, İran Cənubi Qafqazda Azərbaycanın artmaqda olan siyasi uğurlarını həzm edə bilmir. Ona görə də belə addımlar atmaqla özünün Ermənistana daha yaxın dost ölkə olduğunu göstərməyə çalışır. Bu məsələdə də özünü islam dövləti adlandıran İranın hərəkətləri həqiqi islam dövlətləri tərəfindən birmənalı qarşılanmır. Əgər doğrudan da İran İslam dövlətidirsə, nədən Ermənistan Azərbaycanın ərazilərini işğal etdiyi dövrlərdə yüzlərlə maddi mədəniyyət abidəmizin, məscidlərimizin dağıdılmasını sakitcə seyr etdi, səsini çıxarmadı? Təkcə elə bu fakt İranın Azərbaycana olan münasibətlərini dolğun şəkildə əks etdirir. Ona görə də İranla diplomatik münasibətlərizdə zərgər dəqiqliyi tələb olunur”.
Bu baxımdan sədr müavini hesab edir ki, İranla bağlı aparılan siyasətə xüsusi diqqət etmək lazımdır.
Vidadi ORDAHALLI