Qarabağdakı sülhməramlı komandan onunla görüşən separatçıları məyus etdi...

Rövşən Rəsulov: “Volkov separatçılara işarə edib ki, bundan sonra daha Rusiya sülhməramlılarına bel bağlamasınlar”

img

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovla görüşdən sonra görüş iştirakçıları Xankəndinin mərkəzi meydanında etiraz aksiyası təşkil ediblər. Bu barədə erməni teleqram kanallarında məlumat və görüntülər yayılıb.

Aksiyaya rəhbərlik edən və Rusiya sülhməramlı kontingentinin komandiri ilə görüşdə iştirak edən erməni separatçı Artur Osipyan rus generalın sözlərinin ümid yaratmadığını bildirib. Osipyanın sözlərinə görə, Rusiya sülhməramlıları onlara Azərbaycan tərəfinin xüsusi əməliyyatlarına qarşı çıxmaq üçün kifayət qədər vasitə və səlahiyyətlərə malik olmadıqlarını bildiriblər.

  • “Separatçılar bu dəfə yanıldıqlarını görüblər, bu da onların narazılığına səbəb olub ki...”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər daim özlərini başqalarının, xüsusən də rusların qarşısında vassal kimi aparıblar. “Ermənilər həmişə başqalarına arxalanaraq öz çirkin əməllərini, işğalçılıq, eləcə də qaranlıq niyyətlərini reallaşdırmağa çalışıblar. Görünür bu dəfə də onlar rus sülhməramlılarına arxalanaraq yerdə qalan məsələlərin onların xeyrinə həll ediləcəyini düşünüblər. Amma separatçılar bu dəfə yanıldıqlarını görüblər, bu da onların narazılığına səbəb olub ki, rus sülhməramlılarının rəhbəri ermənilər deyəni demir. Əslində, Volkov separatçılara işarə edib ki, bundan sonra daha Rusiya sülhməramlılarına bel bağlamasınlar. Çünki Azərbaycan tərəfi qəti addımlarını atır və tələblərini irəli sürür və bu tələblərin qarşılığında Rusiya sülhməramlıları üzərlərinə düşən məsul vəzifələrini yerinə yetirməyə məcburdurlar. Onlar üçtərəfli bəyanata imza atan Putinin imzasını bundan artıq poza bilməzlər. Onsuz da beynəlxalq aləmdə reputasiyası aşağı düşən Rusiyanın bundan sonrakı vəziyyətdə daha da gözdən düşməsi Rusiya dövlətinə heç bir səmərə verə bilməz”.

Digər tərəfdən, R.Rəsulovun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda qarşılaşdığı uğursuzluqlar belə deməyə əsas verir ki, bu ölkənin region ölkələri, xüsusən də Azərbaycanla və Türkiyə ilə münasibətlərini pozmağa marağı yoxdur. Bunun səbəbinə gəlincə, ekspert qeyd etdi ki, çünki Rusiyanın xilas mənbəyi yalnız Azərbaycan və Türkiyədir. “Bu baxımdan Rusiya da Qarabağda Azərbaycanın mövqeyini dəstəkləməyə məcburdur. Bunu da nəzərə almalıyıq. Nəticədə, Volkovun erməni separatçılarına ümidverici fikirlər bildirməməsi, onları ümidləndirməməsi belə deməyə əsas verir ki, sepatçılar, eləcə də Ermənistan artıq bütün ümidlərini ruslardan üzüb. Bu fakt öz təsdiqini tapır. Laçın şəhərinin və Laçının kəndlərinin  boşaldılması, ardınca isə Rusiya sülhməramlılarının yeni yola dislokasiya olunmaları, köhnə Laçın dəhlizində Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qurması belə deməyə əsas verir ki, bütün yollar Xankəndiyə aparır”- deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər