Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq

img

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.

Onun sözlərinə görə, Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub.

V.Hacıyev qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2000 çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib.

Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir. Artıq 41 ailənin 201 üzvünə evlərin açarları təqdim edilib.

Zəngilan şəhərinin Baş planı Prezident İlham Əliyevə onun 2022-ci il mayın 26-da Zəngilan rayonuna səfəri zamanı təqdim olunub.

Baş plan İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş park, həmçinin dağüstü park və daxili yaşıl dəhlizlər salınacaq.

Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Peşə etikası

Son xəbərlər