Ərdoğan Putinlə görüşdən dərhal sonra Soçini tərk etdi - axşam yeməyi olmadı...

Qabil Hüseynli: “Görüşün nəticələri bütövlükdə pozitiv dəyərləndirilir”

img

Məlum olduğu kimi, avqustun 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilib. Türkiyə mediasının yaydığı məlumata görə,  4 saata yaxın davam edən görüş zamanı taxıl koridoru, "Akkuyu" atom stansiyası, Suriyadakı hadisələr və Rusiya qazının Avropaya Türkiyə üzərindən nəqli müzakirə edilib. Görüşdən əvvəl  hər iki liderin mətbuata verdiyi açıqlama zamanı Putin taxıl nəqli ilə bağlı, “Avropa Ərdoğana minnətdar olmalıdır. Bu razılaşma sizin əsərinizdir”- deyə qeyd edib. 

Türkiyə Rusiyaya qazın bir hissəsini rublla ödəyəcək. Bu barədə Soçidə Putinlə Ərdoğanın görüşündən sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Görüşdə digər razılaşmalar barədə məlumatlarımız olacaq . “Kommersant” qəzetinin yazdığına görə, görüşdən dərhal sonra Ərdoğan hazırlanmış şam yeməyinə qalmayıb və  İstanbula uçub.

Ərdoğanla Putinin Soçidə baş tutan görüşündə nə kimi məsələlər müzakirə olundu, nə kimi nəticələr var? Burada Qarabağla bağlı da hər hansı bir məsələnin müzakirə edildiyi barədə məlumat varmı?

“Burada nə isə narazlıq olduğu haqda fikirlər hələ ki, gündəmə gəlməyib, Türkiyə tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib”

Politoloq Qabil Hüseynli baki-xeber.com-a şərhində bildirdi ki, Ərdoğan və Putin arasında keçilən 4 saatlıq görüş, gəlinən nəticələr barədə məlumatları Türkiyə mediasından əldə edib. “Mən Türkiyə mətbuatını izləyirəm. Türkiyə mediası görüşün nəticəli olduğunu deyir. Bir sıra məsələlərdə razılığa gəlinib. Məsələn, Ukrayna taxılının daşınması məsələsində, eləcə də Qara dənizdən Rusiyanın gübrə və  gübrə məhsullarının daşınmasında tam razılıq əldə edilib. Buna görə sülh cəhdləri ilə bağlı məsələlər də müzakirə edilib. Şübhəsiz, Suriyanın ərazi bütövlüyünə riayət edilməsi, terrora qarşı mübarizədə həmrəylik nümayiş etdirilib. Sonra isə deməliyəm, Ukraynada atəşkəs elan olunması haqda məsələyə gəlincə, Ukrayna sülhə o vaxt gedə bilər ki, torpaqları tamamən azad olunsun. Nəticənin üstünə kölgə salan məqamlardan biri də Ukrayna ilə bağlı Türkiyənin apardığı vasitəçilik səylərinin hələ ki, reallaşa bilməməsidir. Ola bilsin, Qarabağla bağlı ümumi fikir mübadiləsi gedib, amma müzakirə edilən o məsələlərin sırasında onun adı çəkilmir. Ona görə də, görüşün yekun bəyannaməsində bu məsələ barədə danışılmır. Bütövlükdə, tərəflər razılığa gəlib. Putin görüş zamanı taxılla bağlı razılaşmaların əldə olunmasındakı roluna görə şəxsən Ərdoğana təşəkkür edib. Putin deyib ki, “Türk axını” problemsiz işləyir və bütün Avropa  buna görə Türkiyəyə minnətdar olmalıdır. Türkiyənin Avropaya gedən “Türk axını” deyilən qaz kəməri var. “Türk axını” layihəsinin reallaşdırılması  həm də bütövlükdə Rusiya ilə ticarət əlaqələrində ən mühüm rollardan birini yerinə yetirir”.

Q.Hüseynlinin zənnincə, hər iki tərəf münasibətlərdə irəliləyişdən tam razılıq bildirib və bundan sonra da əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir birliyi var. “Amma Ərdoğanın şam yeməyinə qalmadığını bilmirdim. Ona görə də, bu barədə bir söz deyə bilmərəm. Amma görüşün ümumən hər iki tərəf üçün xeyirli olduğunu demək mümkündür. Çünki qəbul edilən bəyanatda da tərəflərin bir çox məsələlərdə ümumi mövqeyə gəldiklərini və Rusiya-Türkiyə münasibətlərinin daha yüksək səviyyədə qaldığını qeyd edirlər. Bu saat Türkiyə yeganə ölkədir ki, Rusiya ilə  əlaqələr saxlayır və bu mənada Türkiyə Rusiya üçün çox əvəzedilməz bir ölkədir. Türkiyənin vasitəsilə Rusiyanın xaricdə ticarət əlaqələri inkişaf edir, eyni zamada Qərblə dialoq məsələsi reallaşa bilər. Bir çox məqamlarda Türkiyə Qərblə dialoqda çox mühüm mövqelərdən birini yerinə yetirmiş olur. Görüşün nəticələri bütövlükdə pozitiv dəyərləndirilir. Burada nə isə narazlıq olduğu haqda fikirlər hələ ki, gündəmə gəlməyib, Türkiyə tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib”- deyə Q.Hüseynli vurğuladı.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər