Erməni silahlıları ilə bir vaxtda İran ordusu da hərəkətləndı - yeni şübhəli hərbi dislokasiya...

Ramil Hüseynov: “İran Ermənistanla bir olaraq Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır”

img

İran Azərbaycan sərhədinə hərbi texnika yığmağa başlayıb. İranda yerli Telegram kanalları yol boyu hərbi texnikanın daşınmasını əks etdirən videolar yayımlayır. Belə ki, Tehran hərbi texnikaları Azərbaycanla sərhədlərə yığır.

Bunun Qarabağda münaqişənin gərginləşməsi ilə bağlı baş verdiyi iddia edilir. Bir müddət əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bakıya xəbərdarlıq etmişdi. Tehran qonşu dövlətlərin sərhədlərinin dəyişməsinə dözməyəcəyini vurğulamışdı.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsində də İran bənzər fəaliyyətlə məşğul oldu. Xüsusən də ərazilər işğaldan azad ediləndən sonra İran Cəbrayıl və Zəngilan sərhədi boyunca qoşunlarını topladı. Bir sıra genişmiqyaslı təlimlər keçirdi. Özü də ordunun elit qüvvələrini bu təlimlərə cəlb etdi. Halbuki, 30 ilə yaxın işğal dövründə İranla olan 132 kilometrlik sərhədimiz Ermənistan ordusunun nəzarətində idi. İran bir dəfə də olsun sərhədə qoşun toplamadı. Əslində o zaman buna daha çox ehtyac var idi, nəinki indi.

Maraqlıdır, İranın növbəti dəfə Azərbaycanla sərhədə qoşun toplaması nə deməkdir? Nə baş verir?

  • “Hərbi təlimlər keçirməklə Azərbaycana güc nümayiş etdirir ki, sona qədər buna dözməyəcək”

Məsələyə münasibət bildirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynovun fikrincə, İran bu minvalla Azərbaycana əzələ nümayiş etdirməyə çalışır: “Məsələ ondadır ki, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra regionda yeni geosiyasi mənzərə yarandı. Azərbaycanın nüfuzu daha da artdı. Ən başlıcası, Şərqlə Qərb arasında ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutan nəqliyyat dəhlizinin yaradılması aktuallaşdı. Söhbət Zəngəzur dəhlizinin açılmasından və bunun yaradacağı çoxşaxəli imkanlardan gedir. Bütün bunların nəticəsində Azərbaycanın önəminin daha da artacağı qaçılmazdır. Bax İranı narahat edən budur. Tehran hesab edir ki, guya İran Zəngəzur dəhlizinin yaratdığı imkanlardan kənarda qalacaq. Guya Zəngəzur dəhlizinin açılması İranla-Ermənistan sərhəddinin bağlanması deməkdir. Halbuki, bütün bunlar sadəcə bəhanədir. İran Ermənistanla bir olaraq Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Hərbi təlimlər keçirməklə Azərbaycana güc nümayiş etdirir ki, sona qədər buna dözməyəcək. Guya hansısa mərhələdə bunlar hərbi gücə əl atacaqlar. Ancaq hesab edirəm ki, bütün bunların hamısı yersiz və mənasızdır. Heç bir qüvvə Azərbaycana qarşıya qoyulan hədəflərlə bağlı mane ola bilməyəcək”.

Partiya sədri onu da qeyd etdi ki, İranın güc göstərmək cəhdi nəyisə dəyişə bilməyəcək.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər