Alternativ Laçın yoluna Ermənistandan daha bir təxribatçı münasibət - qeyri-legitim?

Tural İsmayılov: “Məqsəd prosesi tormozlamaq və gərginliyi artırmaqdır”

img

“Azərbaycanın “Arsax”ı Ermənistanla birləşdirən Laçın dəhlizini başqa marşruta dəyişmək tələbi qeyri-legitimdir”. Bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

O, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin yaradılması və fəaliyyəti ilə bağlı məsələləri müəyyən edən 2020-ci il üçtərəfli bəyanatının 6-cı bəndini xatırladıb: “Tərəflərin razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi ilə Ermənistanı Qarabağla birləşdirən yeni nəqliyyat magistralının tikintisi planlaşdırılacaq və bunun mühafizəsi Rusiya sülhməramlı kontingentinə tapşırılacaq”.

Onun sözlərinə görə, bu müddət ərzində, təbii ki, bu istiqamətdə müəyyən işlər görülüb, lakin hazırda razılaşdırılmış plan yoxdur: “Ən azından, Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qeyri-legitimdir”.

Bu məqamda jurnalist Qriqoryana onun bir müddət əvvəl verdiyi bəyanatı xatırladıb. Qriqoryan suala cavabında bu məsələni təsdiqləyib.: “Bəli, inşaata artıq başlanılıb, amma nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilir. Razılaşdırılmış belə plan isə yoxdur. Ermənistan Respublikası artıq üçtərəfli formatda planı təsdiqləmək, imzalamaq və razılaşdırılmış qrafikə və yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə də məhz bu nəzərdə tutulur”.

Məlumat üçün qeyd edək ki, söhbət Laçın şəhərindən yan keçən yeni 32 kilometrlik yoldan gedir.

Bütün hallarda Qriqoriyanın arqumentləri nə dərəcədə əsaslı sayıla bilər? Necə yəni Laçın dəhlizi ilə bağlı tələb qeyri-legitimdir? Axı 10 noyabr razılaşmasında bu öz əksini tapıb?

  • “Armen Qriqoryanın yeni Laçın yolu ilə bağlı fikirləri absurddur”

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq siyasəti qeyri-səmimidir: “O üzdən, Ermənistan rəsmilərinin verdikləri hansısa açıqlamanın siyasi çəkisi yoxdur. Bu baxımdan Armen Qriqoryanın yeni Laçın yolu ilə bağlı fikirləri absurddur. Çünki 10 noyabr razılaşmasında bununla bağlı məqamlar aydın şəkildə göstərilib. 10 noyabr bəyanatına Ermənistan dövlət olaraq imza atıb. Ermənistanla yanaşı, ortada Rusiyanın da imzası var. Söhbət Rusiya prezidenti Vladimir Putinin imzasından gedir. Ona görə də Ermənistanın 10 noyabr bəyanatının müddüalarını yerinə yetirməməklə bağlı ortaya qoyduğu mövqe, həmçinin məlum razılaşmanın bəzi şərtlərini yerinə yetirməməsi təkcə Azərbaycana qarşı provokasiya deyil. Bu, həm də Rusiyanın imicinə qarşı yönəlmiş hadisədir. Bu baxımdan yeni Laçın yolu ilə bağlı Azərbaycanın tələbi 10 noyabr razılaşmasına söykənir. O cümlədən, ən geci 2023-cü ilin noyabrınadək yeni Laçın yolunun fəaliyyətə başlaması razılaşmada öz əksini tapıb. Bu gün Azərbaycan üzərinə düşən öhtəliyi yerinə yetirib. 32 kilometrlik yeni Laçın yolu demək olar hazırdır. Ermənistan isə ərazisinə düşən 8 kilometrlik yolun ttikintisini hər vasitə ilə yubatmağa çalışır. Məqsəd prosesi tormozlamaq və gərginliyi artırmaqdır. Bu səbəbdən Qriqoryanın açıqlamalarının özü qeyri-legitimdir. Eyni zamanda, hansısa hüquqi əsası yoxdur”.

Bir sözlə, politoloq hesab edir ki, məlum açıqlama Ermənistanın daxili auditoriyasına hesablanmış boş fikirlərdən başqa bir şey deyil.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər