Məlum olduğu kimi, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addım yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısını göstərir.
Son 4 ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği 2,3 dəfə, müharibə əlillərinə Prezidentin aylıq təqaüdü orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət orta hesabla 2 dəfədən çox artırılıb. 2021-ci il yanvarın 1-dən Vətən müharibəsi qəhrəmanlarına Prezidentin təqaüdü, 2022-ci il yanvarın 1-dən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub. Postmüharibə dövründə dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda, qeyd olunan şəxslərin yaxınlarını əhatə edən genişmiqyaslı sosial dəstək paketi icra olunur. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən il 5 dəfə genişlənib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Şəhid ailələri və müharibə əlillərinə növbəti iki ayda daha 500 mənzil və fərdi ev təqdim ediləcək. Müharibə əlillərinin minik avtomobili ilə təminatı da davam edir. Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarısında 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə avtomobil verilib. Dünyanın heç bir yerində Azərbaycandakı qədər müharibə əlillərinə qayğı və diqqət yoxdur.
Müharibə veteranlarına, əlillərə sosial dəstəklə bağlı beynəlxalq təcrübədə nə kimi nümunələr var? Bununla bağlı nə kimi nümunələr var və Azərbaycanın bu sahədə üstünlükləri nədən ibarətdir?
“Bu onu göstərir ki, dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davamlı və sistemlidir”
Məsələyə münasibət bildirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin sözlərinə görə, Azərbaycanda bu sahədə vəziyyət digər ölkələrdən daha üstündür: “Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərib. Ən yaxşı cəhət odur ki, bütün müharibələrdə iştirak edənlərin statusu eynidir. Şəhid ailələri, müharibə əlilləri mənzillə təmin edilir. Bu kateqoriyadan olan şəxslərin övladları özəl ali məktəblərə daxil olanda onların təhsil haqqı dövlət hesabına ödənilir. Onların asudə vaxtının təşkil edilməsi üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Məşğulluq proqramlarına cəlb edilir. Müharibə əlilləri ən müasir protezlərlə təmin edilir. Onların xarici ölkələrdə müalicəsi təmin edilir. Ölkə prezidenti bununla bağlı tez-tez fərmanlar imzalayır. Dünyanın heç bir ölkəsində Azərbaycan qədər bu kateqoriyadan olan şəxslərə yüksək sosial diqqət göstərilmir. Bu onu göstərir ki, dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davamlı və sistemlidir”.
Vidadi ORDAHALLI