Ermənistanın ilk xarici işlər naziri, “İrs” partiyasının rəhbəri Raffi Ovannisyan Azərbaycanın Qarabağ ərazisinə buraxılmayıb. Separatçıların səylərinə baxmayaraq, Rusiya sülhməramlıları buna icazə verməyib.
Belə ki, bazar günü axşam “İrs” Partiyasının qurucusu Xankəndiyə gedərkən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları onun əraziyə daxil olmasına rəsmən mane olublar. “İrs” Partiyasının bununla bağlı məlumatında deyilir: “Komandirinin əmrini əlavə edilmiş fotoşəkillə birlikdə göstərdikdə, buraxılış məntəqəsindəki hərbçilər imtina üçün heç bir aydın səbəb və əsaslandırma təqdim etməyiblər, lakin qadağanın rəsmi İrəvanın “yuxarı” təbəqəsından gəldiyini təsdiqləyiblər. Separatçı qurum bu qərardan xəbərsiz olub və çox təəccüblənərək uzun müddət qanunsuzluğu aşkarlamağa və onu düzəltməyə çalışıb, lakin bu nəticəsiz qalıb. Onun nümayəndələri bu yolverilməzlikdə Bakının əli ola biləcəyini də istisna etməyiblər”.
R.Ovannisyanın Qarabağa buraxılmaması Ermənistanda məyusluqla qarşılanıb. Xüsusən də Ermənistandakı antirus media orqanları bunu əldə əsas tutaraq Rusiyanı kəskin tənqid edirlər. Qeyd edək ki, R.Ovannisyan 90-cı illərdə Qarabağdakı erməni separatçıları üçün çox iş görüb. Eyni zamanda, 2013-cü ildə keçirilən prezident seçkilərində Serj Sarkisyanın əsas rəqibi olub. Onu da qeyd edək ki, bu ilin mayında Ermənistanda revanşistləri təmsil edən deputatlar Qarabağa qanunsuz səfər etməyə cəhd etsələr də, Rusiya ülhməramlıları onları Laçından buraxmayib.
“Ümumilikdə, Ermənistanda siyasi partiyaları təmsil edən şəxsləri Qarabağa buraxmaq olmaz”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, R.Ovannisyanla bağlı məlum addım ermənilər üçün gözlənilməz zərbə oldu: “Hərçənd, Rusiya sülhməramlıları hər dəfə öz missiyalarını həyata keçirsələr, revanşist mövqedən çıxış edənlərin bu kimi təxribatlarına birdəfəlik son qoyulacaq. Əfsuslar olsun ki, hər dəfə belə olmur. Rus sülhməramlıları bir sıra hallarda erməni separatçıların təxribatçı hərəkətlərinə göz yumurlar. Bu da, istər-istəməz, həm Ermənistanı, həm də Qarabağdakı separatçıları ruhlandırır. Çox güman ki, Azərbaycanın təkidli tələblərindən sonra Rusiya bu addımı atıb. Yoxsa ermənilər çoxdan Qarabağa səfərləri su yoluna döndərərdilər. Ümumilikdə, Ermənistsanda siyasi partiyaları təmsil edən şəxsləri Qarabağa buraxmaq olmaz. Çünki istənilən halda bu, separatçıların maraqlarına xidmət edir. Nəinki xarici vətəndaşların, ümumilikdə Ermənistan vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Qarabağa səfərlərinə yol vermək olmaz”.
Partiya funksioneri hesab edir ki, Azərbaycan bu məsələdə daha tələbkar mövqedən çıxış etməlidir.
Vidadi ORDAHALLI