Laçından yan keçən yeni yolun Ermənistan ərazisindəki hissəsinin tikintisinə başlanıb. Yeni Laçın yolunun Ermənistan ərazisində davamı olan Tex-Kornidzor avtoyolunun rekonstruksiyasının nə vaxt bitəcəyi ilə bağlı suala Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cavabı belə olub: “Tikinti 9 noyabr 2020 üçtərəfli bəyanatında nəzərdə tutulan müddətə (6-cı bəndə əsasən 3 il ərzində) başa çatacaq”.
Azərbaycan tərəfi yolun nəzərdə tutulduğu vaxtdan tez hazır olacağını bəyan edib və artıq yolun bizə aid hissəsinin başa çatmasına bir şey qalmayıb. Söhbət Ermənistan ərazisinə düşən cəmi 8 kilometrlik yoldan gedir. Azərbaycan isə öz üzərinə düşən 32 km-lik yolun inşasını tamamlamaq üzrədir. Lakin Qriqoryanın sözlərindən belə anlaşılır ki, yol bu ilin deyil, gələn il noyabrın 10-da, yəni 3 ilin tamamında təhvil verilə bilər. Qriqoryan rəsmi bir şəxsdir və üçtərəfli bəyanatı əsas gətirərək yolun üç il ərzində istifadəyə veriləcəyinə açıq eyham vurdu. Bu isə o deməkdir ki, ermənilər üç ilin tamamında da bu yolu istifadəyə verə bilər və bəyanata əməl etdiklərinə əsaslana bilərlər. Yəni yeni Laçın yolu, ermənilərin sözünə görə, 2023-cü ilin noyabrın ilk ongünlüyündə də istifadəyə verilə bilər. Adını da qoyarlar ki, razılaşmanın müddəalarını pozmayıblar.
Ermənistan 8 km yolun inşasını uzatmaqla nəyə nail olmaq istəyir?
“Ancaq Azərbaycan tərəfi qəti şəkildə Ermənistanın bu mövqeyi ilə barışmayacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütün bu oyunlar yalnız vaxtı uzatmağa hesablanmış siyasi reveranslardır: “Ermənistan tərəfi Laçından yan keçəcək yolun planını hazırlayıb. Azərbaycan tərəfi isə üç ildən tez bir vaxtda yolun inşasını başa catdırır. Ermənistan tərəfi, təbii ki, vaxtı uzatmağa çalışacaq. Prinsipcə, 10 noyabr razılaşmasını əldə bayraq edib buna gedəcəkləri gözlənilən idi. Çünki orada yolun 3 il ərzində çəkilməsi öz əksini tapıb. Ancaq Azərbaycan tərəfi qəti şəkildə Ermənistanın bu mövqeyi ilə barışmayacaq. Erməni tərəfinin mövqeyinə baxmayaraq, onlar yolun inşasına başlamalıdırlar. Cəmi 8 kilometrlik yolun çəkilməsi uzadıla bilməz. Həm də 2023-cü ilə nə qalıb ki? Ona görə də Ermənistan mütləq şəkildə Laçından cıxacaq. Yayılan məlumatlara görə, artıq Laçını boşaldırlar. Erməni rəsmilər bir çox hallarda daxili auditoriya üçün bu kimi açıqlamalar verir. Çünki erməni əhalisinin çoxu revanşist əhval-ruhiyyədə olduğu üçün Nikol Paşinyan olardan çəkinir. Ona görə Qriqoryanın timsalında bu kimi açıqlamalar verilir. Ümumiyyətlə, Ermənistanın güzəştə getməkdən basqa şansı yoxdur və öhdəlikləri tam yerinə yetirməlidir. Fikrimcə, payız aylarında Ermənistan Laçını təhvil verəcək. Azərbaycan tərəfinin konkret tələbləri var. Həmçinin silahlı erməni birləşmələrinin çıxarılması da həyata keçirilir”.
Bu səbəbdən politoloq ciddi narahatlığa əsas görmür.
Vidadi ORDAHALLI