Böyük Britaniyanın məşhur “The Guardian” qəzeti əmindir ki, Qərb ölkələrinin Moskvaya qarşı apardığı iqtisadi müharibə əks nəticə verir və Rusiya prezidenti Vladimir Putinin mövqeyini gücləndirir.
Qəzetdə bununla bağlı dərc olunan məqalənin müəllifi Saymon Cenkinsin fikrincə, anti-Rusiya sanksiyaları müasir tarixin ən pis düşünülmüş və əks-məhsuldar qərarıdır: “Qərbin Rusiyaya qarşı sanksiyaları yaxın beynəlxalq tarixdə ən pis düşünülmüş və əks məhsuldar siyasətdir. Onlar Putini daha da gücləndirdilər: Rusiya Asiya ölkələrinə ixracatı artırdı, bu da onun tədiyyə balansında görünməmiş profisitə səbəb oldu, rubl yanvar ayından etibarən, demək olar ki, 50% möhkəmlənərək bu il ən güclü dünya valyutalarından birinə çevrildi”.
Müəllif yazır ki, Ukraynaya hərbi yardım əsaslıdır: “Lakin Moskvadakı rejimə qarşı iqtisadi müharibə səmərəsiz və dağıdıcıdır. İnflyasiya və dünyada enerjidaşıyıcılarının qiyməti artır, tədarük zəncirləri xaotik olub, milyonlarla insan benzin, taxıl və gübrə qıtlığı hiss edir. Buna baxmayaraq, Vladimir Putinin barbarlığı, elə öz xalqı üzərində hakimiyyəti kimi, yalnız güclənir”.
Cenkins Qərb ölkələrinin tənəzzülə sürükləndiyinə də diqqət çəkib: “Böyük Britaniya, Fransa, İtaliya və ABŞ-da inamsızlıq yayılıb”.
Maraqlıdır, Qərb mediasında belə yazıların dərc olunmasında məqsəd nədir? Doğrudanmı Ukrayna ilə müharibətə Putin gücləndi? Axı real vəziyyət başqadır və Qərb siyasətçiləri başqa şey deyir. İngiltərənin “The Guardian” qəzeti timsalında media bu qədər müstəqildir? Ola bilərmi ki, Rusiya tərəfindən satın alınan media nümayəndələri Putini müharibədən güclənmiş çıxmış kimi təqdim edirlər? Nədədir Putinin güclənməsi? Belə deyilsə nəyə görə Qərb mediası belə yazır?
“Rusiyanın Ukrayna müharibəsindən güclənmiş şəkildə çıxması barədə deyilənlər nağıldır”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin fikrincə, “The Guardian” qəzetində belə bir yazının dərci sifariş xarakterlidir: “Çünki “The Guardian” qəzeti Azərbaycanda kampaniyaçılığı ilə tanış olan mətbuat orqanıdır. Bu qəzet daha çox insan haqları adı altında dövlətlərə hücum platsdarmı rolunda çıxış edir. O baxımdan deməzdim ki, Rusiya ilə bağlı yazı müstəqil media məhsulidur. Təbliğatçı rolunda çıxış edən bir medianın Rusiya ilə bağlı belə yazı ilə çıxış etməsi təəccüblü deyil. Niyə? Ona görə ki, “The Guardian”ın bu davranışları ondan xəbər verir ki, burada istənilən böyük qüvvələr istədiklərini sifariş edə bilərlər. Çox güman ki, Rusiya rəhbərliyi ya özü birbaşa, ya da Qərbdəki emissarları vasitəsilə həmin qəzetə belə bir sifariş verib. Əslində o sifarişli yazı dünya üçün deyil. Çünki dünya nəyin nə olduğunu bilir. Fikrimcə, “The Guardian”ın yazısı daha çox Rusiya daxili auditoriyasına hesablanıb. Çox güman ki, Rusiya hakimiyyəti bununla ölkə daxilində imicini artırmaq istəyir. Cəmiyyət görsün ki, Qərb mediası belə, Rusiyanın sanksiyalardan gücləndiyini etiraf edir və s. Təbii ki, Rusiyanın Ukrayna müharibəsindən güclənmiş şəkildə çıxması barədə deyilənlər nağıldır. Çünki məlum müharibə Rusiyada əhalinin həyat şəraitini daha da pisləşdirir”.
Bu baxımdan media eksperti yazılanların ciddi olmadığı qənaətindədir.
Vidadi ORDAHALLI