“Quyruğu tapdalanmış şir” yenə din qardaşına xəyanət yolunu tutub...

img

Özünü “quyruğu tapdalanmış şirə” bənzədən İran hələ də Ermənistanla sıx işbirliyi içindədir. Bundan başqa, İran Qarabağda qalan ermənilər üçün də dəridən-qabıqdan çıxır. Azərbaycanın İranın Xankəndiyə yük daşımasının qarşısını Gorus-Qafan yolunda praktiki olaraq kəsməsi fonunda Tehran bu dəfə fərqli addımlar atır. Hər halda, erməni sosial şəbəkələrində yayılan məlumatlar da bunu təsdiq edir. Belə ki, sosial şəbəkələrdə İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video yayılıb.

Erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problem və təhlükələrlə üzləşdiyi, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd edir. Yayılan videolardan da aydın görünür ki, İran yük maşınları ard-arda düzülüb və Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 kilometrlik hissəsindən yan keçərək, təhlükəli yola girir. Buradan istifadə edənlər sisternlərdən daha çox, fərqli yük daşıyan TIR-lardır. Həmin yoldan istifadə edən ağır yük maşınları daha tez sıradan çıxır. Eyni zamanda, bu təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib. İran TIR sürücülərinin qəzanı, nəqliyyatın hərəkətində ciddi maneəni nəzərə almaması və daha artıq xərclər çəkməsi müəyyən suallar yaradır.  Əsas ehtimal budur ki, İran TIR-larından bəzilərinin bu yolu seçməsinin səbəbi daşıdıqları yükün gizli qalmasını təmin etməkdir. Yəni İran TIR-ları Ermənistana qadağan edilmiş yüklər daşıyır. Bu da İranın yenə ermənilərin yanında yer aldığını nümayiş etdirir. Xatırladaq ki, Azərbaycan tərəfi hələ keçən ay çoxlu sayda İran yük maşınının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Daha sonra erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn yük maşınınlarının Azərbaycan polisləri tərəfindən saxlanması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi də bu faktı təsdiqləyib və bildirib ki, Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Azərbaycan sektorda keçid məntəqələri qoyub və tranzit yol prinsipi ilə iranlı sürücülərdən keçid haqqı tələb edir. Bundan sonra İranın Azərbaycandakı səfiri Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir neçə dəfə görüşüb. İran səfiri ilə Hikmət Hacıyevin nəyi müzakirə etdiyi məlum deyil, lakin ehtimal edilir ki, görüşdə Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub. Şübhəsiz ki, Azərbaycan İran tərəfinə Ermənistana və Qarabağa daşınan yüklərlə bağlı narazılığını çatdırıb. Lakin son vəziyyət İranın yenə öz din qardaşına xəyanət etdiyini göstərir. İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycanı təhdid edərək “şirin quyruğu ilə oynamayın” deyə məlum çıxışı da bunlar fonunda təsadüf deyil.

Bundan başqa o da diqqət çəkir ki, 30 illik işğal dövründə sərhədin nəzarətsiz hissəsindən istədiyi şəkildə istifadə edən Tehran Arazboyu, yəni Culfa-Aslandüz-Muğan istiqamətində ilk dəfə hərbi təlimlərə başlayıb. İlk baxışdan bu təlimləri İranın suveren ərazilərinin qorunması üçün məşqlər kimi xarakterizə etmək olardı. Amma təlimin keçirilmə vaxtı, İrandan səslənən bəyanatlar bu təlimlərin heç də xoş niyyət daşımadığını ortaya qoyur. Bununla İran Azərbaycana güc nümayiş etdirməyə çalışır. Görünür, diplomatik kanallarla Bakıdan istədiyini ala bilmədiyi üçün təlimlərlə hərbi müstəvidə təsir etməyə çalışır. Halbuki, bunun əhəmiyyətsiz olduğunu İran özü də yaxı bilir. İndi ekspertlər belə bir sual da səsləndirir ki, İran Azərbaycan torpaqları işğal altında olan illərdə çox vurğuladığı müsəlman həmrəyliyi, İslam təəssübkeşliyini rəhbər tutaraq bu əzələ nümayişini Ermənistana qarşı niyə etmədi? Bütün bunlar Tehranın yenə arxaik düşüncədə qaldığını, keçmişə söykənən qısqanclığını nümayiş etdirdiyini göstərir.

Bu, həm də Tehranın Bakıda təmaslarla istədiyinə nail olmadığı, ölkəmizin öz qəti mövqeyindən geri çəkilmədiyi deməkdir. O da faktdır ki, İran həm də Azərbaycan-Türkiyə-Pakistanın keçirdiyi birgə təlimlərdən dərin qorxuya düşüb. Elə Seyid Həsən Amili də bu narahatlığı izhar etdi, Tehranın mövqeyini dilə gətirən hədə dolu açıqlama verdi. Digər tərəfdən Azərbaycanın İsraillə, Türkiyə ilə, Britaniya ilə dərinləşən əməkdaşlığı, bunun fonunda Ermənistanla dövlət sərhədində yeni zolaq yaratmasını da İran həzm edə bilmir. Ekspertlər qeyd edir ki, işğal başa çatdıqdan sonra İranın Cənubi Qafqaza girişi böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşüb. Bura Ermənistana giriş də daxildir. Zəngəzur dəhlizinin açılmasından sonra İranın Qafqaza giriş üçün Azərbaycandan asılılığı daha da artacaq. Bunu həzm edə bilməyən İran Ermənistana və Qarabağdakı separatçılara dəstəyini davam etdirir. Amma bununla Tehran daha çox Qafqazda öz mövqeyinə zərbə vurur. Çünki Azərbaycan olmadan Qafqazda kimsə heç bir nailiyyətə imza ata bilməz. Tehran onu da unutmamalıdır ki, Azərbaycanın Türkiyə, Pakistan kimi strateji müttəfiqləri var, bu münasibətlər hərbi ittifaq yaratmaq səviyyəsinə qədər irəliləyib.  

Nahid SALAYEV

 

 

Son xəbərlər