Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Ümumilikdə, bu fərmanın nə əhəmiyyəti olacaq?
Ramil Hüseynov: “Bölgələrin idarə olunmasında müəyyən bir dinamiklik, çeviklik yaranacaq”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, bunun bir sıra üstünlükləri ola bilər: “Bunun bir əhəmiyyəti odur ki, idarəetmə təkmilləşəcək. Bölgələrin idarə olunmasında müəyyən bir dinamiklik, çeviklik yaranacaq. Zatən, bununla bağlı müəyyən yeniliklərə ehtiyac var idi. Digər tərəfdən, bunun regionların inkişafına, iqtisadi imkanlarının daha səmərəli istifadəsinə fayda verəcəyi güman olunur”.
Sahib Alıyev: “Detallara varmadan deyim ki, fərman həm də geosiyasi mahiyyətlidir”
Millət vəkili Sahib Alıyev hesab edir ki, bununla, bir növ, yeni idarəçiliyin əsası qoyulur: “Fikrimcə, bu fərmanla regionlarda indikindən fərqli, bir tərəfdən daha təmərküzləşmiş, digər tərəfdən isə bələdiyyələrin rolunun qat-qat artacağı yeni bir idarəçiliyin əsası qoyulur. Detallara varmadan deyim ki, fərman həm də geosiyasi mahiyyətlidir. İkinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir”.
Ərşad Hüseynov: “Bu həm də siyasi-hüquqi sənəddir”
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynovun fikrincə, Prezidentin məlum fərmanı ilə iqtisadi rayonların rəsmən təsdiq olunması təkcə iqtisadi-coğrafi əhəmiyyətə malik deyil: “Bu həm də siyasi-hüquqi sənəddir. Ən azından, 2 çox maraqlı və ciddi məqamı qeyd etmək olar: 1.Şərqi Zəngəzur artıq coğrafi yox, həm də inzibati-hüquqi termindir. Bu bizim üçün, sadəcə, tarixi bir vilayətin adı yox, indiki Azərbaycanın bir hissəsidir. Bu həm də o deməkdir ki, Qərbi Zəngəzur da var. 2. İqtisadi rayonlara belə bölgü ölkəmizin inzibati-ərazi quruluşunda və yerli inzibati idarəetməsində gələcək islahatlar üçün zəmin ola bilər. Rayon icra hakimiyyətlərindəki saysız-hesabsız problemlər, mənim fikrimcə, bu inzibati vahidlərin tarixə qovuşdurulmasını diqtə edir. Bəlkə elə bu iqtisadi rayonlar üzrə yeni inzibati vahidlər (vilayət, quberniya, əyalət və ya başqa adla) təsis etməyin də vaxtı çatıb? Bununla RİH-lər də tarixə qovuşar”.
Vidadi ORDAHALLI