Məlum olduğu kimi, iyulun 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyyə olunub.
Paşinyanın Moskvaya səfərindən bir gün əvvəl Ağdamda hərbçimizə atəş açılması maraq doğurur. Bu onu göstərir ki, “Qarabağ klanı” boş dayanmaq istəmir. Burada digər bir məsələ də “Qarabağ klanı”nın Paşinyanı sülh sazişindən çəkindirmək cəhdləri ola bilər. Ola bilsin ki, bu işlər birbaşa Robert Köçəryanın əli ilə törədilir. Bütün hallarda, Ağdamın hədəf kimi seçilməsi təsadüfə oxşamır.
Maraqlıdır, bəs ekspertlər baş verənləri necə dəyərləndirirlər? Paşinyanın Moskva səfərindən bir gün əvvəl Ağdamda atəşkəsin pozulması nə deməkdir?
“Erməni silahlı qüvvələri Qarabağdan tam çıxarılmayınca belə hadisələr baş verəcək”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Paşinyanın səfərindən bir gün əvvəl və sülhməramlıların nəzarət zonasında belə bir təxribatın baş verməsi əsla təsadüfi deyil: “Bunların heç biri təsadüfi deyil. Əvvəla bu gün Ermənistan ordusu praktiki olaraq iflic vəziyyətindədir. Yəni orduda bir sıra problemlər yaşanır. O cümlədən, ordunun idarəetmə sistemində çox ciddi problemlər mövcuddur. Mərkəzləşmiş nəzarət çox zəifdir. Ona görə də bu ordu tərəfindən Azərbaycana yönəlik istənilən təxribat törədilə bilər. Çünki artıq bu ordu vahid mərkəzdən idarə olunmur. Reallıq ondan ibarətdir ki, orduya daimi nəzarət olmayanda mütləq bunun fəsadları özünü göstərir. Çox güman ki, revanşistlərin bu təxribatda əli var. Nəzərə almaq lazımdır ki, “Qarabağ klanı”nın orduda müəyyən dayaqları, təsir imkanları qalmaqdadır. Hesab edirəm ki, bu cür təxribat xarakterli hadisələr yaxın gələcəkdə də davam edəcək. Revanşistlər bununla həm də daxili auditoriyaya özlərini göstərirlər ki, biz də varıq. Ona görə də hesab edirəm ki, bir qədər zamana ehtiyac var. Erməni silahlı qüvvələri Qarabağdan tam çıxarılmayınca belə hadisələr baş verəcək. Baxmayaraq ki, bu kimi təxribatlar onların xeyrinə işləmir. Ancaq nə edəsən ki, erməni xisləti düzələn deyil”.
Hərbi ekspert onu da qeyd etdi ki, biz hər zaman bu cür təxribatlara hazır olmalıyıq.
Vidadi ORDAHALLI