İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.
Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Bu hadisə bir daha sübut edir ki, Qarabağın ərazisində hələ də qanunsuz silahlı erməni birləşmələri mövcuddur. Təbiidir ki, hərbçimizə atəşi rus sülhməramlıları yox, məhz ermənilər açıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu fakt həm rus sülhməramlılarının öz funksiyalarını lazımınca yerinə yetirmədiklərini, həm də erməni separatçı silahlılarının bölgədə mövcudluğunu təsdiqləyir: “Bilirsiniz ki, əldə olunan üçtərəfli razılaşmanın şərtlərindən biri də erməni silahlı birləşmələrinin bölgəni tam tərk etməsidir. Ermənistan bu öhdəliyi öz üzərinə götürüb. Eyni zamanda, Rusiya bu razılaşmanın qarantoru rolunda çıxış edir. Hətta bölgəyə bu məqəsədlə sülhməramlı kontingent də yeridib. İndi onların gözü qabağında erməni yaraqlıları bizim ordumuza atəş açırsa, buna nə ad vermək olar? Ortada konkret fakt varsa, sülhməramlı kontingent konkret addımlar atmalıdır. Həmin silahlı qruplaşmaların tərkislah olunması istiqamətində addımlar atmalıdır. Ya da Azərbaycan tərəfinə şərait yaratmalıdır ki, həmin ərazidə antiterror əməliyyatı keçirsin. Belə hallar davamlı olacaqsa, Azərbaycan sülhməramlıların iradəsini kənara qoyub, öz ərazisində antiterror əməliyyatları həyata keçirə bilər. Müharibənin bitdiyi ilk aylarda biz Hadrut ətrafında analoji əməliyyat həyata keçirdik və 70-ə yaxın erməni diversantını həbs etdik. Hazırda onlar Azərbaycan qanunları qarşısında məhkəmədə cavab verir. Azərbaycan ordusu istənilən zaman belə addımları atmağa qadirdir. Buna bizim həm də hüquqi haqqımız çatır. Yəqin ki, atəşkəsə nəzarət edən Birgə Monitorinq Mərkəzi də ermənilərin bu azğınlığı ilə bağlı lazımi raportu təqdim edəcək. Bir daha qeyd edilməlidir ki, erməni silahlılarının Qarabağ ərazisində mövcudluğu dayanıqlı sülhə təhdiddir”.
Məhəmmədəli QƏRİBLİ