İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, blokda tərəfdaş ölkələr institutu təsis edilsin.
Bu haqda Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb.
Volodin deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək. Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər.
Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq qəbul edilməyib”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.
Onu da qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib. Ancaq hər dəfə Ermənistan tərəfi bəyan edib ki, onlar öz veto haqlarından istifadə edəcəklər. Lakin belə görünür ki, artıq Ermənistan Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə təmsil olunmasına mane ola bilməyəcək.
“KTMT-də müşahidəçilik statusu əldə etməsi taktiki baxımdan Azərbaycanın əleyhinə olmayacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, Rusiya Azərbaycanın KTMT-yə üzv olması üçün bir neçə ildir danışıqlar aparır: “Hətta İkinci Qarabağ müharibəsindən əvvəl Tovuz istiqamətində baş verən döyüşlərdə KTMT neytral qaldı. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu təşkilat öz susqunluğunu qorudu. Həmçinin, Qarabağ müharibəsində Azərbaycan Ermənistan ərazisində raket sistemlərinə zərbə endirəndə də eyni analoji halı KTMT nümayiş etdirdi. Ötən həftə Ermənistanla sərhədlərin demarkasiyasında yaranmış təxribatlar fonunda bu təşkilatın baş katibi Stanislav Zas bunun sərhəd insidenti olduğunu qeyd etdi. Bununla təşkilat növbəti dəfə neytral qaldı. KTMT Rusiyanın nəzarətində olduğu üçün, Moskva Azərbaycan və Ermənistan arasında münaqişədə bu təşkilatı kənar tutaraq, Azərbaycanı bu quruma üzv etmək üçün əlindən gələni edir. Məhz Azərbaycan rəsmi şəkildə KTMT-yə üzv olmayacağını qeyd edib. Ona görə də Moskva yalnız müşahidəçi institutu təsis etmək qərarına gəlib. Azərbaycan bununla Qərblə əlaqələri qoruyub saxlayacaq. Həmçinin, NATO ilə əməkdaşlığı davam etdirəcək. Qeyd edim ki, KTMT-də müşahidəçilik statusu əldə etməsi taktiki baxımdan heç də Azərbaycanın əleyhinə olmayacaq. KTMT-də müşahidəçiliklə Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ləğvini və Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Hətta Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirərsə, KTMT Azərbaycana qarşı mövqe ortaya qoya bilməyəcək. Təbii ki, KTMT-yə tam üzv olmaq Azərbaycanın əleyhinədir. Ermənistan hakimiyyəti bir müddətdən sonra KTMT-dən çıxmağa çalışa bilər”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycanın bu təşkilata üzvlüyü NATO və Qərblə əlaqələrə zərbə vura bilər.
Vidadi ORDAHALLI