Məlum olduğu kimi, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində bir sıra sahələrə dəymiş zərərin aradan qaldırılması ilə bağlı sərəncamlar imzalayıb.
Belə ki, dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılıb. Digər sərəncama görə, təcavüz zamanı mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 5 400 000 manat vəsait ayrılıb. Bundan başqa, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Maliyyə Nazirliyinə 5 200 000 manat vəsait ayrılıb. Ən nəhayət, erməni təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə 1,4 milyon manat vəsait ayrılıb.
Diqqətçəkən məqam odur ki, imzalanan sərəncamlardan irəli gələn məsələlərin həlli ayrı-ayrı qurumlara həvalə olunub. Sözügedən məsələlər yuxarıda sadalanıb. Məsələ ondadır ki, sözügedən ümumi vəsait bir təşkilata ayrılmayıb. Müxtəlif istiqamətlər üzrə vəsait ayrılıb ki, hər bir cavabdeh qurum üzərinə düşən vəzifələri icra etsin. Əslində, sözügedən vəsaitin bir təşkilata ayrılmaması daha məqsədəuyğundur. O mənada ki, bütün vəsait bir qurumun əlində cəmləşəndə onun təyinati üzrə xərclənməsində problemlər olur, şəffaflıq təmin edilmir və s. Nəticədə görülən işlərin ümumi səmərəsi aşağı olacaqdı. O üzdən, həmin vəsaitlər bir quruma ayrılsaydı, kim bilir necə yeyintilər olacaqdı. Ancaq vəsaitin ayrı-ayrı qurumlara ayrılması həmin pulun nisbətən şəffaf və təyinatı üzrə xərclənəcəyinə bir inam yaradır. Həmin qurumların bu baxımdan, bir növ, məsuliyyətini artırır.
Maraqlıdır, bəs ekspertlər bu cür yanaşmanın əhəmiyyətini necə dəyərləndirirlər?
“Bu, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi sahəsində nəzarət və cavabdehlik məsuliyyətinin artırılması deməkdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-alim, professor Əli Əlirzayev də hesab edir ki, dəymiş zərərin aradan qaldırılması ilə bağlı vəsaitin müvafiq qurumlara ayrılması daha düzgün yanaşmadır: “Çünki ərazi, sahə üzrə, funksional vəzifələrinə görə müxtəlif qurumlar var. Nəzərə almaq lazımdır ki, qurumların fəaliyyət dairələri eyni deyil. O üzdən, vəsaitin idarə olunması bir quruma həvalə olunsaydı, problem yaranardı. Monopoliya yaranardı, nəzarət zəif olardı və s. Çünki bu həm funksiya, həm də vəzifə və ixtisaslaşma baxımından müxtəlif çatışmazlıqlara yol aça bilərdi. Ancaq, konkret olaraq, bir vəzifəni həyata keçirmək üçün xüsusi proqram, məqsəd və hədəflər əsasında işləri görmək daha məqsədəuyğundur. Məsələn, kənd təsərrüfatına aid olan işləri digər qurumlar görə bilməz. Bu baxımdan, Prezidentin imzaladığı sərəncamların ümumi məzmunu mühüm əhəmiyyət kəsb edir. Bu, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi sahəsində nəzarət və cavabdehlik məsuliyyətinin artırılması deməkdir. Eyni zamanda, bu, resurslardan daha qənaətlə istifadə edilməsinə öz töhfəsini verəcək. Hər bir qurum öz resurslarına nəzarət edəcək və bununla bağlı ünvanlılıq yaranacaq. Ən başlıcası, cavabdehlik artacaq. Bəlli bir maliyyə şəffaflığı olacaq. Müəyyən bir rəqabət mühiti yaranacaq”.
Professor onu da qeyd etdi ki, bu istiqamətdə görülən işlər sistemli xarakterli olmalıdır.
Vidadi ORDAHALLI