Bildiyimiz kimi, “Media haqqında” yeni qanun qəbul ediləcək. İndiyə qədər mövcud olmayan bir sıra yeniliklərin öz əksini tapdığı “Media haqqında” qanun layihəsinin artıq ilk müzakirələri də keçirilib.
Qəbul ediləcək yeni qanunun əvvəlkilərdən ən böyük üstünlüyü media strukturunun, jurnalistin statusunun müəyyənləşdirilməsidir. Jurnalistikanın, media aləminin əsas terminləri olan jurnalist kimdir, media orqanı, redaksiya nədir, bu kimi anlayışların hüquqi terminologiyasının məzmununun müəyyənləşdirilməsinin əhəmiyyətinin nədən ibarət olacağı qanuni şəkil alacaq. Bildirilir ki, Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi qəbul edildikdən sonra iki qanun qüvvədən düşəcək. Bunlar hazırda qüvvədə olan "Televiziya və radio yayımı haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlardır. “Media haqqında” qanun medianın inkişafında yeni imkanlar deməkdir. Bu imkanlardan istifadə etmək isə media subyektlərinin və jurnalistlərin üzərinə düşən vəzifədir.
Bu qanunun qəbulundan sonra media islahatlarının daha dinamik nəticələrini görəcəyik
Bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib. O qeyd edib ki, əvvəllər “KİV haqqında” Qanun var idi və hazırda da qüvvədədir. Həmçinin, Milli Teleradio Yayımı haqqında Qanun var. İndi bu iki qanun birləşdirilərək “Media haqqında” Qanun adlanacaq. Burada həm çap mediasının (qəzetlər, jurnallar), həm onlayn media, həm də informasiya agentliklərinin fəaliyyəti və audiovizual medianın tərkib hissəsi kimi radio və televiziyaların fəaliyyəti tam əhatə olunacaq, onların fəaliyyət sxemini müəyyənləşdirən bir qanun olacaq: "Bu qanunda Azərbaycanda hər hansı ifadə azadlığına qarşı müddəalar öz əksini tapmayıb. Əksinə, bu qanunun qəbulundan sonra media islahatlarının daha dinamik nəticələrini görəcək, ifadə azadlığının daha da möhkəmlənməsinin şahidi olacağıq”.
N.Məmmədli media sahəsindəki nöqsanlardan da danışıb:
“Media sahəsində nöqsanlar çoxəhatəli bir məsələdir. Uğurlarımıza arxayın olmuruq və səhvlərimizdən nəticə çıxarırıq. Azərbaycan mediası çoxrənglidir”.
Yeni qanun mediada yaranmış bəzi boşluqları aradan qaldırmaq gücündə olacaq
Media ilə bağlı bir sıra məsul şəxslərin açıqlamalarından məlum olur ki, “Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin kifayət qədər müasir sənəd olduğu bildirilir.
“Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur. Qeyd olunur ki, yeni qanun mediada yaranmış bəzi boşluqları aradan qaldırmaq gücündə olacaq. Etiraf etməliyik ki, mediamızda həll edilməyən problemlərin kökü illərə dayanır. İllərdir həll olunmayan və üst-üstə qalaqlanan problemlərin qısa zamanda həlli mümkünsüzdür. Burada vacib olan islahat prosesinin başlanması və hədəfə doğru addımların atılmasıdır. Bu günlərdə müzakirə mövzusuna çevrilən Media Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi medianın yenilənməsi, müasirləşməsi və dövrün tələblərinə uyğun fəaliyyəti üçün əsas məqamlardan biridir.
Jurnalistlərin və media subyektlərinin vahid reyestrinin yaradılmasının yeni qanun layihəsində öz əksini tapdığı bildirilir. Bu məsələdə bir sıra incə məqamların olduğu da deyilir. Qeyd olunur ki, KİV və jurnalistlərin adının vahid reyestrə salınması könüllülük əsasında baş tutacaq. Vahid reyestrə daxil olan media subyektlərində çalışan jurnalistlərə vahid kartın verilməsi də nəzərdə tutulur. Bu o anlama gəlir ki, adı reyestrə daxil edilən media subyektlərinə redaksiyanın təqdim etdiyi vəsiqədən əlavə, vahid jurnalist kartı da təqdim olunacaq. Bunun da jurnalistlər üçün bir sıra üstünlükləri olacaq. Bu kateqoriyadan olan jurnalistlər media üçün qanunverilciliklə nəzərdə tutulan bütün güzəştlərdən istifadə edə biləcək.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi açıqlayıb. Ə.İsmayılov bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri, demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.
Yeni reyestrdə kəmiyyətlə yanaşı, keyfiyyət uçotu da aparılacaq ki…
Təcrübə göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində medianın vahid reyestri var. Düzdür, adları müxtəlif olur. Ölkədə olan bütün KİV-lər haqqında ümumiləşmiş bir məlumat bazası olur. Çox təəssüf ki, uzun illərdir Azərbaycanda bu yoxdur. Sevindirici haldır ki, bu həm qanun layihəsinə daxil edilib, həm də onun mexanizminin yaradılması istiqamətində iş aparılır. Mahiyyəti budur ki, ölkədə olan bütün KİV qurumları haqda vahid məlumat bazası toplanacaq. Hazırda bizdə belə baza yoxdur, hətta pərakəndəlik var. Vahid reyestrin yaradılması media ilə bağlı bir çox layihələrin həyata keçirilməsinə kömək edəcək. Görürük ki, media ilə bağlı hər hansı bir layihə həyata keçirilərkən çoxlu sayda iddiaçı ortaya çıxır. Hətta qeydiyyatdan keçən, lakin fəaliyyət göstərməyən KİV də iddiaçı olur. Yeni reyestrdə, kəmiyyətlə yanaşı, keyfiyyət uçotu da aparılacaq ki, yalnız KİV təsis etməklə media adına iddia etmək mümkün olmasın, yalnız müəyyən edilmiş standartlara uyğunluğun olduğu aydınlaşandan sonra KİV adına, oradakı güzəştlərə iddialar dilə gətirilsin.
Mövcud qanunlar “yeni media”nı əhatə etmir...
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirib ki, indiyə kimi Azərbaycanda informasiya istehsalı və yayımını tənzimləyən qanunların kəmiyyəti çox yüksək olub: “Səthi hesablamalarıma görə, informasiyanın alınması, emalı və yayılmasına birbaşa aidiyyəti olan qanunların sayı təqribən 8, dolayısı ilə aidiyyəti olan qanunların sayı isə təqribən 7-dir, ümumilkdə ən azı 15 mənbə var. Bu qədər mənbəni sona qədər oxumaq, öyrənmək, əxz eləmək, ortadakı məntiqi bağları tutmaq bəzən heç peşəkar KİV işçilərinə də nəsib olmur. Digər yandan, günümüzdə xəbər istehsalçılarının sırası təkcə peşəkarlardan ibarət deyil: vətəndaş jurnalistikası, sosial şəbəkə istifadəçiləri, bir sözlə, “yeni media” təmsiçiləri var. Onlar xəbər standartlarını öyrənmək üçün uzun-uzadı, çoxsaylı qanunları oxumaqda maraqlı görünmürlər. Mənbə bir olmalıdır, anlaşılan olmalıdır, əhatəli olmalıdır. Hər bir xəbər istehsalçısı onu oxuyub nəticə çıxara bilməlidir. Başqa bir məqam odur ki, qanunların kəmiyyət çoxluğu bəzən ortada uzlaşma problemi yaradır, qanunlar ayrı-ayrı məsələlərə yanaşmada biri digərini inkar edir. “Məlumat azadlığı haqqında” qanunla “İnformasiya əldə etmək haqqında” qanun arasındakı münasibətləri bu baxımdan nümunə göstərə bilərik. Yaxud “KİV haqqında” qanunun 7-ci maddəsi ilə “Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsi arasındakı uyğunsuzluq ciddi problemdir. Bu cür nümunələrin sayı çoxdur. Bu durum mövcud qanunlara yenidən baxılması zərurətini yaradır. Mən həmişə tərəfdarı olmuşam ki, informasiya istehsalını tənzimləyən qanunlar təmərküzləşdirilməli və təkmilləşdirilməlidir”.
Ekspert hesab edir ki, kəmiyyətçə yüksək olan mövcud qanunlar “yeni media”nı əhatə etmir: “İnformasiya məkanında böyük paya malik olan “yeni media”nın həm hüquqi tənzimlənməsi, həm də özünütənzimləməsi sahəsində ciddi boşluq var və mövcud qanunlar onları əhatə etmir. Elə media üzrə beynəlxalq monitorinq təşkilatları da qeyd edirlər ki, hazırda internet informasiya resurslarının informasiya təminatındakı payı ənənəvi KİV-lərin payından az deyil, çoxdur. KİV-in internet üzərində strukturlaşan yeni tipləri meydana çıxıb, xəbər portalları, sosial şəbəkələr üzərində qurulan TV-lər yaranıb. Yeni medianın standartları mövcud KİV haqqında qanunda təsbit edilmədiyi üçün hər bir fərd, hər bir yeni media təmsilçisi həmin strukturlaşmanı özünün arzu və istəklərinə, düşüncə və qabiliyyətinə, intellekt səviyyəsinə uyğunlaşdırır. Bu isə xaotik durum yaradır, hər kəsin öz bildiyini etməsi üçün zəmin hazırlayır.
Mən “Media haqqında” yeni qanun layihəsi ilə tanışam, onun ictimai müzakirəsində iştirak etmişəm. Qənaətim budur ki, həmin layihə yuxarıda sadaladığımız və yer məhdudiyyəti baxımından sadalaya bilmədiyimiz bütün boşluqları aradan qaldırır. Bütün növ media quruluşlarının strukturları, xəbər standartları barədə təsəvvür formalaşdırır, hərc-mərcliyi aradan qaldırır. Fikrimcə, layihənin müzakirəsi sürətləndirilməli, qanun tezliklə qəbul edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.