Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas isə növbəti dəfə İrəvanı məyus edib. O, jurnalistlərə verdiyi açıqlamada Ermənistanın Azərbaycanla yaşadığı sərhəd gərginliyinə qarışmayacaqlarını bildirib.
Zas ölkənin cənubunda qalan gərgin vəziyyəti adi sərhəd hadisəsi kimi qiymətləndirib. O bu cür hadisələrin KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına aid edilmədiyini deyib: "Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız üzv ölkələrdən biri təcavüzə, hücuma məruz qaldıqda istifadə olunur. Burada biz əslində sərhəd hadisəsi ilə qarşılaşırıq. Allaha şükür ki, orada itki və atışma yoxdur. Bu bir sərhəd insidentidir, insidenti isə aradan qaldırmaq lazımdır və bunun sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq".
KTMT baş katibi onu da qeyd edib ki, regionda hər hansı bir münaqişənin böyüməsi halı yaşanmır: "Prinsipcə, indi orada vəziyyətin gərginliyə doğru inkişaf etdiyini söyləmək olmaz. Vəziyyət pisə doğru getmir. Bu isə yaxşı haldır və bunun özü artıq bir nəticədir. İrəlidə sərhəd məsələləri ilə bağlı xeyli işlər var. Mübahisəli məsələlərin ancaq müzakirə ilə masa arxasında həll edilməsi lazımdır".
KTMT-nin Ermənistanın daha bir müraciətini rədd etməsinə necə münasibət bildirmək olar?
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan hər zaman KTMT kartından istifadə etməyə çalışıb: “Hətta Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu dönəmlərdə belə, Ermənistan hər vəchlə KTMT-ni prosesə qatmağa çalışıb. 44 günlük müharibədən qabaq Tovuz təxribatı oldu. Onda Ermənistanın başlıca məqsədi, güya Ermənistana müdaxilə var vəziyyəti yaradıb qurumdan hərbi dəstək almaq idi. Ancaq qurum çox obyektiv qərar verdi və prosesə qarışmadı. 44 günlük müharibə dönəmində də belə cəhdlər oldu. İndi də Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bundan yayınmaq üçün yenə KTMT-yə çaşdırıcı müraciətlər edir. Ancaq qurumdan korrekt və obeyektiv mövqe ifadə olunub ki, onlar iki ölkə arasında sərhədin dəqiqləşdirilməsi prosesinə müdaxilə etmir. Bu, texniki bir məsələdir. Hansısa ölkə Ermənistana təcavüz etmir ki, KTMT yardım etsin. Bundan əlavə, Azərbaycanın quruma üzv ölkələrin hər biri ilə ayrılıqda çox yaxın münasibətləri var. Onlar həm də bu səbəbdən bu cür məsələlərə həssaslıqla yanaşır. Azərbaycan bu cür təxribatlara fikir vermir. Biz nəyin gücünə olursa-olsun, Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə məcbur edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ