Azərbaycan özünün erməni diversantları “yükü”nü bir az da yüngülləşdirdi. Həm də qarşılığında daha iki rayonun mina xəritələrini əldə etməklə. Bu xəritələr işğaldan azad olunmuş bölgəmizin sürətli bərpasına və böyük qayıdışın tezləşməsinə təkan verəcək.
Rusiyanın “Vestnik Kavkaza” portalı yazır ki, erməni hərbçilər keçən il 10 noyabr tarixindən sonra diversantlar kimi ələ keçməsəydilər, Ermənistan mina sahələrinin xəritələrini heç vaxt Azərbaycana verməyəcəkdi: “İrəvan üçün bu, məcburi bir durumdur. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, ilk növbədə, daxildə siyasi mövqeyini gücləndirmək üçün belə addım atır. Səbəb, əlbəttə ki, diversantlar probleminin Paşinyan hökuməti üçün kritik xarakter alması ilə bağlıdır. İrəvan bundan sonra da hər şeyi məcburiyyət qarşısında, bəzi faktorların təsiri altında edəcək, nəinki könüllü şəkildə. Bununla belə, dəyişən situasiyanın təsiri altında İrəvanda tədricən belə bir dərk formalaşacaq ki, yalnız sülh, mehriban qonşuluq, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, xoşməramlı addımlar, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin tammiqyaslı fəaliyyətə başlaması Ermənistana inkişaf üçün real iqtisadi bonuslar verə bilər”.
Maraqlıdır, doğrudanmı diversantlar olmasaydı, ermənilər mina xəritələrini verməzdilər? Ekspertlər bunu necə dəyərləndirirlər?
“Ona görə də hər zaman gərək dəmir yumruq bunların başı üzərində olsun”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ermənilər elə bir xəbis məxluqdurlar ki, heç vaxt xoşluqla belə addım atmazdılar: “Bu, tarixən belə olub. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəsdən sonra Ermənistan bir qarış torpağı sülh yolu ilə geri qaytarmadı. 2016-cı ildə 4 günlük müharibə də onlara dərs olmadı. Onlar yalnız zora tebedirlər. 8 noyabrda Şuşa azad ediləndən sonra ordumuz Xankəndiyə yaxınlaşırdı. Ermənilər vəziyyətin son dərəcə kritik olduğunu nəzərə alıb, digər 3 rayonu sülh yolu ilə boşaltmağa razılıq verdilər. Ona görə də hər zaman gərək dəmir yumruq bunların başı üzərində olsun. Əvvəl deyirdilər ki, onlarda mina xəritələri yoxdur. Ümumiyyətlə, bunu danırdılar. 10 noyabrdan sonra, diversantlar yaxalanandan bir neçə ay keçdikdə mina xəritələrinin onlarda olduğunu etiraf etdilər. Paşinyan mina xəritələri ilə bağlı belə addım atmağa məcbur idi. Ona görə ki, diversantların valideynləri ölkə hakimiyyətindən bunu tələb edirdilər. Bu baxımdan, Rusiya mətbuatının dəyərləndirməsi reallığı əks etdirir. Yoxsa, Ermənistan min cür fitnə uydurub mina xəritələrini verməzdi. Fikrimcə, Azərbaycan bizdə qalan erməni diversantları hesabına digər rayonların da mina xəritələrini əldə edəcək”.
Partiya sədri hesab edir ki, ermənilərə yönəlik təzyiqlər artmalıdır.
Vidadi ORDAHALLI