Ötən ilin noyabrından - Qarabağda hərbi əməliyyatların başa çatmasından bəri Ermənistanda davam edən siyasi ziddiyyətlərdə başlıca mövzulardan biri də Azərbaycanda saxlanılan erməni hərbçiləri və onlara qarşı “qeyri-insani rəftar” barədə idi.
O cümlədən, erməni lobbi çevrələri bütün beynəlxalq instansiyalarda, ABŞ Konqresindən tutmuş Fransa senatına, Lüksemburq parlamentindən tutmuş Kanada hökumətinə qədər dünyanın hər yerində “hərbi əsirlər və onlara qarşı antihumanist rəftar” mövzusundan istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırdı.
Nəhayət istintaq tamamlandı və Hadrut ətrafında saxlanılan erməni hərbçiləri qruplar halında məhkəmə önünə çıxarıldılar. Məhkəmə prosesi zamanı məlum oldu ki, təxminən 7 aydır təcridxanada, istintaq altında saxlanılan erməni hərbçilərinin hamısı gümrahdır, onların hər hansı qəddar rəftara məruz qaldıqlarına dəlalət edən heç bir əlamət müşahidə olunmur. Üstəlik, bu ermənilər məhkəmədə sərbəst ifadə verərkən bir dəfə də olsun, həbs müddətində hansısa qəddar rəftara məruz qaldıqlarını dilə gətirmədilər. Diversantların bu vəziyyəti ermənilərin bu yöndə olan təbliğatını alt-üst edən amil kimi qəbul oluna bilərmi?
Milli Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün dövrlərdə olduğu kimi, yenə də erməni təbliğat maşını öz işindədir: “Xüsusilə də erməni diversantların işi ilə bağlı yalanlar uydururlar. Onları hərbi əsirlər kimi qələmə verirlər. Azərbaycanın təhlükəsizlik və ordu qüvvələrinin Hadrut ətrafında tərksilah edib Bakıya gətirdiyi 64 nəfərlik qrupu Ermənistanda dərhal “hərbi əsirlər” adlandırdılar. Əslində isə hüquqi olaraq onlar hərbi əsir sayıla bilməzdi, çünki müharibənin bitməsindən xeyli sonra ələ keçirilmişdilər. Yəni həmin silahlı dəstənin üzvlərini hərbi əsir yox, ancaq terrorçu, diversant adlandırmaq olardı. Azərbaycan hüquq-mühafizə orqanları isə bu şəxslərə qarşı, terrorçuluq - diversiya fəaliyyətləri də daxil olmaqla, konkret ittihamlar üzrə cinayət işi qaldırmışdı. Amma bu mühüm hüquqi məqamı nəzərə almadan Ermənistanda həm hakimiyyət, həm də müxalifət dairələri hər gün Azərbaycanda saxlanılan “hərbi əsirlər” və onlara qarşı “qeyri-insani rəftar” barədə bəyanatlar səsləndirirdilər. Məhkəmə görüntüləri üzə çıxandan sonra həmin yalanlar ifşa edildi. Terror məqsədilə gəldiklərinə baxmayaraq, onların görkəmi ortadadır. Biz ermənilərin Dilqəm və Şahbazla necə rəftar etdiyi barədə də məlumatlıyıq. Arada müqayisəolunmaz fərqlər var. Buna görə də erməni təbliğatının növbəti yalanları bu görüntülərlə tam iflas oldu”.
Məhəmmədəli QƏRİBLİ