Torpaqlarımız işğalda olduğu 28 il müddətində Ermənistan burada dünyada bənzəri olmayan terror aktları törədib. Yalnız insanlarımız deyil, abidələrimiz də erməni vandalizmindən, erməni oğurluğundan və saxtakarlığından əziyyət çəkib.
Qarabağda və ətraf rayonlarda Azərbaycana məxsus tarixi, arxeoloji abidələri, kurqanları, mağaraları hədəfə alan separatçı erməni arxeoloqları, başabəla alimləri burada hər şeyin altını üstünə çeviriblər. Azıxda, Şahbulaqda, Tağlarda və başqa abidələrimizdə apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində əldə etdikləri bütün maddi-mədəni irs nümunələrini ərazilərimizdən çıxardılar.
Bu gün ermənilər özləri etiraf edirlər ki, Azərbaycana məxsus maddi-mədəni irs nümunələri “erməniləşdirilir”.
Uzun illər Ağdamdakı Şahbulaq qalasında və onun ətrafında qanunsuz arxeoloji qazıntı cinayətlərinə başçılıq edən və bu ərazidə uydurma “Tiqranakert” axtaran professor, arxeoloq Hamlet Petrosyan özü erməni mətbuatına açıqlamasında etiraf edib ki, Azərbaycan ərazisindən aparılan eksponatların, maddi-mədəni irs nümunələrinin çox böyük əksəriyyətini İrəvan Dövlət Muzeyinə təhvil verib, onlar hazırda orada saxlanır. Düzdür, Petrosyan qanunsuz olaraq Şahbulaq qalasının altını üstünə çevirən ekspedisiyaya “Tiqranakert ekspedisiyası” adı vermişdi, bu ad altında Azərbaycanın sərvətini daşımaqla məşğul idi.
“Qanunsuz qazıntıların ilk günündən əldə edilən bütün arxeoloji materiallar...”
Tanınmış etnoqraf-tarixçi Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Ermənistan Azərbaycana qarşı mədəni genosid həyata keçirib, irsimizi məhv edib, bizə məxsus alban irsinə isə “sahiblənməyə” çalışıb. Ə.Çingizoğlunun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bütün cinayət aktlarından xəbərdardırlar. Müsahibimizin bildirdiyinə görə, indiyə qədər həmin o mədəni genosidə üzdəniraq H.Petrosyan və onun kimiləri rəhbərlik ediblər. O vurğuladı ki, H.Petrosyan hələ də Kəlbəcərdəki və digər yerlərdəki alban abidələrini “alban irsi” saymır, “erməni irsi” sayır. “Bilirsiniz ki, hələ Ermənistan alimlərinin və xaricdən cəlb edilən muzdlu arxeoloqların, eləcə də qazıntı ilə əlaqədar digər sahələrin mütəxəssislərinin iştirakı ilə Azıx və Şahbulaq qalası başda olmaqla abidələrimizdə qanunsuz qazıntılar aparılıb. Qanunsuz qazıntıların ilk günündən əldə edilən bütün arxeoloji materiallar, arxeofaktlar birbaşa Ermənistana daşınıb, onların bir qismi xarici muzeylərə, kolleksiyaçılara satılıb, böyük bir qismi isə Ermənistanda saxlanıb. Bildiyim qədər, Xankəndi muzeyində də eksponatlar var. Amma böyük hissə İrəvana daşınıb. Petrosyanın etiraflarından görsənir ki, o, Azərbaycan ərazisində aparılan qanunsuz qazıntılardan əldə oluna maddi-mədəni irs nümunələrini İrəvan Dövlət Muzeyinə təhvil verib. Bundan başqa, yadınıza gəlirsə, bir neçə ay bundan əvvəl İrəvanda ermənilər tərəfindən Xudavəng monastırından oğurlanan eksponatların, maddi-mədəni nümunələrin, materialların satış sərgisi keçirildi. Sərgi elan edilən ilk gündən Azərbaycan bu sərginin keçirilməsinin qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət etsə də, faydası olmadı, bu sərgi keçirildi. Həmin sərgidə nümayiş olunan bütün materiallar, maddi-mədəni irs nümunələri Azərbaycana məxsusdur. Amma beynəlxalq təşkilatlar buna heç bir reaksiya vermədilər, əksinə, şərait yaratdılar ki, rəsmi İrəvan bu tədbiri keçirsin və dünyaya öz vandallığını, oğurluğunu bir daha göstərsin. Petrosyanın rəhbərlik etdiyi qanunsuz ekspedisiya zamanı bizə məxsus bütün maddi-mədəni irs nümunələri talandı, Ermənistana aparıldı. Beynəlxalq təşkilatlar bilirlər ki, Ermənistan bizə məxsus maddi-mədəni irs nümunələrinin böyük hissəsini İrəvan Dövlət Muzeyində saxlayır, amma bu ölkənin qarşısına “onları Azərbaycana qaytarın” tələbini qoymur. Ünvan bəlli, aparan bəlli, amma cəzalandıran yoxdur” - deyə Ə.Çingizoğlu qeyd etdi.
İradə SARIYEVA