Məlum olduğu kimi, Ermənistan “Sərhədsiz reportyorlar” təşkilatının sorğusunu cavablandırmaqdan imtina edib. Məsələ ondadır ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov bu ilin iyun ayında Kəlbəcərdə ermənilərin basdırdıqları minanın partlaması nəticəsində həlak olublar. Onlar 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir.
Bununla bağlı Ermənistanın sorğunu cavablandırmaqdan imtina etməsinə “Sərhədsiz reportyorlar” təşkilatı susqunluqla reaksiya verir. Ermənistana yönəlik hansısa tənqidi fikir səsləndirilmir. Ancaq utanmadan Türkiyə və Azərbaycanı mətbuatı sevməyən ölkələr siyahısına daxil edir. Diqqətçəkən məqam həm də odur ki, “Sərhədsiz reportyorlar” Macarıstanın Baş naziri Viktor Orbanı özünün illik “mətbuat azadlığının düşmənləri” siyahısına salıb. Beləliklə, Avropa Birliyindən hökumət başçısı ilk dəfədir bu siyahıya salınır. Niyə Urban? Ona görə ki, Urban Avroittifaq daxilində ən müstəqil siyasət yeridən dövlət xadimidir. Məhz onun müstəqil siyasət yeritməsinə görə onu sözügedən siyahıya daxil ediblər. Göründüyü kimi, “Sərhədsiz reportyorlar” “ənənəsinə” sadiq qalaraq, növbəti dəfə ikili standartlardan çıxış etdi. Bir daha göstərdi ki, təşkilat obyektiv dəyərləndirmədən uzaqdır.
“Əslində, bu, “Sərhədsiz reportyorlar”ın gözdən pərdə asmaq üçün atdığı addım idi”
Məsələyə münasibət bildirən media eksperti, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, bütün bunlar bir daha “Sərhədsiz reportyorlar”ın obyektivlikdən uzaq bir təşkilaat olduğunu ortaya qoydu: “İyunun əvvəllərində Kəlbəcərdə işlək bir yolda 2 həmkarımız və bir dövlət nümayəndəsi minaya düşərək həlak oldu. Bu, elə bir fakt idi ki, nə onu gizlətmək, nə də ona münasibət bildirməkdən qaçmaq mümkün deyildi. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, “Sərhədsiz reportyorlar” təşkilatı jurnalistlərin minaya düşərək həlak olmasını fakt kimi qəbul etməli oldular. Təşkilat məcbur olub Ermənistan dövlətinə bununla bağlı sorğu ünvanlamalı oldu. Əslində, bu, “Sərhədsiz reportyorlar”ın gözdən pərdə asmaq üçün atdığı addım idi. Guya ki, bunlar nəsə edir. Ancaq ciddi olaraq bu məsələnin üzərinə getmədilər. Məsələn, neçə vaxtdır Ermənistan hakimiyyəti həmin sorğunu cavablandırmır. Ancaq bir dəfə də olsun “Sərhədsiz reportyorlar” buna reaksiya verməyib. Buna görə hansısa formada Ermənistan hakimiyyəti tənqid olunmayıb. Bir dəfə deyilməyib ki, Ermənistan dövləti buna görə məsuliyyət daşıyır. Ümumiyyətlə, “Sərhədsiz reportyorlar”la yanaşı, digər bu kimi təşkilatlar da Ermənistanı qınamadılar. Bu yöndə fəaliyyət göstərmək əvəzinə, “Sərhədsiz reportyorlar” Türkiyə, Azərbaycan və Macarıstan dövlət başçılarını müstəqil siyasət yeritdiklərinə görə qaralamaqla məşğuldur. Baş verənlər bir daha təşkilatın nə qədər qərəzli olduğunu ortaya qoyur”.
Media eksperti onu da qeyd etdi ki, “Sərhədsiz reportyorlar” təşkilatı müəyyən dairələrin sifarişi ilə hərəkət edir.
Vidadi ORDAHALLI