Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Ermənistan regionun siyasi-iqtisadi həyatından təcrid vəziyyətindədir. Ölkənin iqtisadiyyatı, demək olar ki, böhran içində çabalayır. Əhalinin sosial durumu gündən-günə ağırlaşır. İnsanlar erməni diasporunun ayırdığı vəsait hesabına yaşayırlar.
Məsələ ondadır ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda ağır məğlubiyyətin acı nəticələri hələ də hiss olunmaqdadır. Ölkədə bahalaşma dalğası, siyasi və sosial problemlər isə özünün pik həddinə çatıb. Əlbəttə, bütün bu acınacaqlı şərait Ermənistanın işğalçı siyasətinin məntiqi nəticəsidir.
Bu arada erməni mediası yazır ki, Dünya Bankının araşdırmasına əsasən, Ermənistan regionun ən geridə qalmış ölkəsinə çevrilir və bu tendensiya institusional xarakter almağa başlayır: “Ermənistanda təhsil yoxsulluğunun səviyyəsi 35 faizdir. Bu o deməkdir ki, 10 yaşı tamam olmamış hər 3-cü şagird səlis şəkildə oxuya və yaşına uyğun müvafiq mətni başa düşə bilməz. Gürcüstanda bu göstərici 25,8 faiz, Azərbaycanda isə 23,3 faizdir. Ermənistanda uşaqların təxminən 7 faizi məktəbə getmir”.
Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda əhalisinin sayı ən az olan ölkə Ermənistandır. Bu ölkədə əhalinin sayı 3 milyon nəfərdir. O baxımdan 3 milyonluq ölkədə təhsil yoxsulluğunun səviyyəsinin 35 faiz olması ciddi rəqəmdir.
“Ermənistanın əsasən regionlarında məktəb infrastrukturu bərbad vəziyyətdədir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Ermənistanda təhsillə bağlı vəziyyətin bu cür acınacaqlı olması təsadüfi deyil: “Bunun başlıca səbəbi ölkənin iqtisadi durumunun yetərincə pis olmasıdır. Ümumiyyətlə, dünyada təhsilin vəziyyəti hər bir ölkənin iqtisadi durumu ilə birbaşa əlaqəlidir. Hansı ölkədə iqtisadi inkişaf aşağıdırsa, yoxsulluq səviyyəsi yüksəkdirsə, orada uşaqların təhsil səviyyəsi aşağı olur. Təhsilin ümumi keyfiyyəti tələblərə cavab vermir. Ermənistanda zaman-zaman miqrasiya müşahidə olunub. Miqrantlar əsasən əmək qabiliyyətli şəxslər olsalar da, müxtəlif vaxtlarda onlar öz ailə üzvlərini də aparırlar. Bu zaman, istər-istəməz, onların uşaqları müəyyən müddət təhsildən kənarda qalırlar. Ən başlıcası, bölgələrdə müəllimlər məvacibin az olmasını əsas gətirərək paytaxta və ya digər şəhərlərə üz tuturlar. Başqa bir tərəfdən, Ermənistanın əsasən regionlarında məktəb infrastrukturu bərbad vəziyyətdədir. Təhsilin keyfiyyətinə mənfi təsir edən səbəblərdən biri də budur. Bütün bunların nəticəsində bir sıra hallarda tədris formal xarakterli olur. Nəticədə şagirdlər səlis şəkildə oxuya və tədris olunan materialı qavraya bilmirlər. O üzdən, bütün sadalanan amillər bir-birilə sıx bağlıdır”.
Ekspert hesab edir ki, Ermənistanda bu cür vəziyyət hələ davam edəcək.
Vidadi ORDAHALLI