Rəsmi statistika Ermənistanda demoqrafik balansın kəskin pozulduğunu göstərir. Ölkədə sosial-iqtisadi vəziyyət mürəkkəbləşdiyindən, ermənilərin xaricə köçü davam edir. Üstəlik, Azərbaycanla yenicə başa çatan müharibənin nəticələri Ermənistanın onsuz da pisləşən demoqrafik vəziyyətini daha da ağırlaşdırıb. Yerli ekspertlərin proqnozuna görə, qarşıdakı illərdə Ermənistanda əhalinin artım tempi daha da aşağı düşəcək.
Erməni mətbuatı yazır ki, müharibənin nəticələri Ermənistanın onsuz da pisləşən demoqrafik vəziyyətini daha da ağırlaşdırıb. Gör, situasiya nə yerə gəlib çatıb ki, ölkə rəhbərliyi vəziyyətdən çıxış yolunu süni mayalandırmanın artırılmasında görür.
Jurnalist Sergey Bablumyan isə deyir ki, süni mayalandırma ilə bağlı “qərar” qüvvəyə mindikdən sonra ağıla gələn ilk sual bu olur: əgər rejim müharibədə öz əsgərlərinin qeydinə qala bilməyibsə, onda süni yollarla övlad dünyaya gətirib onlardan döyüşçü böyütməyin nə mənası var? O daha sonra bunları qeyd edib: “Erməni arvadlarının yenə doğub-törəyəcəyinə ümid etmək çətindir. Bəlkə də doğacaqlar, amma daha nə Qarabağda, nə də Ermənistanda. Hardasa şərdən uzaqda, sakit bir yerdə doğacaqlar”.
Belə görünür ki, erməni ekspertlər də süni mayalanma yolu ilə ölkədəki ağır demoqrafik problemin həllini mümkün saymırlar. Çünki problemin kökləri daha dərin və çoxşaxəlidir.
“Ermənistanda mövcud olan ciddi gender problemlərinə görə erməni qadınlarının 60 faizə yaxını ailə qurmaqdan qorxur”
Məsələyə münasibət bildirən AMİP sədrinin müavini Afsəddin Nəbiyev hesab edir ki, bu kimi metodlarla Ermənistan dərinləşən demoqrafik böhrandan xilas ola bilməyəcək: “ Demoqrafik problemlər və əhalidə yüksək sürətlə qocalma prosesinin getməsi Ermənistanda əvvəllər olduğu kimi, bu gün də ciddi problemlərdən biri olaraq qalır. Demoqrafik vəziyyətə bir sıra amillər - doğulanların və ölənlərin sayı arasındakı nisbət, miqrasiya və s. təsir göstərir. Sadaladığım amillərin hər biri Ermənistan cəmiyyəti üçün xarakterikdir. Doğulanlar az, eyni zamanda, ölkəni tərk edənlərin sayı da çox. Ermənistanda mövcud olan bu problemi düz 20 ildir bütün beynəlxalq təşkilatlar gündəmdə saxlayırlar. Ermənistanda ciddi problemlərdən biri də gender problemidir. Tədqiqatların nəticələrinə görə, ölkədə mövcud olan ciddi gender problemlərinə görə erməni qadınlarının 60 faizə yaxını ailə qurmaqdan qorxur. Bu isə təbii azalmanın əsas göstəricisidir. Əgər 44 günlük müharibəni də bu prosesin üzərinə əlavə etsək, mənzərəni aydın şəkildə təsəvvür edə bilərik. Süni mayalanmanın Ermənistanda müzakirələrə yol açması onların düşdüyü ağır vəziyyətin həqiqi göstəricisidir. Ermənistanda ağır iqtisadi durum, sosial gərginlik, demokrafik problemlərin pik həddə olmasına baxmayaraq, hələ də revanşizm çağırışlarının olması bir daha onu göstərir ki, erməni dövləti bir çox böyük dövlətin əlində maşa kimi istifadə olunur. Əgər praqmatik düşüncəyə sahib olan siyasi liderlər ortaya çıxmasa, Ermənistanda nəinki demoqrafik problem qalacaq, ümumiyyətlə, onların dövlət kimi mövcudluğu sual altında olacaq. Süni mayalanma üsulu ilə əhalinin azalmasını önləmək mümkün deyil”.
Sədr müavini hesab edir ki, bu problem yalnız Ermənistanın qonşu dövlətlərlə normal siyasi və iqtisadi münasibətlər qurduğu halda öz həllini tapa bilər.
Vidadi ORDAHALLI