Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələri ilə bir səviyyəyə qoyula bilən ordu qurulması, onun müasir və perspektivli texnika ilə təchiz edilməsi ehtimalı çox illüziya (xəyalpərəst) görünür. Bu barədə “Gazeta.Ru”nun materialında deyilir:
“Dağlıq Qarabağın silahlı dəstələrinə (birləşmələrinə) gəldikdə isə, onlar heç vaxt, bütün istəklərinə baxmayaraq, yarıpartizan dəstələri sırasından kənara çıxmayacaqlar. Unutmaq olmaz ki, Dağlıq Qarabağ hüquqi (qanuni) olaraq Azərbaycanın bir hissəsidir, dövlətin sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınır və mübahisələndirilmir. Hərbi-strateji vəziyyətin inkişafının istənilən ssenarisində hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılacaq”.
Rusiyanın nüfuzlu nəşrinin bu iddialarını nə dərəcədə əsaslı sayaq olar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu iddialar tam reallığı əks etdirir: “Çünki Ermənistanın hazırda Qarabağın ərazisində ordu formalaşdırmaq cəhdləri alınan deyil. Biz 44 günlük müharibə dönəmində də gördük ki, onların Qarabağa topladığı qüvvəyə heç ordu da demək olmazdı. Effektiv texnikanın olmadığı özünü büruzə verdi. Bundan sonrakı dönəmdə Ermənistan heç öz daxilində ordunu formalaşdıra bilməyəcək. Çünki müharibə dönəmində onlar ciddi itkilər veriblər. Yenidən nizami ordunun formalaşdırılması üçün onlara uzun illər lazımdır. Rusiya nəşrinin təqdim etdiyi məqamlar tam doğrudur. Bunu düşünmək doğrudan da xəyala bənzəyir. Ermənilər mahiyyət etibarı ilə xəyalpərəst xalqdırlar. Ancaq sonda məğlub duruma düşəndə uzun illər özlərinə gələ bilmirlər. Onların taleyində bir neçə dəfə belə hadisələr olub. 44 günlük müharibə isə onlara əsl tarixi dərs sayıla bilər. Qarabağda onların heç bir üstünlüyü qalmayıb. Çünki bütün starteji yüksəkliklər bizim əlimizdədir. Ordu quruculuğu qısa müddətdə həyata keçirilə bilməz. Bunun üçün onilliklər lazımdır. Burada iqtisadi məqamların da rolu mühümdür. Maliyyə imkanları olmadan ordu formalaşdırmaq qeyri-mümkündür. Azərbaycanın özü ordusunu uzun müddət ərzində formalaşdırdı”.
Ekspertin sözlərinə görə, ermənilərin Qarabağda istənilən cəhdi ilə bağlı atılacaq cavab addımları daha sərt olacaq: “Bu məsələdə beynəlxalq hüquq da bizim yanımızdadır. Rusiya nəşri çox doğru qeyd edir ki, bizim öz ərazimiz daxilində istənilən antiterror əməliyyatlarını keçirməyə hüququmuz var. Yaxşı olar ki, ermənilər bu aşkar reallıqları dərk edib, Azərbaycanın vətəndaşları kimi qanunlarımıza tabe olsunlar”.
Məhəmmədəli QƏRİBLİ