44 günlük müharibədən sonra tarixi zəfərə imza atan Azərbaycan üçün indi əsas məqam Dağlıq Qarabağda ermənilərin müvəqqəti nəzarətində qalan ərazilər üzərində də suveren hüquqlarını reallaşdırmaqdır. Söhbət Xocalı, Xankəndi, Xocavənd və Ağdərədən gedir. Burada, əslində, Azərbaycanın nəzarətinin bərpa edilməsi istiqamətində müvafiq addımlar atılır.
Məsələn, Ermənistan özünün hava hücumundan müdafiə sistemlərini Xankəndidən çıxarır. Əsasən, “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılıb. Ümumilikdə Azərbaycan ərazilərində qalan Ermənistan hərbi texnikası yaxın yezlikdə tam çıxarılacaq. Bu da Azərbaycanın qalan ərazilər üzərində nəzarəti tezləşdirməsinə şərait yaradır.
Bakı istədiyinə nail olur
İndi Ermənistanda da çoxsaylı etiraflar səslənir ki, Azərbaycan Qarabağ məsələsində istəyinə tam nail olmaq üzrədir. Ermənistan hərbi texnikasının Azərbaycan ərazilərindən çıxarılması da bunun təsdiqidir. Qeyd edək ki, elə bu günlərdə də Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan maraqlı açıqlama ilə çıxış edərək, Qarabağda “erməni ordusu”nun dağıdılacağı və onun əvəzində formal “milis”, qvardiyası yaradılacağı haqda məlumat yaymışdı. Minasyanın dediklərindən sonra Ermənistanda müxtəlif siyasi qüvvələrə yaxın internet kanalları və sosial şəbəkələrdəki səhifələrdə də müəyyən məlumatlar paylaşılmaqdadır. Yayımlanan məlumatlarda Qarabağdakı silahlı dəstələrin ləğvi ilə bərabər, Ermənistanın daha bir neçə “güzəştə gedəcəyi” bildirilib. “Teleqram” şəbəkəsindəki ermənilərin məşhur “Hay Wave” kanalı sosial şəbəkələrdə gedən bu tip informasiyaları toplayaraq, Qarabağla bağlı atılacaq addımlarla əlaqədar özünün yekun proqnozunu təqdim edib. Kanalda bu xüsusda qeyd edilir ki, artıq Qarabağda erməni ordusu olmayacaq. “Vkontakte” sosial şəbəkəsindəki “Qərbi Ermənistan Respublikası” səhifəsi isə Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyana Moskvada ağır şərtlər səsləndirildiyini bildirib: “Moskvada Araik Arutyunyana daha ağır şərtlər səsləndirilib. Bu şərtlərlə artıq Nikol Paşinyan razıdır. Onların mahiyyəti belədir: 1) Qarabağdakı müntəzəm “erməni ordusu” tam dağıdılır və yalnız bundan sonra Azərbaycan əsirləri (dekabrda ələ keçirilən terrorçular nəzərdə tutulur) geri qaytarır; 2) Qarabağa 40 min, o cümlədən Xankəndiyə 12 min azərbaycanlı yerləşdirilir. Bununla belə, erməni əhalinin Şuşa, Hadruta geri dönməsi haqqında heç nə deyilməyib; 3) Ermənistan məmurları Dağlıq Qarabağa Bakıdan rəsmi icazə aldıqdan sonra gedə bilərlər”. Hesab edilir ki, erməni tərəfinin bütün bunlarla razılaşmaqdan başqa çarəsi də yoxdur. Bununla razlaşmayanlar Nikol Paşinyanı 44 günlük müharibə başa çatandan sonra devirməyə çalışsalar da, hansısa nəticə əldə edə bilməyib. Rus ekspert Vadim Dubnov bunu obyektiv səbəblərlə əlaqələndirir: “Əlbəttə, Ermənistanda müxalifət zəifdir, o, ümumi narazılıq və hətta məğlubiyyət fonunda ortaq bir gündəm qura bilmədi. Ötən ilin noyabrında həqiqətən elə görünürdü ki, Paşinyan müqavimət göstərə bilməyəcək. Amma müxalifət hər şeyin artıq həll olunduğunu düşünərək xüsusi bir fəaliyyət göstərmədi və yanıldı. Sadəcə, bəzi gizli qaynaqlar cəlb edildi və məğlubiyyət mövzusu, Ermənistan rəhbərliyinin sistem səhvləri “xəyanət”, “cəbhədə səhv davranış” və “mövqelərin təslim edilməsi” mövzusu ilə əvəz olundu”. Dubnov qeyd edir ki, Ermənistanda hər kəsə vəd olunan qələbə gözlənilirdi, həmçinin müharibənin başlanmasına qətiyyətlə qarşı olanlarla “yenilməz Ermənistanın” müharibədə qələbəsinin sözsüzlüyünü iddia edənlər arasında polemikalar yaşandı: “Küçələrə Ermənistan baş nazirini xəyanətdə günahlandıranlar axışırdı. Ancaq əksəriyyət buna dəstək vermədi, çünki anlayırdılar ki, müharibənin davam etməsi yeni qurbanlar, yeni itkilər deməkdir. Beləliklə, Paşinyanın müharibədən əvvəl buraxdığı səhvlərə baxmayaraq, cəmiyyətin əhəmiyyətli bir hissəsi hərbi fəaliyyətlərin dayandırılmasına razılaşdığı üçün ona minnətdardır. Bax, burada müxalifət yanıldı”. Bu səbəbdən ekspert hesab edir ki, Qarabağ məsələsinin tam həlli üçün İrəvanın Bakının şərtləri ilə razılaşmaqdan başqa çarəsi yoxdur.
Azərbaycanla normal münasibətlər Ermənistanın yeganə xilas yoludur
Son 30 ildə Ermənistanın böyük fəlakətlər girdabında çabalamasının əsas səbəbi onun işğal siyasəti ilə birbaşa bağlı olub. Amma Azərbaycan artıq bu siyasətə son verib və Ermənistanla normal münasibətlər qurulmasında maraqlı tərəf kimi çıxış edir. Ekspertlər qeyd edir ki, əks mövqe sərgiləyəcəyi halda Ermənistan özünü yeni fəlakətə düçar edəcək. Bunu rus hərbi ekspert İqor Korotçenko da xüsusi olaraq vurğulayır: “Ermənistan bu gün ağır maliyyə-iqtisadi vəziyyətdədir, iqtisadiyyat, demək olar ki, yoxdur, bütün sahələr bərbad edilib. Dövlət borcu çox böyükdür, faktiki olaraq, defolt ərəfəsindəki vəziyyətdən söhbət gedir. Belə şəraitdə Ermənistan üçün yeganə çıxış yolu – Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri, Rusiya ilə məsuliyyətli müttəfiqlik münasibətləri, regional iqtisadi və nəqliyyat layihələrində iştirakdır. İşğalçı siyasəti ilə özünü belə vəziyyətə salan İrəvanın bu vəziyyətdən başqa çıxış yolu yoxdur”.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz da məsələyə eyni prizmadan yanaşır. Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsinin bölgədəki geosiyasi vəziyyəti kökündən dəyişdiyini diqqətə çatdıran general Yücel Karauz bildirib: “Noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl etmək Ermənistanın dövlət səviyyəsində üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlikdən boyun qaçırmaq, yaxud əldə olunan razılaşmanı bu və ya digər formada pozmaq cəhdi yolverilməzdir. Ümumiyyətlə, mənfi çağırışların və onun yaratdığı risqlərin məsuliyyətini Ermənistan dövləti daşıyır. Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin funksiyası sadəcə bölgədəki prosesləri müşahidə etməklə yekunlaşmır. Əldə olunan informasiyalarda əksini tapan risqlərin dərhal aradan qaldırılması mərkəzin fəaliyyətinin əsasını təşkil edir. Xüsusilə bölgədə mənfi hal yaradan fəaliyyətlər, terror cəhdləri, qanunsuz silahlı şəxslərin hərəkəti, Azərbaycanın suverenliyinə xələl gətirən bütün məqamlar yolverilməzdir. Bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün qısa zamanda konkret addımlar atılacaq”. Ermənistanın təcavüzkar siyasəti ucbatından uzun illərdən bəri bölgədə qapalı qalan nəqliyyat dəhlizlərinin açılmasını tarixi hadisə kimi dəyərləndirən general Yücel Karauz qeyd edir: “Bölgədə altıtərəfli əməkdaşlıq, siyasi və diplomatik müstəvidə yeni münasibətlərə dair çağırışlar bütün Qafqaza sülh və inkişaf vəd edir. Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər onun qurtuluşunun yeganə yoludur”.
Revanşistlər iflasa məhkumdur...
Hazırda Ermənistanda müəyyən qüvvələr, o cümlədən “Qarabağ klanı” revanşist mövqe sərgiləyərək sülh prosesinə ciddi zərbə vurmağa hazırlaşır. Ermənistanın eks-prezidenti Robert Köçəryan bu fonda daha çox fəallaşmağa başlayıb. O, Paşinyan hakimiyyətini məğlubiyyətdə günahlandırır. Köçəryan bəyan edir ki, müxalifətlə koordinasiyalı şəkildə Paşinyana qarşı mübarizə aparacaq, onu hakimiyyətdən devirəcəklər.
"Qraparak" qəzeti bu fonda yazır ki, Robert Köçəryan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla birlikdə 17 müxalif partiyanın birləşdiyi "Vətənin xilası Hərəkatı"nda təmsil olunan bəzi qüvvələrin liderləri ilə görüş keçirib. Görüş müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirilib. Orada Manukyanla yanaşı, Vətən Partiyasının sədri Artur Vanetsyan, "Çiçəklənən Ermənistan"ın lideri Qagik Tsarukyan və "Daşnaksütyun"un ali orqanının nümayəndəsi İşxan Saqatelyan da iştirak edib. Onlar Ermənistandakı həssas situasiyadan istifadə edərək Paşinyanı devirmək, Azərbaycanla savaşı yeniləmık istəyir. Bu qüvvələr nəzərə almır ki, cəmiyyət sosial qayğıların, pandemiyanın ağır zərərləri ilə üz-üzədir. Digər yandan isə övladlarını Qarabağda itirmiş erməni ailələri hazırkı dövlət rəhbərliyinə aqressiya sərgiləyir. Minlərlə erməni gəncinin ölümünə səbəb olan məğlubiyyətli müharibə erməni cəmiyyətində ağır psixoloji durum yaradıb. Müxalifət isə ölkənin hazırki durumuna görə Paşinyanı ittiham edir. Bu fonda cinayətkar Köçəryan-Sarkisyan klanı hakimiyyəti ələ keçirmək üçün revanşist planları işə salır.
Lakin ekspertlər qeyd edir ki, bu hal Ermənistanı fəlakətə sürükləyəcək. Rusiyalı politoloq və hərbi ekspert Aleksandr Perenciyev bu xüsusda bildirir: “Erməni millətçiləri və qisasçıları öz xalqının faydasını fikirləşmir. Azərbaycana əllərindən gələn pislik etməyə çalışaraq ermənilərə də ziyan vurur, onlara əzab-əziyyət gətirirlər. Onlar qisasçılıq məqsədlərini icra müstəvisinə keçirirlər. Ermənistan tərəfi sülhün bərqərar olmasına, iqtisadi və təsərrüfat işlərinin qurulmasına mane olmağa çalışır. Əsasən iqtisadi sahədə uduzacaqlarını başa düşən millətçi və qisasçılar bundan daha da qıcıqlanaraq münaqişəni yenidən qızışdırmağa çalışırlar”. Lakin belə qüvvələrin iflası qaçılmazdır. Çünki Ermənistanda bu qüvvələrə ciddi dəstək yoxdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.