Tanınmış erməni politoloq Suren Sarkisyan ölkə mediasına verdiyi açıqlamada qeyd edib ki, son 2,5-3 il ərzində xarici siyasət sahəsində hakimiyyətin bir sıra ciddi səhvləri nəticəsində Ermənistanla Çinin strateji əlaqələri iflasa uğradı.
Onun sözlərinə görə, Ermənistanın Çinlə münasibətləri həmişə yüksək səviyyədə olub. Hər iki tərəf dəfələrlə müxtəlif beynəlxalq məsələlərdə mövqelərin oxşarlığını vurğulayıblar. “Bu, həqiqətən ciddi və müstəsna bir fakt idi. Təəssüf ki, Ermənistan hakimiyyətinin bir sıra ciddi səhvləri nəticəsində Pekinin bizə münasibəti dəyişdi. Təsdiq üçün aşağıdakı faktlara fikir vermək lazımdır.
1.2019-cu ilin mayında baş nazir Paşinyan Çinə səfər etdi. Yüksək səviyyəli görüşlər zamanı “Yol və Zona” hissəsi də daxil olmaqla bir sıra razılaşmalar əldə edildi. Lakin hökumətin səbatsızlığı və məsuliyyətsizliyi səbəbindən onlar yerinə yetirilmədi. Çin tərəfi də, təbii ki, bundan özü üçün müəyyən nəticə çıxardı.
2.2019-cu ildə Tayvanın iqtisadiyyat naziri Ermənistana səfər etdi. Bu arada Çinlə bir bəyannaməmiz var, ona görə Ermənistan Tayvanla heç bir rəsmi əlaqə qurmayacağına dair söz verdi. Aydındır ki, təkziblər, izahatlar, and içmələr oldu. Lakin Çin tərəfi artıq nəticə çıxarmışdı.
3.2019-cu ildə Ermənistan Beynəlxalq Dini Azadlıq İttifaqına qatıldı. Bu hərəkət Donald Tramp administrasiyasının gizlətmədiyi dərəcədə Çin əleyhinədir. Bununla da İrəvan ikinci böyük yanlış addımını atdı və Çin tərəfi hər şeyə son verdi.
Bütün bunlardan sonra Çinin BMT Təhlükəsizlik Şurasında tutduğu mövqeyə təəccüblənmək lazımdırmı?”.
Görünən odur ki, Çinin Ermənistandan olan gözləntiləri özünü doğrultmadı. Bunun da məhz Paşinyanın hakimiyyətə gəlməsindən sonra baş verməsi maraq doğurur.
“Paşinyanın maraq göstərməməsi səbəbindən Çinlə imzalanan bəzi anlaşmalar kağız üzərində qaldı”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Ermənistan-Çin münasibətlərində müşahidə edilən bu cür vəziyyət bir sıra mətləblərdən xəbər verir: “O həqiqətdir ki, bir vaxtlar Çin Ermənistanla münasibətlərə xüsusi önəm verib. Bunun bir səbəbi Türkiyə amili olub. Məsələ ondadır ki, Çin Türkiyənin Orta Asiyada artan rolundan o qədər də məmnun deyil. Türkiyəni öz iqtisadi maraqları üçün ciddi rəqib hesab edir. Burada siyasi faktorlar da var. Ona görə də Çin Ermənistanla olan əlaqələrə xüsusi önəm verib. Baxmayaraq ki, Ermənistan Cənubi Qafqazda xüsusi strateji mövqeyə malik deyildi, açıq dənizə çıxışı yox idi, amma Pekin üçün Türkiyə amilinə görə cəlbedici idi. Bunun nəticəsi idi ki, Çin kimi böyük dövlət Ermənistanda çox böyük səfirlik binası tikdi. Çinin Ermənistanda olan səfirlik binası digər ölkələrlə müqayisədə çox böyükdür. Ancaq 2018-ci ildə Qərbin layihəsinə uyğun olaraq, Ermənistanda “məxməri inqilab” baş verdi. Paşinyan baş nazir olandan sonra Çinlə olan münasibətlər əvvəlki dinamikliyini itirməyə başladı. Bunda Qərbin də müəyyən rolu var. Nəzərə almaq lazımdır ki, Çin Ermənistanla münasibətləri genişləndirəndə hakimiyyətdə Rusiyaya yaxın qüvvələr idi. Ən azından, Ermənistanda hakimiyyətdə Qərbpərəstlərin olmaması Çinin maraqlarına uyğun idi. Lakin məlum səbəblərdən Ermənistanda hakimiyyətin dəyişməsi Çinlə olan münasibətlərə də öz təsirini göstərdi. Tayvan məsələsinin Pekin üçün necə həssas olmasına rəğmən, Ermənistan rəhbərliyi Tayvanla müəyyən əlaqələr qurdu. Bununla belə, Paşinyanın maraq göstərməməsi səbəbindən Çinlə imzalanan bəzi anlaşmalar kağız üzərində qaldı”.
Siyasi ekspert hesab edir ki, bütün bunlar, nəticə etibarilə, Ermənistan-Çin münasibətlərinin zəifləməsinə gətirib çıxardı.
Vidadi ORDAHALLI