Türkiyə Rusiya üçün vacib tərəfdaşdır, Azərbaycanla çox yaxındır və bu amilləri nəzərə almamaq olmaz. Məlum olduğu kimi, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu şərh edərkən deyib.
Sözügedən məsələ ilə bağlı açıqlamasında Medvedyev bildirib ki, iki ölkə prezidentləri arasında məhsuldar dialoq mövcuddur: “Daha əvvəl vəziyyətə ümumi nəzarət məqsədilə birgə mərkəzin yaradılması barədə qərar verilib. Amma mən bütün bunları hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim. Sadəcə, biz regionumuzda mövcud olan reallıqları nəzərə almalıyıq. Reallıqlar isə ondan ibarətdir ki, bu gün bu məsələ türkiyəli tərəfdaşlarımızla müzakirə olunmalıdır”.
Görünən odur ki, Rusiyanın keçmiş prezidenti Moskva və Ankaranın Qarabağdakı əməkdaşlığını uzunmüddətli siyasətin elementi hesab etmir.
Maraqlıdır, Medvedyev “bütün bunları hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim” deməklə nə demək istəyir? Yəni bu, Türkiyə ilə uzunmüddətli münasibət deyil? Ekspertlər bunu necə şərh edirlər?
“Medvedyev bununla demək istədi ki, iki ölkə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsində olmayacaq”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Medvedyevin bu yanaşması sıradan bir açıqlama deyil: “Əvvəla Dmitri Medvedyev Rusiyanın prezidenti olub. O, Rusiyanın milli xəttini, istiqamətlərini çox yaxşı bilir. Bir vaxtlar Zahid Oruc deyirdi ki, Rusiya-Türkiyə-Azərbaycan ittifaqı qurulmalıdır. Medvedyev isə bu açıqlaması ilə, bir növ, eyham vurdu ki, belə bir ittifaqın qurulması mümkün deyil. Yəni uzunmüddətli strateji əməkdaşlıq niyyətləri yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya ilə Türkiyə müəyyən məsələlərdə əməkdaşlıq edə bilər, amma bu, strateji məqsəd daşıya bilməz. Rusiya bunu onunla əlaqələndirir ki, hərbi baxımdan Türkiyə NATO-da təmsil olunur. Yəni perspektiv üçün Rusiya və Türkiyənin ayrı-ayrı məqsədləri var. Ancaq Rusiya ilə Türkiyə qonşu dövlətlərdir. Müəyyən məsələlərdə bu dövlətlərin mənafeləri üst-üstə düşür. Mənafelərin üst-üstə düşdüyü məsələlərdə iki ölkə əməkdaşlıq edə bilər. Ancaq bu, digər məsələlərə aid deyil. Medvedyev bununla demək istədi ki, Rusiya-Türkiyə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsində olmayacaq. Bir növ, buna eyham vurdı”.
Partiya sədri hesab edir ki, Medvedyevin açıqlamasını bu cür dəyərləndirmək doğru olar.
Vidadi ORDAHALLI