Xəbər verildiyi kimi, Azərbaycanla Türkiyə arasında yeni Anlaşma Memorandumu təsdiq edilib. Belə ki, Milli Məclisin yaz sessiyasının keçirilən ilk iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Millət vəkilləri çıxış edərək memorandumun əhəmiyyətindən danışıb və sənədin təsdiq edilməsinin iki qardaş ölkə arasında media sahəsində əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qədim tarixi ənənələrə malik Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluğa, ənənəvi qardaşlığa söykənən möhkəm təməllər üzərində qurulub. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikri Türkiyə-Azərbaycan münasibətlərinin tarixini, bu gününü və gələcək konturlarını özündə ehtiva edən ən mükəmməl formuldur.
Bütün bu deyilənlərlə yanaşı, iki ölkə arasında media sahəsində əməkdaşlığın qanuniləşdirilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Bunun sayəsində Azərbaycanın əlində əlavə nəhəng media imkanları yaranacaq”
Məsələyə münasibət bildirən media sahəsi üzrə ekspert Azər Həsrətin sözlərinə görə, iki ölkə arasında media sahəsində əməkdaşlığın qanuniləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Əvvəla Azərbaycanla Türkiyə arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədədir. Bu iki dövlət bir-birilə o qədər yaxın və mehribandırlar ki, dünyanın heç bir ölkələri arasında bu cür münasibətlər mövcud deyil. O baxımdan da KİV, Azərbaycanla Türkiyə dövləti arasında münasibətlər yüksək səviyyədədir. Ümumiyyətlə, iki ölkənin KİV-i arasında münasibətlərin qanuniləşdirilməsi və bunun konkret bir platforma əsasında qurulması sevindiricidir. Ona görə ki, bunun sayəsində iki ölkənin mediası arasında pərakəndəlik aradan qalxacaq. İkinci bir tərəfdən, Azərbaycan üçün Türkiyə mediası kimi nəhəng bir sferada hərəkət etmək imkanları yaranacaq. Üçüncü bir tərəfdən, Türkiyə Azərbaycan mediasının imkanlarından istifadə edəcək. Yəni bizim sözümüzü dünyaya çatdırmaq baxımından yeni bir səhifə açılacaq. Xüsusən də nəzərə almalıyıq ki, Türkiyə mediası xarici dillərdə yayıma da çox üstünlük verir. Türkiyənin ayrı-ayrı telekanalları ingilis dili başda olmaqla müxtəlif dillərdə yayım həyata keçirirlər. Eyni zamanda, informasiya agentlikləri və qəzetlər bu siyasəti həyata keçirir. O baxımdan, sözügedən platformanın imkanlarından yararlanmaq Azərbaycanın xeyrinə olacaq. Çünki bunun sayəsində Azərbaycanın əlində əlavə nəhəng media imkanları yaranacaq. Həmçinin, media sahəsində pərakəndə münasibətlər aradan qaldırılacaq və düzənli şəkildə yüksək səviyyədə həyata keçiriləcək. Üstəlik, Türkiyə dövlətinin media siyasəti Azərbaycan üzərindən Orta Asiya da daxil olmaqla digər türk coğrafiyalarına geniş bir şəkildə nüfuz edə biləcək”.
Ekspert onu da qeyd etdi ki, sözügedən platformanın həyata keçirilməsi hər iki xalq, dövlət üçün faydalı olmaqla yanaşı, gələcəkdə Türk dünyası üçün də kifayət qədər faydalı olacaq.
Vidadi ORDAHALLI