Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bəzi inkişaf etmiş ölkələrin vaksinlə bağlı antihumanist siyasət yürütdüyündən danışıb.
Ölkə başçısı bilidirib ki, inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, başqa ölkələr nə fikirləşməlidir? Dövlət başçısı daha sonra bildirib ki, Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır: “Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni bu çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bugünə qədər bu çağırışları eşitməmişəm. Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər".
Ölkə başçısının aşkarladığı bu ədalətsizliklə bağlı ekspertlər nə düşünür? Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu məsələ ilə bağlı iradını o da dinləyib: “Təbiidir ki, ölkə başçısı dəqiqləşdirilməmiş faktlardan danışmaz. Əgər belədirsə, onda vəziyyət çox acınacaqlıdır. Kanada kimi ölkə öz əhalisinin sayından iki dəfə artıq vaksin alırsa, burada iki hədəfin üzərində dayanmalı oluram. Birincisi budur ki, koronavirusla bağlı vaksinləşmə iki mərhələdə həyata keçirilir. 21 gün sonra təkrar vaksinasiya prosesi aparılır. Ola bilər ki, inkişaf etmiş ölkələr hər iki mərhələ üçün vaksini birdən almaq yolunu tutublar. İkinci variant isə bundan ibarətdir ki, humanitar məqsəd üçün nəzərdə tutula bilər. Amma bu məsələdə dünyadakı sosial ədalət prinsipi pozulur. Hər halda, inkişaf etmiş ölkələr arasında yaranan qalmaqal heç də humanitar məqsədə bənzəmir. İnkişaf etmiş ölkələr bu məsələdə ədalətli davranış ortaya qoymalıdırlar. Ölkə başçısı çox doğru olaraq qeyd etdi ki, bəzi kasıb ölkələrin aqibəti necə olacaq? Başqa bir variant üzərində düşünə bilmirəm. Çünki vaksinin ardı istehsal olunursa, nədən bəzi ölkələr ehtiyaclarından da artıq vaksin alsınlar? İstənilən halda sosial ədalət prinsipi gözlənilməlidir. Ehtiyacdan artıq vaksinin əldə olunasını doğru addım saymıram”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycanın bu cür bəşəri çağırışa imza atması çox sevindirici haldır.
Məhəmmədəli QƏRİBLİ