Məlumat verildiyi kimi, Azərbaycanın Ermənistanla dövlət sərhədində düşmənin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bu xüsusda yaydığı məlumatda bildirib ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub. Erməni tərəfi bunu təkzib etsə də, düşmən tərəfdən təxribat törədilməsi reallıqdır. Bu da indiki vaxtda həssas məqamlardan biri sayılır. İlk növbədə o baxımdan ki, baş verənlər Azərbaycan və Ermənistan arasında kövrək sülhə ciddi zərbədir.
Belə vəziyyət isə, hətta savaşı yenidən alovlandıra bilər. Təbii ki, bu da Ermənistana yeni sərt zərbələrin endirilməsi deməkdir. İndiki halda Nikol Paşinyan iqtidarının belə zərbələrə davam gətirməsi mümkünsüz sayılır. Bu fonda fikirlər səslənir ki, prosesdə maraqlı qüvvələrin əli var. Məsələn, rus hərbi ekspert Oleq Kuznetsov “Vestnik Kavkaza” saytına müsahibəsində bu xüsusda qeyd edir: “Ermənistanda müharibədən sonrakı sülh proseslərini pozmaq istəyən qüvvələr var. Düşünürəm ki, bu təxribat rəsmi İrəvanın təşəbbüsü deyil, əksinə, bəzi hərbi komandirlərin, bəlkə də erməni müxalifətini dəstəkləyən çavuş səviyyəsində kiçik komandirlərin özəl təşəbbüsüdür. Bu insanlar sülh prosesini pozmağa çalışırlar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr bəyannaməsi çoxlarını narahat edir”.
Ekspert qeyd edib ki, bəzi qüvvələr daxili siyasi metodlarla baş nazir Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyalarını təşkil edə bilmədilər: “Onun istefasına nail olmadılar. Əvvəllər Vazgen Manukyanı vahid baş nazir namizədi kimi təqdim edən müxalifətçilər müharibədən sonrakı üç ayda heç bir şeyə nail ola bilmədilər. Bu yaxınlarda keçmiş prezident Robert Köçəryan daima münaqişənin davam etməsini müdafiə edərək siyasi arenaya çıxdı. Ermənistanla Azərbaycan arasında dinc münasibətlər qurulan kimi nə Robert Köçəryanın, nə də “Qarabağ klanı” adlandırılan ətrafındakı insanların artıq Ermənistanda heç bir təsiri və əhəmiyyəti olmayacaq. Məhz bu səbəbə görə Qazax bölgəsində atəşkəs pozulub. Yəqin ki, Köçəryanın hər hansı bir tərəfdarı, radikal kiçik zabit və ya çavuş sülh prosesini pozmaq və Azərbaycanla Ermənistan arasındakı vəziyyəti yenidən gərginləşdirmək üçün bu təxribatı həyata keçirib”. Rusiyalı politoloq Yevgeni Mixaylov isə məsələyə başqa prizmadan da yanaşmağı vacib hesab edir: “Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir. Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir. Görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar. Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq, rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”.
Maraqıdır ki, hazırda Robert Köçəryanın və “Qarabağ klanı”nın müxtəlif istiqamətlərdə Paşinyana qarşı hücumları artıb. Hətta Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bu fonda yeni sərt ittihamlar da səsləndirib. Məsələn, o iddia edir ki, Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan qondarma “DQR ordusunu” ləğv etməyə razılaşıb: “Sabah yenə “təəccüblənməyin” deyə indidən bildirirəm ki, Nikol və Vaqarşak Arutyunyan artıq öz razılıqlarını veriblər və “arsax müdafiə ordusu” tezliklə buraxılacaq. Onun yerində milis olacaq, yoxsa daxili qoşunlar və ya polis, bunlar artıq önəmli deyil. Məsələ ondadır ki, Dağlıq Qarabağın qalan hissəsi daha öz təhlükəsizliyini müstəqil təmin etmək imkanında olmayacaq”. Hesab edilir ki, sərhəddə baş verən insident və Paşinyana qarşı Ermənistanda hücumlar daha çox revanşist qüvvələrin işidir. Onlar Azərbayvcanla müharibəni yenidən tətikləmık istəyir. Amma bu halda Ermənistanın daha sərt zərbələr alacağını da yaxşı bilirlər. Hesab edilir ki, bu halda Paşinyanı devirmək onlar üçün daha asan olacaq. Rusiyalı hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, əslində, həmin qüvvələr yanılır: “Müharibəni Paşinyan və Paşinyanın arvadı uduzmayıb. Müharibəni bir dövlət olaraq Ermənistan, onun ideologiyası, ordusu, iqtisadiyyatı, siyasi sistemi uduzub. Müharibəni Erməni diasporu uduzub. Onların müharibə dövründə İrəvanın maraqları üçün lobbiçiliyi təmin etmək cəhdi uğursuz olub və indi uğursuzluqlarını Paşinyanın üzərinə yıxmağa çalışırlar. Onlarda hər bir problemdə həmişə kimsə günahkardır”.
Nahid SALAYEV