Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.
Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar. Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib. Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Birgə Monitorinq Mərkəzinin mühafizəsinin Azərbaycan Ordusunun hərbi qulluqçularına tapşırılması hansı prinsipial əhəmiyyəti daşıyır?
Hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Monitorinq Mərkəzinin mühafizəsinin təşkili olduqca vacib məsələlərdəndi: “Birincisi, həmin obyekt Azərbaycanın ərazisində yerləşir. Bu baxımdan da həmin ərazinin Azərbaycan tərəfindən qorunması daha məntiqlidir. Bundan əlavə, Azərbaycanın starteji sayılan obyektlərin qorunması üzrə ciddi təcrübəsi mövcuddur. Hətta beynəlaxalq əhəmiyyətə malik olan Kabul aeroportunun mühafizəsini də bizim hərbçilər həyata keçirir. Bu, Azərbaycan hərbçisinə olan inamın göstəricisi sayılır. Orda da terrorçular var. Burada da erməni terrorçularının hər an meydana çıxma ehtimalı ola bilər. Əminəm ki, Azərbaycan silahlı qüvvələrinin kontingenti bu işin öhdəsindən layiqincə gələcək”.
Ekspertin sözlərinə görə, mühafizənin təşkilində intellektual vasitələrdən istifadə olunacaq: “Bu obyektin mühafizəsində də bütün müasir metodlardan yararlanacağıq. Bunun həm də vacib prinsipial əhəmiyyəti var. Yəni bununla Azərbaycan öz ərazisindəki istənilən vacib missiyanın təhlükəsizliyinə təminat verdiyini sübut edir. Hətta nə qədər risqli ərazi olsa belə, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürübsə, deməli, bu bizim ölkəmizdəki təhlükəsizliyin ən ali səviyyədə olduğundan xəbər verir. Əminəm ki, həmin Mərkəz öz fəaliyyətilə regionda sülhün bərqərar olmasına ciddi töhfə verəcək”.
Məhəmmədəli QƏRİBLİ