Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupun ilk iclası keçirilib. İşçi Qrupun ilk iclası Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Ş.A.Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini M.Q.Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini A.L.Overçukun iştirakı ilə keçirilib.
İclas zamanı Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinin icrasından irəli gələn birgə işin əsas istiqamətlərinə baxılıb.
Tərəflər aşağıdakı ekspert qruplarının yaradılması barədə razılığa gəliblər:
- dəmir yolu, avtomobil və qarışıq daşımalar üçün;
- təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri barədə.
Tərəflər, həmçinin, mütəxəssis alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci il tarixə qədər tamamlamağa və onların ilk görüşlərini 5 fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.
Üçtərəfli İşçi Qrupun növbəti iclasının da Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.
Gələcək əməkdaşlıq istiqamətində yaradılan birgə eksperet qruplarını necə qiymətləndirmək olar?
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, keçirilən görüş və əldə olunan razılaşmalar 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın şərtlərindən irəli gəlir: “ Müxtəlif sahələr üzrə ekspert qruplarının yardılması ilə bağlı məsələni bütövlükdə region üçün uğurlu hesab etmək olar. Belə ki, tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup artıq ilk iclasını keçirdi və müxtəlif fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaratdılar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunan ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcək. İmzalanmış sənədə əsasən, regionda həm vaxtilə mövcud olan, həm də yeni kommunikasiya və nəqliyyat əlaqələrinin bərpasına və yaradılmasına başlanılır. Nəticədə yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Qeyd etmək lazımdır ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol salınacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığının azalmasına səbəb olacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yolların çəkilməsi də nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycanın iqtisadi imkanlarının artmasına, beynəlxalq nüfuzunun güclənməsinə və bölgədə yeni yaranacaq geosiyasi və geoiqtisadi müstəvidə əhəmiyyətinin artmaslna gətirib çıxaracaq. Açılacaq kommunikasiya xətləri region ölkələrinin hamısı üçün əhəmiyyətlidir.
Azərbaycan, hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. ommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir”.
Ekspertin sözlərinə görə, ekspert qruplarının əhatə etdiyi istiqamətlərdən görünür ki, hədəf ölkələr arasında normal əlaqələrin qurulması və bütün kommunikasiyaların bərpasına yönəlib. Yaxın zamanda bu əlaqələr daha da genişlənmiş olacaq.
Məhəmmədəli QƏRİBLİ