44 günlük müharibə bitdikdən sonra Xocavənd rayonu ərazisində təxribat törətməyə cəhd göstərən 62 nəfər erməni terrorçusunun qəhrəman əsgərlərimiz tərəfindən ələ keçirilməsi Ermənistanın hərbi-siyasi rəhbərliyini, xaricdəki erməni lobbisini, ermənipərəst qüvvələri o şəkildə narahat edib ki, bütün vasitələrdən istifadə edərək onları Azərbaycandan geri almaq istəyirlər. Lakin indiyə kimi onların bu cəhdləri alınmayıb.
Baxmayaraq ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələni qabartmaq istəmişdi, amma o öz məkrli istəyinə nail ola bilməmişdi. Paşinyanın uğursuzluğa düçar olan “hərbi əsirlərin qaytarılması” bəyanatı havadan asılı vəziyyətdə qaldı.
Onun ardınca isə bütün ermənilərin katolikosu II Qaregin hərəkətə keçib. Erməni mətbuatının yazdığına görə, katolikos Azərbaycandan Roma Papasına “şikayət” edəcək. II Qareginin Roma Papası I Fransiskə müraciət etməyə hazırlaşdığını yazan erməni mətbuatında qeyd edilir ki, bütün ermənilərin katolikosu II Qaregin 62 nəfər erməni təxribatçısını azad etməyə nail olmaq istəyir. Yəni II Qareginin məqsədi Xocavənd rayonu ərazisində Azərbaycan ordusuna qarşı təxribat törətmək istəyərkən ələ keçən 62 erməni diversantın azad olunması üçün Papadan kömək istəməkdir və onun dəstəyinə nail olmaqdır.
Ekspertlərin bildirdiyinə görə, katolikos II Qaregin Papanın ermənipərəst mövqeyindən istifadə edərək onu Azərbaycan rəhbərliyinə müraciət etməyə məcbur etmək istəyir. Eksperlərin sözlərinə görə, hər zaman saxtakarlıqda adı çəkilən və terroru, separtizmi açıq şəkildə dəstəkləyən II Qareginin Roma Papasına müraciətinin də yalan, iftira üzərində qurulacağı, 62 nəfər diversantın “hərbi əsir” kimi qələmə veriləcəyinə cəhd şübhəsizdir.
Ekspertlər hesab edirlər ki, yanvarın 11-də Moskva görüşündə Putinin vasitəsilə həmin diversantları, terrorçuları Azərbaycandan geri almağa nail ola bilməyən Ermənistan tərəfi indi də bu məkrli niyyətlətini Roma Papasının əli ilə həyata keçirmək istəyir. Bu azmış kimi, xristian mövqeyini möhkəm-möhkəm dəstəkləyən bəzi beynəlxalq təşkilatlara da müraciətlər edirlər.
“Böyük ehtimalla, Roma Papası bu məsələyə qarışmayacaq”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, Azərbaycan ordusuna qarşı diversiya törətməyə cəhd edən və ordumuz tərəfindən zərərsizləşdirilən 62 nəfər erməni terrorçusunun yaxınları Ermənistan hökumətinə qarşı ciddi təzyiqlər göstərir, ondan yaxınlarını geri qaytarmasını tələb edirlər: “Azərbaycan ordusuna qarşı diversiya etməyə cəhd edən və əsgərlərimiz tərəfindən tutulan 62 nəfər erməni terrorçusunun yaxınları, qohumları, o cümlədən də Ermənistan hökumətinin siyasi opponentləri Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiqlər edirlər. Ona görə də Ermənistan tərəfi 62 nəfər terrorçunu geri qaytarmaq məqsədi güdür. Bu məsələni həll etmək məqsədilə həm Paşinyan hökuməti, həm də II Qaregin bu məsələni daha çox qabartmağa başlayıblar. Burada söhbət ondan gedir. Ermənistan tərəfi özlərini çox pis hiss edir ki, müharibə əsasən bitib, onların əsir və itkinlərinin sayı çoxdur. Hesab edirəm ki, burada məsələnin digər bir hissəsi var. 1988-ci ildən üzü bu yana münaqişənin, baş vermiş işğal faktının hərbi mahiyyətini kənara qoyub, başqa məsələləri qabardıblar, bununla da beynəlxalq aləmin diqqətini əsas mahiyyətdən uzaqlaşdırıblar. Yəni həmişə belə mövqe seçiblər. İndi də onlar 62 nəfər terrorçunun geri qaytarılması məsələsini qabartmaqla sanki digər məsələləri arxa plana keçirirlər. Azərbaycan torpaqlarını işğal etmişdilər, buna görə cavab verməlidirlər, dünya Azərbaycan ordusunun parlaq qələbəsindən danışır, Ermənistan bunu kölgəyə çəkmək istəyir, Azərbaycan hökumətinə qara yaxmağa çalışır. Bizim qələbəmizə kölgə salmaq istəyirlər ki, guya Azərbaycan əsir saxlayır, beynəlxalq hüquq normalarına “əməl etmir”. II Qareginin də Papaya müraciət etmək istəməsinin kökündə Azərbaycanın qələbəsinə kölgə salmaq, Azərbaycan hökumətini qaralamaq niyyəti dayanır, guya ki, əsas “məsələ” 62 nəfər təxribatçının saxlanmasıdır. İstər Paşinyan, istərsə də xarici işlər naziri Ayvazyan olsun, hamısı bütün danışıqlarda, görüşlərdə 62 nəfər erməni terrorçusunu “hərbi əsir” kimi qələmə verirlər, onlarla bağlı məsələləri qabardırlar”.
Ermənistanın hökumət səviyyəsində əlləri boşa çıxdığından və ümidləri puç olduğundan, indi də dini amildən istifadə etdiyini deyən A.Nağının sözlərinə görə, hazırda Ermənistanın dini lideri, dini qurumları müxalifətdədir və Paşinyanın hakimiyyətdən getməsini tələb edirlər: “Amma görürsünüz ki, II Qaregin Paşinyana qarşı olsa da, 62 nəfər terrorçu məsələsində birləşirlər və bu da erməni xislətindən irəli gəlir. Yəni 10-cu dərəcəli məsələləri qabartmaq və əsas məsələni arxa plana atmaq erməni siyasətidir, bu siyasət də xaricdəki erməni mərkəzlərindən idarə olunur. Ona görə də, fikrimcə, indiyə qədər Prezident, Xarici İşlər Nazirliyi, hökumət səviyyəsində prinsipiallıq göstərilib, ortaya konkret mövqe qoyulub ki, bu 62 nəfər terrorçudur, onlar hərbi əməliyyatlar zamanı əsir götürülməyiblər, hərbi əməliyyatlar başa çatdıqdan sonra ortaya çıxıblar, Azərbaycana qarşı təxribat törədiblər. Bu 62 nəfərin etdiyi terror və təxribat nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub. Yəni onlar terrorçu kimi öz cəzalarını almalıdırlar və onlara cəza verilməlidir, veriləcək də. Azərbaycan bu mövqedən çıxış edir. Hesab edirəm ki, Azərbaycan sona qədər də bu mövqeyində dayanmalıdır.
A.Nağı qeyd etdi ki, Roma Papası I Fransiskin II Qareginin şər-böhtan, yalan dolu müraciətinin toruna düşmək ehtimalı ola bilər: “Onsuz da Roma Papası I Fransisklə ermənilərin mövqeyi eynidir. Ehtimal oluna bilər ki, II Qareginin müraciətinə Roma papası cavab versin və sözünü yerə salmasın. Amma Roma Papası I Fransiskin ermənilərin “toruna” düşməsi o qədər də inandırıcı görünmür. Çünki Roma Papası da yaxşı bilir ki, bu, siyasi oyundur və onu da bu siyasi oyuna qatmağa çalışırlar. II Qareginin Roma Papası I Fransiskə müraciət etmək fikrinə düşməsi, ondan ermənilərə dəstək almaq istəməsi təsadüfi deyil.
Çünki İtaliyanın Azərbaycanla xoş münasibət qurması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etmək niyyətini açıqlaması Ermənistanı möhkəm qıcıqlandırıb, İtaliyanın mövqeyindən narazıdırlar. Ona görə də, ola bilsin, bunu Roma Papasının mövqeyini əldə etməklə kompensasiya etmək, əvəzləmək istəyirlər. Yəqin ki, Roma Papası ona ediləcək müraciətə diqqətlə yanaşacaq və müraciəti araşdıracaq, bunun yalan və uydurma bir məsələ olduğunu biləcək. Böyük ehtimalla, Roma Papası bu məsələyə qarışmayacaq”.
İradə SARIYEVA