ABŞ-da hakimiyyət dəyişikliyindən sonra maraq doğuran məsələlərdən biri də Vaşinqtonun Cənubi Qafqaz ölkələri ilə münasibətdə hansı siyasət yürüdəcəyidir. Ekspertlərin böyük əksəriyyəti bu fikirdədir ki, ABŞ bu regionda öz maraqlarını əsas götürərək siyasət yürüdəcək. Bu fonda ABŞ-ın Azərbaycanla əməkdaşlığını dərinləşdirməsi qaçılmaz sayılır. Çünki regionun taleyini həll edən, burada əsas güc mərkəzi kimi çıxış edən məhz Azərbaycandır. Lakin bütün bunlar fonunda Ermənistanda da belə fikir səslənir ki, yeni ABŞ hökuməti İrəvanla münasibətləri daha çox sıxlaşdırmağa cəhd edəcək. Bunun əsas səbəbi kimi ABŞ-ın yeni prezidenti Co Baydenin daha əvvəl ermənipərəst mövqe nümayiş etdirməsi göstərilir. Lakin yenə Ermənistanın özündə o fikir də hakimdir ki, ABŞ üçün əsas öz maraqları olduğundan, Azərbaycan Vaşinqton üçün yenə ön plana çıxacaq.
Amerikanın Erməni Konqresinin regional ofisinin direktoru Arpi Vardanyan bu xüsusda qeyd edib ki, Ermənistan kiminsə ermənilər üçün hansısa yaxşı bir şey etməsini gözləməməlidir: “Baydenə böyük ümidlər bəsləyirik, lakin oturub bizim üçün hansısa yaxşı şey etmələrini gözləyə bilmərik”. Bu günlərdə isə “Washington Post” nəşri Ağ Evdəki mənbələrinə istinadən daha maraqlı məqamlara toxunub. Qəzet yazır ki, Co Bayden Rusiya ilə münasibətləri bərpa etmək niyyətində deyil, hətta Moskvaya “həddindən artıq aqressiv olmasına” görə yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Adı açıqlanmayan Amerika rəsmisi ABŞ-ın Rusiyanı son aylarda və illərdə “düşüncəsiz və təcavüzkar hərəkətlərə” görə cəzalandırmaq niyyətində olduğunu bildirib. Yaxın gələcəkdə Bayden Milli Kəşfiyyat direktoru Evril Haynesə Rusiya ilə bağlı təhdidlər barədə bir hesabat hazırlamağı tapşıracaq. Bundan sonra əldə olunan məlumatlara əsasən sanksiyalarla bağlı son qərar veriləcək. Qeyd olunur ki, Amerika tarixində ilk dəfə ABŞ-ın yeni prezidenti hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı düşmən mövqeyində olan addımlarla başlayır. Erməni politoloq Suren Sarkisyanın sözlərinə görə, Amerikanın Rusiyaya qarşı mümkün sanksiyaları birbaşa və ya dolayı yolla Ermənistana da təsir edəcək: “Yəqin ki, bu sanksiyalar daha çox iqtisadi xarakter daşıyacaq. Məmur və iş adamlarının sanksiyalara məruz qalacaqları istisna edilmir. Keçmişdə bir çox iş adamının ABŞ-ın sanksiyalarına məruz qaldığı və bunun iqtisadiyyatımıza birbaşa zərbə vurduğuna dair təcrübə var”. Sarkisyan əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı gərginlik hər zaman birbaşa və ya dolayı yolla Ermənistana zərbə vurub. Ekspertə görə, bu şəkildə Ermənistanın iki fövqəlgüclə münasibətlərini qurmaq baxımından da manevr imkanları azalacaq. O, Ermənistanda Baydenin prezidentliyi ilə bağlı həyəcanın səbəblərini anlamadığını da qeyd edib: “Amerikanın Ermənistana qarşı siyasətində dəyişiklik gözləmək lazım deyil. Əlbəttə, münasibətdə müəyyən dəyişiklik ola bilər, amma fikrimcə, təşviq üçün elə böyük səbəb yoxdur. Tramp administrasiyası ilə işlədiyimiz kimi, bu administrasiya ilə də eyni şəkildə işləməyə davam etsək, yəni işləməsək, əlbəttə müsbət bir dəyişiklikdən söhbət gedə bilməz”. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da “Amerikanın səsi” radiosuna açıqlamasında məsələyə eyni prizmadan yanaşır. O, Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətində az dəyişikliyin olacağını düşünür: “Dəyişikliklər olacaq. Mən hesab edirəm ki, bu dəyişikliklərdən bəziləri neqativ yanaşmadan daha pozitiv yanaşmaya və ya ümumiyyətlə yanaşmaya necə keçməkdən ibarət olacaq. Çünki Tramp administrasiyası dövründə Cənubi Qafqaz regionuna prezident səviyyəsində bir yanaşma yox idi. Trampın hərtərəfli strategiyası yox idi. Bəli, Çin və Rusiyanın ABŞ-ın strateji rəqibləri kimi müəyyən edildiyi milli təhlükəsizlik strategiyası var. Bu doğrudur. Ancaq Cənubi Qafqaza gəldikdə, biz gördük ki, Ermənistan-Azərbaycan sərhədində yayda baş verən qarşıdurmalardan sonra ABŞ aktiv diplomatik fəaliyyət göstərmədi. Bu isə o deməkdir ki, təkcə Tramp administrasiyası deyil, hətta Obama administrasiyası dövründə də Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı yüksək səviyyədə planları olmayıb. Azərbaycan və Ermənistana gəldikdə, düşünürəm ki, başlanğıcda hər şey əvvəlki kimi qalacaq. Baydenin “siyasi qəlbində” Ermənistan və Yunanıstan həmişə zəif yerlər olub və düşünürəm ki, bu bir çox cəhətdən ABŞ-ın daxili siyasətindən qaynaqlanır. Lakin həftələr və aylar keçdikcə, Prezident Baydenin dünyaya baxışı sistematik və strateji düşüncəyə əsaslandığı zaman dəyişikliyin olacağını düşünürəm.
Onun NATO və transatlantik əməkdaşlığı ABŞ-ın xarici siyasətinin mərkəzi elementi kimi ortaya çıxacaq. Yalnız o zaman ABŞ-ın yenidən Cənubi Qafqazda bəlkə də daha aktiv rol oynaya biləcəyini görə bilərik. Amma Corc Buşun oynadığı qədər deyil. O zaman biz Gürcüstanın NATO-ya üzvlük yolunu tutmasına kömək etmək üçün Gürcüstanda daxili islahatların inkişaf etdirilməsinə və Dağlıq Qarabağda danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə əlimizdən gələni etmək üçün aktiv şəkildə çalışırdıq. Düşünmürəm ki, Bayden daha aktiv olacaq”.ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, ekspert qeyd edir: “İstər Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Ceyhan dəhlizləri, istərsə də ABŞ-la Əfqanıstan arasındakı hava dəhlizi Azərbaycanı Vaşinqton üçün əvəzolunmaz tərəfdaşa çevirir. Yəni bu daim əhəmiyyətini itirməyəcək strateji amillər kimi qalacaq. Eyni zamanda, İranla gərginliyin necə aradan qaldırılması və münasibətlərin necə yaxşılaşdırılması məsələlərində də Azərbaycanın müstəsna rolu ola bilər. Nəzərə alaq ki, İranda etnik azərbaycanlılar güclü faktordur. Biz İkinci Qarabağ müharibəsi zamanı İranın şimalında etnik azərbaycanlı duyğularının nə qədər güclü olduğunun şahidi olduq. Mən həmçinin düşünürəm ki, ABŞ Suriyada vəziyyəti sabitləşdirmək, İŞİD-in məğlub olmasına əmin olmaq üçün Azərbaycanın nə qədər xüsusi bir ölkə olduğunu özü daha aşkar hiss edəcək”.
Nahid SALAYEV