Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Işğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla – su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb.
Türkiyə-Rusiya Birgə Mərkəzinin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Türkiyə-Rusiya Birgə Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.
Bu Mərkəzin fəaliyyətə başlaması bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına hansı töhfəni verəcək?
“Bu, eyni zamanda, Rusiyanın bölgədəki fəaliyyətini balanslayacaq”
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə və Rusiya silahlı qüvvələrinin bölgədə sülhün qorunmasına yönəlik addımlarını koordinasiya edən belə bir Mərkəzin fəaliyyətə başlaması çox müsbət haldır: “Burada məsuliyyət daha çox Rusiyanın üzərinə düşür. Monitorinq qrupu ermənilərin yaşadığı ərazilərdə separatçı addımların müəyyənləşməsi və onların aradan qaldırılası istiqamətində fəaliyyət göstərəcək. Ərazi müşahidə olunacaq və olan neqativliklərin aradan qaldırılması üçün aidiyyəti quruma, yəni Rusiyanın oradakı sülhməramlılarına müraciət ediləcək. Çünki Mərkəzin belə məsələlərə birbaşa müdaxilə etmək imkanı yoxdur. Baş verə bilən təxribatların qarşısını almaq üçün belə bir Mərkəzin fəaliyyəti olduqca vacibdir. Çünki biz 1988-ci ildə məhz ermənilərin həyata keçirdiyi təxribatları sübut edə bilmədiyimiz üçün müəyyən problemlər yarandı. Elə bunun nəticəsidir ki, Putin münaqişənin başlanma səbəbini Sumqayıtda baş verən hadisələrlə izah etməyə çalışdı. Bu, eyni zamanda, Rusiyanın bölgədəki fəaliyyətini balanslayacaq. Bundan sonra Rusiya sülhməramlıları, istəsələr də, erməniləri birtərəfli qaydada dəstəkləyə bilməyəcəklər. Çünki Türkiyə hərbçiləri buna imkan verən deyil”.
Məhəmmədəli QƏRİBLİ