Avropa İnsan Hüquqları Məhkəməsinin yeni hesabatı yayılıb. Sözügedən hesabatda qeyd edilir ki, Azərbaycan 2020-ci ildə AİHM-in barəsində ən çox qərar çıxardığı 5 ölkədən biri olub.
Qeyd edilib ki, ötən il qurumun qəbul etdiyi 871 qərardan 37-si Azərbaycana qarşı çıxarılıb. Hesabata görə, Azərbaycan ən çox azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozub. Azərbaycan, həmçinin, Avropa məhkəməsinə ən çox şikayət edilən 6 ölkədən biridir. Azərbaycandan göndərilən 2 min şikayət baxılmasını gözləyir.
Məlumat üçün qeyd edək ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana görə, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Maraqlıdır, Azərbaycanda bu istiqamətdə müəyyən işlərin görülməsi fonunda belə sərt hesabat nədən irəli gəlir? Ola bilərmi ki, bunda məqsəd ölkəni nüfuzdan salmaq olsun? Belə hesabat Azərbaycanın müharibədə qələbəsi ilə, erməni lobbisinin təsiri ilə bağlı ola bilərmi?
“Məqsədyönlü şəkildə Azərbaycanı qaralamaq istəyirlər”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, AİHM-in belə qərəzli hesabatı siyasi motivlərlə bağlıdır: “Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu qeyd edilib. Bu o deməkdir ki, insan hüquq və azadlıqları Azərbaycan dövləti üçün prioritet təşkil edir. İnsan hüquq və azadlıqlarını siyasiləşdirmək olmaz. Çünki bu hüquqlar bəşəri dəyərlərə aid olduğu üçün toxunulmazdır. Azərbaycan da ötən illər ərzində pozulmuş insan hüquqları ilə bağlı kifayət qədər işlər görüb. Məhkəmə və hüquq sistemində islahatlar aparılıb. Ancaq AİHM-in hesabatına baxanda görürük ki, qurum görülən işləri görməzdən gəlir. Bir növ məqsədyönlü şəkildə Azərbaycanı qaralamaq istəyirlər. Ona görə də tam əminliklə deyirəm ki, hesabat qərəzli məzmunda hazırlanıb. Otuz il idi Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşlarının bütün hüquqlarını pozurdu. Ancaq bir dəfə də olsun tutarlı formada AİHM bunu qınamadı. AHİM-in qərarları tövsiyə xarakterli olsa da, Azərbaycan həmin qərarları icra edir. Ancaq sözügedən amili qurum nəzərə almır. AHİM-ə şikatət edənlərin tərkibinə baxsaq görərik ki, onların çoxu radikal müxalifət təmsilçiləridir. Radikal müxalifət üzvləri bir sıra hallarda hüquq pozuntulara yol verəndə və cinayət məsuliyyətinə cəlb olunanda dərhal bunu siyasiləşdirməyə çalışırlar. Bu məqsədlə yeri gəldi-gəlmədi, əsası oldu-olmadı AİHM-ə müraciət edirlər. AHİM də fürsət gözləyən bir qurum kimi dərhal bu şikayətləri qəbul edir. Çünki bu minvalla Azərbaycanın nüfuzuna kölgə salmaq, ölkəyə təzyiq göstərmək istəyirlər. Bu cür qərəzli münasibətin sərgilənməsində Avropada möhkəmlənmiş erməni lobbisinin də bu və ya digər formada rolu var. Çünki ölkəmizə qarşı olan dairələr regionda Azərbaycanın güclü olmasını istəmir”.
Hüquqşünas bildirdi ki, Azərbaycanı bu cür qərəzli hesabatlarla zəiflədə bilməyəcəklər.
Vidadi ORDAHALLI