Rusiya prezidenti Vladimir Putinə etibar son bir il ərzində 53 faizə düşüb. “İctimai rəy” fondunun keçirdiyi sorğunun nəticələrində deyilir ki, respondentlərin 35 faizi Putinə etibar etmədiyini deyib. Bu, 2020-ci ilin martında qeydə alınmış maksimum göstəriciyə uyğundur.
Daha 12 faiz “siz Putinə etibar edirsiniz, yoxsa etmirsiniz” sualına heç bir cavab verə bilməyib. İctimai rəy fondunun bundan əvvəl aparılmış rəy sorğularında Putinə etimad 55 faizdən aşağı düşməzdi. Sorğu göstərib ki, rusiyalıların 60 faizi Vladimir Putinin prezident kimi gördüyü işləri bəyənir. Respondentlərin 26 faizi bu suala mənfi cavab verib. “Levada” müstəqil sorğu mərkəzinin ötən ilin yanvarında keçirdiyi sorğuda prezident Putinə rusiyalıların 35 faizindən bir qədər çoxunun etimad etdiyi məlum olmuşdu.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuya görə isə, ötən ilin martında Putinə olan etimad son 14 ildə ən aşağı həddə enmişdi. O vaxt prezident Putinə respondentlərin yalnız 28 faizi inandığını bildirmişdi. Bu, bütün sorğuların keçirildiyi müddətdə ən aşağı göstərici idi. Bu nəticələr elan edildikdən sonra Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi Kremlin birbaşa təzyiqi altında metodikasını dəyişmiş və sualı qapalı rejimə keçirmişdi. Yəni bundan sonra artıq respondent konkret olaraq Putinə səs verib-vermədiyini bilmirdi. Amma hətta bu düzəlişlə də 2020-ci ilin yanvarında Rusiyada prezidentə inananlar 74 faizdən 67 faizə enmişdi.
Əslində, sorğularla bağlı maraqlı məqam var. Putin son illər ərzində Rusiyanın daxilində stabilliyi bərpa edib. Yaxın Şərq, Qafqaz və digər ərazilərdə Rusiyanın maraqlarını təmin edə bilib. Belə olan halda Putinin reytiqi ilə bağlı sorğunun nəticələrinin daha çox mənfiyə köklənməsi nəyin əlaməti sayıla bilər?
“Belə bir dönəmdə onun reytiniqinin aşağı düşməsi kimi inandırıcı olmayan nəticənin cavabını erməni Aqambekyandan soruşmaq lazımdır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sorğunu keçirən təşkilatlardan əsası olan “Levada”nın görünən və görünməyən tərəfləri var: “Həmin QHT-nin əsasnaməsində bildirilir ki, qurum sorğuları sifariş əsasında qapalı və açıq formada keçirir. Sorğunun keçirilməsilə bağlı sifarişin kimdən gəlməsini isə qapalı saxlayır. Bu sorğunu keçirən mərkəzin rəhbəri keçmiş SSRİ dönəminin tanınmış akademiklərindən olan Abel Aqambekyandır. O, həm də Qorbaçovun müşaviri olub. Dağlıq Qarabağdakı konfliktin qızışdırılmasında bu şəxsin böyük rolu olub. Yəni bu adamı qətiyyən obyektiv persona saymaq olmaz. Bu təşkilat əsasən xaricdən sifariş alaraq sorğular keçirir. Putin Rusiya üçün böyük işlər görmüş siyasi xadimdir. Bunu istər Rusiyanın daxili, istərsə də xarici üçün deyə bilərik. Rus insanı üçün mühüm olan nə varsa, Putin onları həyata keçirib. Hazırda o, Cənubi Qafqazda da mövqeyini ciddi möhkəmlədib. Belə bir dönəmdə onun reytiniqinin aşağı düşməsi kimi inandırıcı olmayan nəticənin cavabını erməni Aqambekyandan soruşmaq lazımdır. Hesab edirəm ki, bütün bunlar Putinin hakimiyyətdən uzaqlaşdırılması istiqamətində atılan addımlardan biridir. Dünyadakı erməni lobbisinin də burada ciddi rolu var. Ermənilər hesab edirlər ki, Putin son müharibədə onların marağını lazımınca müdafiə etməyib. Böyük ehtimal var ki, Putin haqqında aparılan bu qara piarın arxasında elə erməni lobbisi dayanır”.
Ekspertin sözlərinə görə, Putinin nüfuzdan salınması paralel aparlan prosesdir: “Navalnının ermənilərə məxsus KİV-də geniş reklam olunması fonunda belə sorğu nəticəsinin ortaya çıxması bunu iddia etməyə tam əsas verir”.
Məhəmmədəli QƏRİBLİ