Çox maraqlıdır ki, hətta Ermənistanın keçmiş prezidenti, ərazilərimizin işğalına bilavasitə rəhbərlik etmiş Robert Köçəryan da Dağlıq Qarabağın status məsələsindən ümidini üzüb.
Köçəryan bununla bağlı erməni mediasına müsahibəsində Qarabağın statusu məsələsinə inanmadığını etiraf edib. O, açıqlamasında deyib ki, Azərbaycan 9 rayon qazandı, status müzakirəsi üçün əlimizdə heç nə qalmadı: “İrəvanın Bakını Qarabağın status məsələsini müzakirə etməyə razı salması mümkün deyil. Bunu Ermənistan daha əvvəl etməli idi. Nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması Dağlıq Qarabağ nizamlanmasının bütün variantlarını aradan qaldırır. Bu, “son akkord”dur. Çünki Azərbaycan öz ərazilərini əks-hücum əməliyyatı zamanı hərbi yolla geri qaytardı. Ona görə də Azərbaycanı Qarabağın statusu məsələsini müzakirə etməyə məcbur edəcək bir şeyimiz yoxdur. Yəni Bakı artıq bu məsələnin həll olunduğunu düşünür. 90-cı illərdə erməni ordusu döyüşə hazır idi, İrəvan və Moskva müttəfiq idilər. İndi isə artıq o qədər zəifik ki, istənilən qonşu dövlət ölkəmizi ələ keçirə bilər.
Özünü müdafiə edə bilməyən bir ölkənin statusu nədir, bilirsinizmi? Strateji müttəfiqdən Rusiyanın protektoratına çevrildik və taleyin istehzası odur ki, bütün bunlar Ermənistanda Rusiya hərbi bazasının olmasına etiraz edən insanlar tərəfindən həyata keçirilib”.
Belə görünür ki, Köçəryan kimi radikal və prezidentliyi dövründə danışıqlarda hər zaman maksimalist mövqe tutan siyasi fiqur da mövcud reallıqları dərk edərək status məsələsinin reallaşdırılmasının mümkün olmadığının fərqindədir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?
“Köçəryan təcrübəli bir siyasi fiqur olaraq bütün bunları gördüyü üçün reallığı etiraf edir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Köçəryanın statusla bağlı etirafları təsadüfü deyil: “Bu, Qarabağ ətrafında əvvəlki vəziyyətin əhəmiyyətli şəkildə dəyişməsinin yaratdığı nəticələri özündə ehtiva edir. Məsələ ondadır ki, ermənilər əvvəllər danışıqlarda status qarşılığında 7 rayonun qaytarılmasını vəd edirdilər. Kəlbəcər və Laçın rayonlarını ən son mərhələyə saxlayırdılar. Ancaq o vaxt 7 rayon Ermənistanın işğalı altında olsa da, Azərbaycan Dağlıq Qarabağa ermənilərin istədiyi statusun verilməsinə razı olmadı. Çünki onların istədiyi status bizim maraqlarımıza uyğun deyildi. Azərbaycan hərb yolu ilə həm 7 ətraf rayonu işğaldan azad etdi, həm də Dağlıq Qarabağın xeyli hisəsini işğalçılardan təmizlədi. Bu cür üstünlüyün müqabilində, əlbəttə ki, statusdan söhbət belə gedə bilməz. Köçəryan təcrübəli bir siyasi fiqur olaraq bütün bunları gördüyü üçün reallığı etiraf edir. Köçəryan “status müzakirəsi üçün əlimizdə heç nə qalmadı” deməklə ətraf rayonların əldən çıxmasını nəzərdə tutur. Ancaq o da var ki, Köçəryan yenidən hakimiyyətə gəlmək istəyir. Ona görə də son vaxtlar müxtəlif açıqlamalar verir. Paşinyana qarşı sərt tənqidlərlə çıxış edir. Lakin düşünmürəm ki, Köçəryan yenidən hakimiyyətə gələ bilsin. Çünki Dağlıq Qarabağ danışıqları əsasən onun prezidentliyi dövründə dalana dirəndi. Lap Köçəryan yenidən prezident olsa belə, Dağlıq Qarabağın statusuna nail ola bilməz. Çünki həm hərbi, həm də siyasi üstünlük Azərbaycanın tərəfindədir”.
Politoloq onu da qeyd etdi ki, Köçəryan da əvvəlki vəziyyətin bərpa olunmasının mümkün olmadığını yaxşı bilir.
Vidadi ORDAHALLI