Məlum olduğu kimi, Rusiya və Azərbaycan prezidentləri, həmçinin, Ermənistan baş naziri tərəfindən yanvarın 11-də Moskvada imzalanmış üçtərəfi saziş Cənubi Qafqaz regionundan kənarda da maraqla izlənir.
Xüsusən də Mərkəzi Asiya ölkələri baş verənləri diqqətlə izləyirlər. Çünki sazişin icrası Mərkəzi Asiya ölkələri üçün yeni tranzit imkanlarının yaranması deməkdir. Qazaxıstanlı iqtisadçı-ekspert Saparbay Jubayev bu xüsusda yeni yaradılan Naxçıvan dəhlizinin Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcəyini vurğulayır.
“Anadolu” agentliyinə müsahibəsində Jubayev qeyd edib ki, Qazaxıstan dünyanın ən böyük quru sərhədi ilə əhatələnən ölkəsidir və onun tranzit yolu Naxçıvan dəhlizi ilə şaxələndirilə bilər. O, Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlara sahib olduqlarını vurğulayıb: “Bu yolla Avropa və Çindən gələn yükləri Rusiya və ya İrandan keçmədən öz aramızda birbaşa daşımaq imkanımız var”.
Hazırda Qazaxıstanın Rusiyadan keçərək Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya yük daşıdığını bildirən Jubayev deyib ki, Naxçıvan dəhlizi ilə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında “Qardaş ölkələr marşrutu” təşkil edilə bilər: “Beləliklə, Türkiyənin Orta Asiya və Çinə yolu asanlaşacaq. Bizim də Türkiyə üzərindən Aralıq dənizi və Avropaya çıxış yolumuz genişlənəcək. Ən əsası, türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq”.
Göründüyü kimi, Türk dünyası ölkələrini əlaqələndirəcək Naxçıvan dəhlizi böyük perspektivlər vəd edir. Bu isə yen-yeni imkanların açılması deməkdir.
“Yolun qısalması daşıma xərclərinin, sərf edilən vaxtın azalması deməkdir ki, bu da iqtisadi baxımdan daha sərfəlidir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Naxçıvan dəhlizi türkdilli ölkələrin inteqrasiyasında yeni mərhələ açacaq: “Çünki qurulan iqtisadi-ticarət əlaqələri ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına təkan verir. Azərbaycan Orta Asiyanın türkdilli dövlətlərini Avropa ilə birləşdirən körpüdür. Naxçıvan dəhlizinin başlıca üstünlüklərindən biri məsafə baxımından digərlərindən daha yaxın olmasıdır. Orta Asiya ölkələri Avropaya əsasən Rusiya vasitəsilə çıxırlar. Bu isə məsafə baxımından çox uzaqdır. Ancaq Naxçıvan dəhlizi işə düşəndən sonra ticarət yolu xeyli qısalacaq. Yolun qısalması daşıma xərclərinin, sərf edilən vaxtın azalması deməkdir ki, bu da iqtisadi baxımdan daha sərfəlidir. Hesab edirəm ki, İğdırdan Naxçıvana dəmir yolunun çəkilməsi bu yöndə işləri sürətləndirəcək. Bu marşrutdan təkcə Qazaxıstan deyil, eyni zamanda, digər türkdilli dövlətlər də istifadə edəcəklər. Həmçinin, Çin, Tacikistan, Əfqanıstan da bu marşrutdan istifadə edəcək. Ona görə ki, məsafə baxımından bu marşrut qısa olduğu üçün cəlbedici görünür”.
Ekspertin fikrincə, bütün bunların nəticəsində Azərbaycanın tranzit əhəmiyyəti daha da artacaq.
Vidadi ORDAHALLI