Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Danimarkadan deputat Maykl Aastrup Censenin hazırladığı hesabat əsasında “AŞPA monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.
Sənəddə monitorinq altında olan ölkələrin əldə etdiyi tərəqqi alqışlanır, Azərbaycan daxil olmaqla, bəzi ölkələrdə problemlərin qalmasından narahatlıq ifadə olunur və tövsiyələr irəli sürülür. Qətnamədə insan haqları məsələlərinə də toxunulur. Ötən ilin aprelində “ReAl” Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlansa da, bunun Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf bildirilir.
Bütün bunlarla yanaşı, qətnamədə Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli məqamlar yer alıb. Belə ki, sənəddə guya Azərbaycanda hökumətin opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla, ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğunun, hüququn aliliyi və insan haqlarının pozulmasının, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir.
Qərəzli yanaşma açıq-aydın ortadadır. Çünki Azərbaycanda ifadə azadlığına məhdudiyyətin qoyulmasını deməyin reallıqla heç bir əlaqəsi yoxdur. İnternetə çıxışla bağlı hər hansı bir məhdudiyyətin qoyulmasından isə söhbət gedə bilməz. Ona görə ki, ümumiyyətlə, ölkədə belə bir problem yoxdur.
“Məqsəd odur ki, beynəlxalq miqyasda ölkəmiz barəsində mənfi rəy formalaşsın”
Məsələyə münasbət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, qətnamədə ifadə azadlığı ilə bağlı deyilənlər çox şişirdilir: “Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanıb. Həmin müharibə zamanı ölkədə informasiya, kibertəhlükəsizliyin qarşısını almaq üçün internetdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Müharibə zamanı belə məhdudiyyətlərin tətbiqi bütün dünyada var. Azərbaycan da müharibə qanunlarına uyğun olaraq, müvəqqəti olaraq bəzi məhdudiyyətlərin tətbiq edilməsinə qərar verdi. Çünki buna zəruri ehtiyac var idi. Müharibə qurtardıqdan sonra isə qoyulan məhdudiyyətlər ləğv edildi. Ancaq təəssüflər olsun ki, ermənilərin havadarları bütün bunları əlində bayraq edərək məsələni başqa istiqamətə yozurlar. Bunu ifadə azadlığına basqı kimi təqdim edirlər. Əslində isə deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur. AŞPA ermənilərin maraqlarından çıxış edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Məqsəd odur ki, beynəlxalq miqyasda ölkəmiz barəsində mənfi rəy formalaşsın. Çünki ötən illər ərzində ermənilərin bir sıra planları boşa çıxdı. Biz millət olaraq birləşib torpaqlarımızı azad etdik. Bütün bunları həzm edə bilməyən bəlli dairələr Azərbaycanı qaralamaqla məşğuldurlar”.
Ekspert hesab edir ki, AŞPA-nın məlum qətnaməsi kağız parçası olduğuna görə biz öz haqq işimizi davam etdirməliyik.
Vidadi ORDAHALLI