Erməni mediası yazır ki, Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub. Qeyd edilir ki, ölkənin dağ turizmi sıradan çıxıb: “Ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur”.
Ətraf mühit naziri Romanos Petrosyan da bənzər fikirlər səsləndirib. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: “Sevan gölünün (Göyçə) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.
Burada diqqətçəkən məqamlardan biri də erməni nazirin çaylarla bağlı fobiyasıdır. Belə təəssürat yaratmağa çalışır ki, guya çayların Azərbaycanın nəzarətinə keçməsi hansısa təhlükə yaradır.
Maraqlıdır, Arpaçay və Bərgüşad çaylarından Göyçə gölünə nə təhlükə var ki?
“Həmin çayların Göyçə gölünə heç bir təsiri yoxdur”
Məsələyə münasibət bildirən əslən Göyçədən olan AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, həmin çayların adıçəkilən gölə heç bir təsiri yoxdur: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, erməni siyasətçiləri, ziyalıları içərisində praqmatik düşüncəyə sahib olan bir nəfərə belə rast gəlmək mümkün deyil. Ancaq nə edək ki, belə təfəkkürə sahib olan qonşu millətlə yaşamaq məcburiyyətindəyik. Erməni cəmiyyətində bir nəfər də olsun rasional düşüncəyə sahib olan bir kəs yoxdur. Yəni çıxıb xalqa anlatsın ki, indiki yaşadıqları dövlət belə ermənilərə güzəşt olunub.1918-ci illərdə acı tarixi bir siyasi şərait indiki İrəvanı güzəştə getməyə bizi məcbur etdi. Kəlbəcərin, Laçının və digər ərazilərin ermənilərlə nə aidiyyəti var? Necə dərk edə bilmirsiniz ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. O ki, qaldı Kəlbəcərə və digər ərazilərimizə, bu xəstə təfəkkürlü ermənilər hələ ilk növbədə işğal etdikləri ərazilərimizə vurduqları yüz milyardlarla təzminatı düşünsünlər”.
A.Nəbiyəvin fikrincə, belə məlum olur ki, erməni rəsmilərinin ölkələr ərazisindəki beynəlxalq sular haqqında konvensiyalardan xəbərləri yoxdur: “Tutaq ki, hansısa bir çay öz mənbəyini Azərbaycandan və yaxud Ermənistandan götürür. Axı coğrafi anlamda bütün bu məsələlər beynəlxalq konvensiyalarla tənzimlənir. Azərbaycan dövləti beynəlxalq sular haqqında konvensiyalara ciddi şəkildə əməl edir. Elə Arpaçayın özü başlanğıcını Basarkeçərdən götürür və Araza tökülür. Heç suyu yayda Araza çatmır. Çünki çayın suyunu Göyçə gölünə axıtmaq üçün 1970-ci illərdə 48 kilometr uzunluğunda tunel də çəkilib. Nə Arpaçayın, nə də Bərgüşad çayının Göyçə gölünə heç bir təsiri yoxdur. Ermənilər hər zaman cəfəng fikirlər ortaya atmaqla insanların diqqətini əsas məsələlərdən yayındırırlar. Bərgüşad çayı öz başlanğıcını Zəngəzur silsiləsindən götürür. Bu çay da Araz çayına qovuşur. Ümumiyyətlə, bu çayların məcrasını dəyişmək, antropogen təsirlərə məruz qoymaq beynəlxalq hüquqa ziddir. Ermənistan dövləti bunun da hesabını verməlidir”.
Sədr müavini onu da vurğuladı ki, Azərbaycan dövləti Ermənistanı bizə vurduğu ziyana görə təzminat ödəməyə məcbur etməlidir.
Vidadi ORDAHALLI