Ermənistan mediasının verdiyi məlumata görə, bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandırarkən deyib: “Allah eləməsin, ancaq təhlükə həmişə var”.
II Qaregin deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: “Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstün təşkilatdır: “Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.
II Qaregin qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: “Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”.
Bütün dünyəvi ölkələrdə din siyasətdən ayrıdır. Ermənistan qanunlarına görə də bu belədir. Ancaq maraqlıdır ki, regional sülhün əldə edilməsi istiqamətində atılan mühüm addımların fonunda erməni katolikos şovinist və sülh prosesinin əleyhinə olan mövqe tutur. 10 noyabr razılaşmasını həyata keçirən hakimiyyəti istefaya çağırmaq bunu deməyə əsas verir. Belə şəraitdə bizim Qafqaz Müsəlmanları Ruhani İdarəsinin erməni katolikosun pozucu fəaliyyətini pisləyən ayrıca bəyanatla çıxış etməsinə ehtiyac varmı? Təbiidir ki, burada söhbət QMİ-nin Paşinyanı müdafiə etməsindən getmir. Söhbət bir dini liderin pozucu fəaliyyətinə digər dini liderin etiraz etməsindən gedir.
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni katolikosun çağırışı Ermənistanda hazırda geniş müzakirə olunur: “Bütün dünyəvi ölkələrdə din dövlətdən tam ayrıdır. Dini liderlərin siyasətə bu cür müdaxiləsi yolverilməzdir. Bu həm də beynəlxalq qanunlara görə qadağandır. Xüsusilə də dünyada dini radikalizmin geniş vüsət aldığı bir zamanda belə halların yaşanması yolverilməzdir. Dünyada xristian təəssübkeşliyi deyilən bir anlayış var. Məhz bu səbəbdən də katolikosun bu ziyanlı mövqeyi dünya birliyi tərəfindən ciddi tənqid hədəfinə gətirilmir. Bu gün katolikos Ermənistanı dini ölkə də elan etsə, həmin dairələr bunu normal qarşılayacaq. Ancaq biz bu mövqeyin qətiyyən qəbuledilməz olduğunu bəyan etməliyik. Bizim şeyxin bu məsələni gündəmə gətirməsi olduqca vacibdir. Bu heç də Paşinyan hakimiyyətinə dəstək mənasını verə bilməz. Ermənilərin bütün qəddarlığının mənbəyi özlərinə məxsus olan Qriqorian kilsəsi olub. Bu faktorları mütləq qabartmaq lazımdır. Bizim İslamda vəhabilik necə təhlükəlidirsə, erməni kilsəsi də bəşəriyyət üçün o dərəcədə təhlükə mənbəyidir. Biz 44 günlük müharibə dönəmində də onların keşişlərinin necə müharibə çağırışları etdiklərini gördük. Dünyada ciddi dini nüfuza malik olan şeyximizin bu məsələni qabartması mütləq lazımdır”.
İlahiyyatçının sözlərinə görə, QMİ sədrinin məsələyə münasibəti dünyada ciddi rezonansa səbəb ola bilər: “Biz Ermənistanın daxilindəki proseslərə müdaxilə etmirik. Sadəcə, katolikosun mövqeyinin nə dərəcədə zərərli olduğunu dünyanın diqqətinə çatdırmaq istəyirik. Çox təəssüf edirəm ki, belə məsələlərlə bağlı dini liderlərimiz passivlik nümayiş etdirir. Bir il əvvəl şeyx ABŞ prezidentinə İrana qarşı sanksiyaların dayandırılması ilə bağlı bir müraciət etmişdi. Təəssüflər olsun ki, özümüzə aid olan məsələdə biz eyni təşəbbüsü görmürük. QMİ-nin bu məsələlərdə bir qədər fəal olmasına ciddi ehtiyac var”.
Məhəmmədəli QƏRİBLİ