Azərbaycana qarşı ifrat qərəzli, subyektiv yanaşmanın ən yüksək səviyyəsini nümayiş etdirən, mövqeyi birmənalı olaraq ermənilərin açıqlamalarına və bəyanatlarına əsaslanan beynəlxalq təşkilatlar var. Həmin təşkilatların sırasına Beynəlxalq Xristian Konserni də (International Christian Concern - ICC) qatılıb.
"The Anatomy of Genocide: Karabakh's Forty-Four Day War" ("Soyqırımın anatomiyası: Qarabağdakı 44 günlük savaş") adlı hesabatı yayan ICC Azərbaycanla Türkiyəni 44 günlük İkinci Qarabağ savaşında "qarabağlı ermənilərə qarşı soyqırım tətbiq etmək"də ittiham edib. Hesabatda ağla gəlməyən qərəzli fikirlər yer alıb. Gör, bu təşkilat necə xəstə təfəkkürə malikdir ki, hesabatda Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Şuşada ibtidai məktəb açmasından narahat olduğunu bəyan edib. Bunu onunla əsaslandırırlar ki, guya bu addım dini müxtəlifliyə uyğun gəlmir.
Məlumat üçün qeyd edək ki, MHP sədri Dövlət Baxçalının göstərişi ilə Şuşada “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsi təklif edilib. MHP sədrinin istəyinə Azərbaycan tərəfi razılıq verib.
Maraqlıdır, bu kimi təşkilatlar adi bir dünyəvi məktəbin açılmasından niyə belə narahatdırlar? Burada qəbahət nə var ki? Ermənilər məscidləri məhv edəndə bu kimi təşkilatlar nədənsə səslərini belə çıxarmadılar.
“...xəstə düşüncənin məhsuludur”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Beynəlxalq Xristian Konserninin bu cür qərəzli yanaşması xristian dözümsüzlüyünün bariz nümunəsidir: “Belə təşkilatlar açıq şəkildə ermənilərin maşası olmaq missiyasını öz üzərinə götürüb. Məktəb inkişaf, tərəqqi deməkdir. Harada təhsil geniş yayılıbsa, orada cahilliyə yer olmur. Bu, bütün dünyada belədir. Özü də söhbət hansısa dini təmayüllü məktəbdən yox, dünyəvi bir məktəbdən gedir. Hansı ki, belə məktəblər bütün dünyada qəbul olunur. Belə olan halda, ICC-nin ortaya qoyduğu mövqe tamamilə əsassızdır. Bununla onlar Ermənistanın tərəfində olduğunu, onun törətdiyi cinayətlərə haqq qazandırdıqlarını nümayiş etdirirlər. Halbuki, bu, səmavi dinlərdən biri olan xristianlığın təməl prinsiplərinə ziddir. Yaxşı olardı ki, bu təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdə məhv etdiyi bütün məktəblərə münasibət bildirsinlər. Eyni zamanda, işğal dövründə 70-ə yaxın məscid məhv edilib. O üzdən, hesab edirəm ki, ICC-nin hesabatında MHP-nin Şuşada məktəb tikintisinə göstərilən münasibət xəstə düşüncənin məhsuludur. Həmin hesabatın sağlam məntiq və düşüncə ilə heç bir əlaqəsi yoxdur. Bunu ancaq belə dəyərləndirmək olar”.
Şərqşünas onu da qeyd etdi ki, ermənilərin təsiri altında olan təşkilatlardan bundan sonra da obyektiv mövqe gözləməyə dəyməz.
Vidadi ORDAHALLI