Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar “Vahid Rusiya” Partiyasına etiraz məktubu ünvanlayıb.
Məktubda deyilir: “Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləmişdir. Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir. Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir”.
YAP-ın “Vahid Rusiya” Partiyasına etiraz məktubunda daha sonra bildirilir: “Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.
Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır. Ümid edirik ki, “Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir”.
Azərbaycanın hakim partiyasının ünvanladığı məktubla bağlı Rusiyanın hakim partiyası öz üzvü barəsində hansı tədbiri görə bilər?
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, YAP-ın etdiyi müraciəti tam normal və yerində sayır: “Milonov rəsmi hakmiyyəti təmsil etmir. Yəni onun dedikləri və atdığı addımlar Rusiyanın rəsmi mövqeyi kimi yozula bilməz. Ancaq Rusiya Dumasında çoxluğu təmsil edən hakim partiyanın üzvüdür. Bu amilin özü də çox mətləbdən xəbər verir. Milonovun təxribatları bu gün baş qaldırmayıb. O, uzun müddətdir ki, açıq ermənipərəst mövqe sərgiləyir. Bunun da fonunda Azərbaycanın maraqlarını tapdalayır, qanunvericiliyimizə zidd addımlar atır. Bir deputat 44 günlük müharibə dönəmində icazəsiz olaraq Qarabağa səfər edib erməni separatçılarına açıq dəstək ifadə edibsə, onun mövqeyi tam bəllidir. Ancaq Rusiyanın hakim partiyası, gərək ki, indiyə qədər Milonovla bağlı bir tədbir görəydi. Çünki bu cür addımlar Rusiya ilə ölkəmiz arasındakı münasibətlərə də xələl gətirmiş olur. Mən inanmıram ki, hakim partiya hansısa formada Milonovu cəzalandıracaq. Çünki təəssüflər olsun ki, biz Rusiyanın hakimiyyəti daxilində anti-Azərbaycan mövqeyi səriləyən şəxslərə rast gəlirik. Təsəvvür edin ki, Rusiyanın dövlət televiziya kanalları müharibə dönəmində və ondan sonra açıq-aşkar anti-Azərbaycan təbliğatı apardılar. Hazırda Rusiya sülhməramlılarının fəaliyyəti də məni qane etmir. Onlar sanki ermənilərin mövqeyini qorumaq öhdəliyini icra edirlər. İndiyə kimi onların köməyi ilə Qarabağa kifayət qədər erməni əsilli vətəndaş köçürülüb. Niyə azərbaycanlılar köçürülmür? Ermənistandan Qarabağa qanunsuz səfərlərin hamısı Rusiya sülhməramlılarının başı üstündən edilir”.
Siyasi Şura üzvünün sözlərinə görə, Rusiyanın hakim partiyasının Milonovu cəzalandırmaq üçün əlində kifayət qədər əsaslar və resurslar var: “Parlament fraksiyasının iclasını keçirib ona xəbərdarlıq edilə və ya töhmət verilə bilər. Hakim partiyanın özü də əlaqədar strkturlarında Milonovun addımlarını müzakirəyə çıxarıb, ona qiymət verə bilər. Bunların ediləcəyinə qəti inamım yoxdur. Ancaq yenə də gözləyək, bəlkə hansısa möcüzə baş verdi”.
Məhəmmədəli QƏRİBLİ