Dağlıq Qarabağ münaqişəsinə son qoyduqdan sonda Azərbaycan üçün əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq, bərpa işlərinin həyata keçirilməsidir. Bununla Azərbaycan həmin ərazilərə yenidən əsl həyat gətirməyi düşünür. Digər tərəfdən, başladılan quruculuq işləri həmin yerlərin iqtisadi müstəvidə ölkə iqtisadiyyatına inteqrasiyası baxımından da olduqca zəruridir.
Genişmiqyaslı quruculuq işlərinə mühüm beynəlxalq dəstək...
Artıq məlumdur ki, Azərbaycan azad olunmuş ərazilərdə xüsusi proqramlar əsasında mühüm abadlıq işlərinə start verəcək. Bu yerlərə investisiya qoyuluşunda, dövlətlə yanaşı, özəl sektor da iştirak edəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev qeyd edir ki, bununla bağlı sahibkarlardan 80 müraciət daxil olub: “Müraciətlər əsasən xaricdən daxil olur. İşğaldan azad edilmiş ərazilərimizdə yaşayış bərpa olunandan sonra bu işlərə başlamaq olar. Qarabağda fəaliyyət göstərən sahibkarlara əlavə imtiyazlar verilə bilər”.
Xatırladaq ki, çoxsaylı xarici ölkə və şirkətlər də azad edilmiş ərazilərdə bərpa prosesində iştirak niyyətini açıqlayıb. Bu niyyətdə olan ölkələrin sayının artması Ermənistanda xüsusi qıcıq yaradır. Elə qonşu İranın timsalında qeyd edilənlərin real təsdiqini görmək olar. Erməni ekspert, iranşünas Emma Beqicanyan qeyd edir ki, Ermənistanın mövqeyinin əksinə olaraq, İran Qarabağda bərpa işlərində Azərbaycanla sıx əməkdaşlığa gedir. O bildirib ki, İran müharibədən sonra Azərbaycanla əvvəlkindən daha çox hesablaşır: “İran müharibədən sonra Azərbaycanla əvvəlkindən daha çox masaya oturur, Ermənistana qarşı isə tam əksidir. Bu da xarici siyasətimizin növbəti uğursuzluğudur”. Burada bir daha qeyd edək ki, azad edilmiş yerlərdə bərpa işlərində iştirak etməkdə maraqlı ölkələrdən biri də İrandır. Bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəmizə son səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə qeyd edib: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələrlə müqayisədə üstünlüyə malikik”. Məhəmməd Cavad Zərif Rusiyaya səfəri fonunda Moskvada keçirilən mətbuat konfransında da qeyd edilən xüsusda maraqlı fikirlər dilə gətirib: “Bu gün Qarabağda firavanlıq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün, xüsusilə iqtisadi və nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb. Beləliklə, biz xalqların əziyyətini azalda, tarixi fikir ayrılıqlarını aradan qaldıra, insanların həyatını qoruyub saxlaya biləcəyik. Bunun üçün zəmin hazırlanıb”.
İrandan başqa ABŞ, Böyük Britaniya, Macarıstan, Yaponiya və digərləri də azad edilmiş ərazilərdə bərpa işlərində iştiraka hazır oldurlarını bildirib. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bu xüsusda qeyd edir ki, ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır. O, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal, innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb. Macarıstan İxrac-İdxal Bankı ölkənin Qarabağdakı bərpa işlərində iştirak etmək istəyən şirkətləri üçün 100 milyon dollar həcmində kredit xətti ayırıb. Ölkəmizin İnnovasiyalar Agentliyi isə Türkiyənin Qocaeli vilayətindəki Gebze Mütəşəkkil Sənaye Bölgəsində (GOSB) fəaliyyət göstərən texnoparkla memorandum imzalayıb. 130 texnologiya şirkətinə dəstək verən texnoparkla imzalanmış memorandum Qarabağda yüksək texnologiyalar parkı qurulmasını nəzərdə tutur. Digər ölkələrlə də işbirliyi azad olunmuş ərazilərdə abadlıq işlərində müxtəlif xarici ölkə və təşkilatların iştirakına əlverişli şərait yaradır.
Əsas yük yenə dövlətin üzərinə düşür
Azərbaycanın azad olunmuş torpaqlarında başlanan quruculuq işlərinə əsas sərmayə dövlət xətti ilə ayrılacaq. Xatırladaq ki, azad edilən ərazilərin bərpa edilməsi üzrə müvafiq infrastrukturların yaradılması üçün dövlət büdcəsindən 2,2 milyard manat ayrılması nəzərdə tutulub. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması da azad edilmiş ərazilərdə quruculuq işləri baxımından olduqca mühümdür. Bundan başqa, dövlətin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiyasının hazırlanması da olduqca böyük önəmə malikdir.
Qeyd edək ki, şəhərsalma və ərazilərin quruluşu ilə bağlı məsələlər konsepsiyada ön plana çıxarılıb. Konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə qısa zaman ərzində kommunal, iqtisadi və sosial strukturların qurulması, eləcə də rayon mərkəzlərində yaşayış binalarının və evlərin tikintisi təmin ediləcək. Qarabağa böyük köçü zəruri edən başlıca amil kimi əhalinin məskunlaşması və məşğulluğunun təmin olunması üçün həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələri yaradılacaq. “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” dövlət başçısının imzaladığı fərmana əsasən xüsusi nümayəndəliklərin fəaliyyəti, ekspertlərin fikrincə, Qarabağda səmərəli və çevik idarəetmə modelinin yaradılmasını şərtləndirən mühüm amil olacaq. Xatırladaq ki, bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da, mülki idarəetmənin forması və funksiyası müəyyən edilməmişdi. Lakin artıq Şuşaya Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi ilə bu məsələnin də həlli üçün zəruri addımlar atılır. Bu təsisat olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər. Çünki yeni forma dövlət bürokratiyasından kənar birbaşa prezidentə tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək. Ekspertlər hesab edir ki, böyük qayıdışın təmin edilməsi paralel olaraq sürətli, çevik və şəffaf idarəetmə tələb edir. Yeni idarəetmə forması bu baxımdan öz funksionallığı ilə seçilir. Məhz bütün bunlar həm də Ermənistan işğalından azad olunmuş torpaqlarda həyata keçirilən bərpa və quruculuq layihələrinin effektivliyini təmin edir. Bu da ölkəmizin yaxın illərdəki sosial iqtisadi inkişafına yeni böyük təkan verəcək. Qarabağda icra olunacaq layihələr sayəsində ölkədəki iqtisadi inkişafın daha da geniş vüsət alması, 2020-ci ildə xeyli azalmış ÜDM-nin bu il 2,1 faiz artacağı, sonrakı dövrdə bu artımın ildə 4 faiz səviyyəsində bərqərar olacağı gözlənilir.
Araşdırmalar göstərir ki, azad olunan ərazilərdə lkin infrastruktur qurulandan sonra burada ilk mərhələdə daha çox kənd təsərrüfatı, turizm, mədənçilik, tikinti materiallarının istehsalı, yük daşımaları kimi sahələrdə mühüm irəliləyişlər qeydə alınacaq. Bununla ixrac yönlü məhsul istehsalı da artacaq. Burada həyata keçiriləcək layihələrin aid olduğu qeyri-neft sektoru artıq 2021-ci ildə həm ÜDM-də, həm də dövlət büdcəsinin gəlirində payını artırmalıdır. Qeyd edək ki, elə cari ildə hökumətin başlıca hədəfləri arasında Qarabağda turist marşrutlarının hazırlanması, kənd təsərrüfatı sahəsində müasir irriqasiya sistemləri də daxil olmaqla layihələrin həyata keçirilməsi, yeni su elektrik stansiyaları tikintisinə dair araşdırmalar da var. Bütün bunlar Azərbaycanda ümumi iqtisadiyyatın inkişasına da vacib təkan verəcək.
Yüksək inkişaf Qarabağda qalan ermənilərin mövqeyinə təsirsiz ötüşməyəcək
Ekspertlər hesab edir ki, azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri Qarabağda qalan ermənilərin Azərbaycan vətəndaşlığına keçməsini tezləşdirəcək. Çünki həmin ermənilər bu fonda Azərbaycanın himayəsi ilə maddi rifah hallarının müsbət istiqamətdə dəyişməsinin mümkünlüyünə əyani şahidlik edəcəklər.
Digər tərəfdən, Azərbaycanın regionda kommunikasiya əlaqələrinin bərpası ilə bağlı təklif etdiyi layihələr həyata keçirildiyi halda bunun Ermənistan erməniləri tərəfindən dəstəklənməsi də tamamilə gözlənilən sayılır. Məsələ burasındadır ki, 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Bu, ermənilərin maddi rifah halına da təsir edəcək və eyni zamanda, sadə ermənilərə Azərbaycanla normal münasibətlərin nə dərəcədə vacib olduğunu aydın nümayiş etdirəcək. Ümumiyyətlə, Ermənistanın özünün də bir dövlət olraq marağı iqtisadi və logistik blokadadan çıxmaq, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaqdır. Reallıq da göstərir ki, Ermənistanın dünyaya açılmasının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir və başqa alternativ yoxdur. Belə vəziyyət sadə ermənilərin də xüsusi maraq dairəsindədir. Digər tərəfdən, Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zərurliyini irəli sürür. Bakı region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanların açıldığını elan edir. Buna görə də, Ermənistanın müvafiq addımlar atması zəruridir və bu, erməni xalqının da maraqlarına uyğundur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.