Şuşanın ermənilər tərəfindən işğalı da, 28 il sonra işğaldan azad edilməsi də məzmununa görə irimiqyaslı tarixi hadisələrdir və hər iki ölkədəki siyasi proseslərə böyük təsir gücü ilə seçilir.
Şuşanın başındakı 1992-ci il prosesləri iki olkədə siyasi vəziyyətə on illər boyu fərqli prizmalarda təsir göstərərək müxtəlif nəticələr ortaya qoydu. Ermənistandakı hegemon şovinist siyasi qüvvələr Şuşanın Azərbaycandan qoparılmasına "ümummilli triumf" donu geyindirərək 28 il ərzində özlərini əcəzolunmaz "milli vətənpərvər qüvvələr" kimi qələmə verdilər, siyasi səhnədə Ermənistanın dövlət və milli maraqları baxımından əsil rasional-praqmatik qüvvələrin önə çıxmasına mane oldular. Saxta "erməni sivilizasiyasının guya beşiyi" sayılan Şuşanın adını "Şuşiyə" çevirərək sadə erməni cəmiyyətində sağlam düşünmək istəyənlər üçün elə bir repressiv mühit yaratdılar ki, kimsə "mıkk" edərək "axı bu şəhər bizim deyil" həqiqətini dilə gətirməyə cəsarət etmədi, tək-tək cəsarət edən cəsur siyasətçilərin isə yolu terror və həbslərdən keçdi.
1992-ci ildə Şuşanın süqutu Azərbaycanda xeyli fərqli siyasi proseslər açdı. Həmin vaxt Ermənistandakı siyasi qüvvələr Şuşanın işğalını özləri üçün 28 illik rəzil də olsa, "milli qürur və hakimiyyət karyerasında yüksəliş mənbəyinə" çevirdikləri halda, bu fakt o zaman Azərbaycandakı hakim və hegemon siyasi qüvvələr üçün həm süqut, həm də silinməz vicdan ləkəsinə çevrildi. Şuşanın işğal edilməsi ilə bağlı ayrıca bir analitik yazı yazmaq niyyətində olduğum üçün bu məqalədə tək bunları deməklə kifayətlənmək istəyirəm ki, Şuşanın süqutuna görə o zamankı "yarımçıq iqtidar" da, hakimiyyətə gəlməyə ən yaxın olan, hətta əlinin birini hakimiyyətin "qırtmığına" artıq ilişdirmiş olan "Xalq cəbhəsi" də məsuliyyət daşıyır. Heç olmasa Şuşanı taleyin ümidinə atmamaq xatirinə onların heç biri digərinə güzəştə gedə bilmədi, nəticədə onlardan biri elə həmin anda xalqın nəzərində "qalib milli vətənpərvər qüvvəyə" çevrilsə də tarixin nəzərində onların ikisi də öldü - Mütəllibovun "marginal kommunistlər" dəstəsi də, meydan anarxiyası ilə yarımçıq dərk olunan demokratik dəyərlər arasında vurnuxan "Elçibəy Cəbhəsi" də… Mütəllibovun marginalları Şuşa üçün yaranmış təhlükəni hiss edə bilmədiyi kimi "Elçibəy cəbhəsi" də hakimiyyətin dəyişməsi ilə Şuşanın süqutunun daha da sürətlənəcəyini hiss edə bilmədi, nəticədə hakimiyyəti qazansa da tarixi uduzdu. Mən əminəm ki, Elçibəy öz "Cəbhəsinin" içindəki "pis uşaqların" qıcqırmış hakimiyyət ambisiyalarının üstünə su tökərək söndürə və heç olmasa hakimiyyətə gəlişi bir müddət gecikdirə bilsəydi, kökləri "Şimala" doğru çox dərinlərə gedən Şuşanın işğal planına "xod" verilməyəcəkdi. Elçibəy bunu bacarammadı, siyasi triumfa zamansız yüksəldiyi üçün sonda hakimiyyətçiliyi də bacarmadı…
Qayıdaq 28 ildən sonra baş vermiş yeni Şuşa olayının doğurduğu reallıqlara... Şuşanın alınması tariximizin ictimai qürur mənbələrindən biri olduğu kimi, azadetmə əməliyyatı da öz növbəsində milli hərbi taktika tariximizin şərəfli səhifələrindən biridir. Prezident İlham Əliyev erməni təbliğatçılarının "Şuşa alınmayıb, onu elə belə vermişik" kimi hay-küylərini "ağ yalan" adlandırmaqda tam haqlıdır. Prezident onda da haqlıdır ki, Ermənistan Şuşa həqiqətlərini ictimaiyyətdən gizlətmək istəyir. Şuşanın böyük bir əməliyyatla alınmasını etiraf etmək yox, hansısa oyunla geri verilməsi formasında nağıl uydurmaq bu gün Ermənistanın iç siyasi qüvvələrinin mütləq əksərinin mənafelərinə cavab verir. Məsələ burasındadır ki, Şuşa faktoruna 1992-ci ildə də, indi də Ermənistanda əsasən daxili siyasi maraqlar prizmasından baxılır. Ermənilər Şuşa məsələsindən daxili siyasətdə silah kimi istifadə praktikasından əl çəkmirlər. 92 -ci ildən başlayaraq düz 28 il "Şuşadan" hakimiyyətdə möhkəmlənmək faktoru kimi bəhrələndilər, indi də revanşist Qarabağ platformasının hakim siyasi mövqedə möhkəmləndirilməsi üçün istifadə edirlər. Azərbaycanın hərbi-texniki, hərbi-texnoloji və hərbi-taktiki üstün gücünü görünməz etmək, habelə Ermənistan rəhbərliyinin hərbi quruculuqda fərsizliyini və mənasız şüarçılığını gizlətmək üçün nağıl uydururlar ki, "Şuşa alınmayıb, elə belə verilib". Prezident Əliyev xüsusi nümayəndə ilə söhbətində Şuşa mövzusunun bu istiqamətini yenidən önə çəkməklə əslində həm siyasi tariximizə, həm də hərb tariximizə təftişçi və qərəzli yanaşmaların yolverilməz olduğuna bir daha diqqət çəkdi.
"Şuşa alınmayıb , elə belə verilib" kimi düşmən "mətbəxinin ənənəvi qoxmuş iy verən" tezisinə Prezidentin "Ağ yalandır" formasında bir qədər də emosional görsənən reaksiyası iki səbəbdən güc alır. Birincisi odur ki, düşmənlər gözümüzün önündə və burnumuzun ucunda yaşanan real tarixi saxtalaşdırmağa cəhd edirlər. Bu naqisliyə və düşmənçiliyə emosiyasız cavab vermək mümkün deyil. İkincisi odur ki, uydurulan saxta nağıllar ilk növbədə şəxsən Prezidentin özünün haqqını və şəxsi əməyini danmaqdır. Şuşanın azad edilməsi təklikdə ətraf 7 rayonun azad edilməsi qədər önəmli tarixi hadisədir. Hətta təklikdə Şuşanın azad edilməsi İlham Əliyevə tariximizdə şəriksiz yer təmin edə bilən fakt olardı. O üstəlik ətrafdakı 7 rayonu, Ağdərənin, Xocavəndin və Hadrutun bir hissəsini də azad etməklə ermənilərin rəsmi alışıb yandıqları keçmiş DQMV hüdudlarında hansısa inzibati ərazi vahidinin bərpa edilməsi xülyalarını əbədi olaraq məhv etdi. Mən əminəm ki, bu xülya teallaşmaq şansını həqiqətən həmişəlik itirib. Şuşanın azad edilməsini hansısa oyunlar səviyyəsinə yendirmək İlham Əliyevin bir ölkə lideri və bir Ali Baş Komandan kimi şəxsi qabiliyyətlərdən hasil olunan haqqına-sayına qəsddir.
Prezidentin bir neçə dəfə əsas detallarla açıqladığı Şuşanın azad olunması əməliyyatının tam kompozisiyasını bilən peşəkar hərbçilər təbii ki var. Onlar nə vaxtsa ən geniş ictimai, elmi-araşdırmaçı və əcnəbi həvəskarlar auditoriyası üçün açıqlanacaq. Ancaq indi də əsas məsələ bəllidir. Prezidentin əvvəlki çıxışlarındakı mətləbləri də bir yerı toplamaq şərəfli Şuşa əməliyyatının tam çərçivəsini çəkmək üçün yetərlidir.
Kimsə şübhə edə bilər və hətta Prezidentin də dediklərinə sübutlar istəyə bilər. Bu halda heç olmasa başqa dövlətlərin siyasi isteblişmentindən çıxan məlumatlara da önəm vermək olar və lazımdır. Ötən ilin sonlarında Rusiya prezidenti Putinin Şuşa ilə bağlı açıqlamasını yada salaq. Putin ilk dəfə "Rossiya" televiziyasına dedi ki, oktyabrın 19-da Paşinyana Şuşanı qansız təhvil verməklə atəşkəsə getməyi təklif etdim, o əvvəlcə razılaşdı, lakin ertəsi gün nə düşündüsə fikrindən çəkildi. Döğrudan da maraqlıdır ki, Paşinyan niyə sözündən qaçıb və niyə Şuşanı döyüşsüz tərk etməyib? Şuşanın azad edilməsi əməliyyatının əhəmiyyətini və Ali Baş Komandanın haqqını aşağı tutanlar üçün bu sualın cavabı daha düşündürücü olmalıdır. Paşinyan və bütün erməni komandanlığı Şuşanın döyüşlə alına bilməsinin mümkünküyünü sona qədər yaxına buraxmadı. O iki şeyə güvənirdi. Birinci, Şuşanın dağlar başında alınmaz qala relyefinə. İkinci, Şuşaya girişin ancaq Laçın və Xankəndi yolu ilə mümkün olmasına. Hər iki yol da erməni qüvvələrin əlində idi. O hardan bilərdi və ya bilə bilərdi ki, Azərbaycanın xüsusi təyinatlıları Şuşaya girişin İlham Əliyevin tam ehtivalı şəkildə "Zəfər yolu" dediyi üçüncü qapısını də tapa biləcəklər. Həqiqətən də xüsusi təyinatlılarımız noyabrın 8-də Şuşanı tam ələ keçirəndən sonra ermənilər "bu necə oldu" sualı ilə baş sındıra-sındıra təslim oldular. Putinin sözünü yerə salaraq Şuşanı dincliklə verməyən Ermənistan üstəlik Agdamı, Kəlbəcəri və Laçını da xoşluqla qaytarmağa razılaşdı. Əgər bu, "Şuşanı elə belə vermək" idisə, niyə onu oktyabrın 19-da Putin təklif edəndə "elə belə vermədilər"? Çünki Putinin yerə salınmış təklifi səslənən vaxt - oktyabrın 19-da Azərbaycanın xüsusi təyinatlıları özlərinin qəti "Şuşa sözünü" hələ deməmişdilər, ermənilər isə əsas yumruğu hələ yeməmişdilər.
Şuşa əməliyyatı üzərində cərrahi "operasiya" apararaq "elə belə verildi" nağılı uyduran ermənilərə və digərlərinə başqa bir mətləbi də xatırladaq. Ermənistan rəhbərliyi Şuşanı Xankəndi yolu olmadan arxayın şəkildə alınmaz hesab etdiyi vaxtda Azərbaycan lideri Şuşanın alınması əməliyyatının Qubadlı və Laçın istiqamətində yardımçı qolunu icra edirdi. Əvvəlcə yuxarı kəndləri, sonra isə Laçının cənubundakı Güləbird, Türklər və Səfilər kəndləri ələ keçiriləndə ermənilərdə belə təsəvvür yaradıldı ki, ordumuz Şuşaya Laçın yolu ilə gedəcək. Azərbaycana da elə bu lazım idi. Ermənilər əksər qüvələrini ordumuzun Laçın yolu ilə Şuşaya girişini guya önləməyə cəlb edəndə Azərbaycanın xüsusi təyinatlıları məlum dağlarda döyüş taktikası ilə dırmaşaraq Şuşanı tutdular. Şuşa əməliyyatının və bunun həndəvərində aparılan "elə belə erməni operasiyalarının" həqiqi məzmunu budur…
İlham Əliyevin tamamilə haqlı olduğunu tarix də təsdiqləyəcək - Şuşa elə belə verilməyib… Şuşa döyüşlə ALINIB…
Aydın QULİYEV