Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilir.
Bunun ardınca Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Prezident qəbulda çıxış edərək deyib: “Mən sizi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu məsuliyyəti dərk edəcəksiniz və öz işinizlə qarşınızda duran vəzifələrin icrasına çalışıb onları yerinə yetirəcəksiniz. Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.
Göründüyü kimi, cənab İlham Əliyev azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradıldığını bir daha bəyan edib. İlk belə addım Şuşa ilə bağlı atılıb. Ancaq maraqlıdır ki, Şuşanın icra başçısı vəzifəsi də öz yerində qalıb. Bu iki vəzifənin mövcudluğu bir-biri ilə paralellik təşkil edə bilərmi və bunun idarəetməyə hansı mənada təsiri olar?
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, ictimaiyyətdə xeyli sual yaradır: “Xüsusi nümayəndənin hansı işləri icra edəcəyi hələ bizə məlum deyil. Biz hər zaman paralel qurumların birinin saxlanılıb, digərinin ləğvini təklif etmişik. Burada isə biz həm icra başçılarının, həm də xüsusi nümayəndələrin mövcudluğunu görürük. Hesab edirəm ki, işğal rayonları tam bərpa olunana qədər həmin rayonların icra hakimiyyətlərinin fəaliyyətini ləğv etmək olar. Xüsusi nümayəndələr oradakı işləri tam həll edib əhalini ora köçürəndən sonra bu məsələyə yenidən baxıla bilər. Bizim dediyimiz ərazilərin spesifikası bir qədər fərqlidir. Demək olar ki, münaqişə rejimi tam aradan qalxmayıb. Ərazilər minalardan tam təmizlənməyib. İşğaldan azad edilən rayonların icra hakimiyyətləri paralel olaraq saxlanacaqsa, onlara konkret fəaliyyət sahəsi tapşırılmalıdır. Belə olacağı təqdirdə qurumların fəaliyyətində paralellik olmaz. Fəaliyyət paralellik təşkil edərsə, bura dövlətin də xeyli vəsaiti xərclənmiş olacaq. Əgər ümumi Qarabağ regionu üzrə işlərə nəzarət etmək üçün bir səlahiyyətli nümayəndə təyin edilmirsə, onda nümayəndəlik təyin edilən rayonların icra hakimiyyətlərinin fəaliyyəti məhdudlaşsa yaxşı olar. Bu həm də büdcəyə qənaət olar”.
Ekspertin sözlərinə görə, həmin ərazilərdə ciddi işlərin görülməsinə ehtiyac var: “Əhalinin yerləşməsi tam təmin ediləndən sonra bütün strukturları, hətta bələdiyyələri də lazımi şəkildə formalaşdırmaq olar”.
Məhəmmədəli QƏRİBLİ