“Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır”.
Bunu Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Ölkə başçısı onu da qeyd edib ki, Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi: “Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi”.
Görünən odur ki, 1992-ci ildə hakimiyyətdə olanlar Şuşanın qorunması ilə bağlı müvafiq tədbirlər görsəydilər, bu qədim şəhər ermənilərə təslim edilməzdi. Ancaq siyasi ambisiyaları üzündən istər o vaxt hakimiyyətdə olanlar, istərsə də hakimiyyətə can atanlar bunu etmədilər. Nəticədə Şuşa işğal edildi. Bütün bu deyilənlərlə yanaşı, 1992-ci ildə hakimiyyətdə olanların Şuşanın müdafiəsinə olan münasibəti ilə, indiki hakimiyyətin münasibəti arasında hansı müqayisələri aparmaq olar?
“İndiki hakimiyyətin vaxtında Şuşa qısa müddətdə işğaldan azad edildi”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Şuşanın qorunmasına münasibətdə arada böyük fərq var: “Məsələ ondadır ki, 1992-ci il mayın 8-nə qədər Şuşa bizim nəzarətimizdə idi. Qarabağda 1988-ci ildə erməni separatizmi baş qaldırandan sonra mərhələ-mərhələ bir sıra yaşayış məntəqələri işğal edildi. Baxmayaraq ki, Şuşa olduqca əlverişli bir mövqedə yerləşirdi, amma şəhərin müdafiəsi üçün vacib tədbirlər görülmədi. Şuşanın ətrafında yerləşən kəndlər ermənilərdən təmizlənsəydi, şəhər üçün ciddi təhlükə yaranmazdı. Ancaq o vaxtkı hakimiyyət bununla bağlı tədbirlər görmədi. Ölkədə hakimiyyət uğrunda mübarizə genişləndikcə, Şuşanın müdafiəsi hər keçən gün arxa plana keçdi. Bununla belə, o vaxt AXC-yə bağlı silahlı qüvvələr vardı.Təəssüflər olsun ki, həmin qüvvələr siyasi alətə çevrildilər. Nəticədə erməni işğalçıları bütün bunlardan çox məharətlə istifadə edərək Şuşanı işğal etdilər. Şuşanın işğalı Laçının əldən getməsini sürətləndirdi ki, ondan sonra da daha böyük fəlakətlərin baş verməsinə şərait yarandı. Ancaq indiki hakimiyyətin vaxtında Şuşa qısa müddətdə işğaldan azad edildi. Hansı ki, Şuşanın tez bir zamanda azad edilməsi bir çoxu üçün böyük möcüzə idi. Lakin bu, reallığa çevrildi. Özü də qəhrəman Azərbaycan əsgəri ağır hərbi texnikanın iştirakı və köməyi olmadan Şuşanı azad etdi. Aparılan hərbi əməliyyatlar planlı şəkildə icra edildi. Bununla yanaşı, Şuşaya yeni yol çəkilir. Kompleks şəkildə digər infrastruktur işləri görülür. Şuşanın qorunması işini ordunun ən peşəkar və elit qüvvələri həyata keçirir. O üzdən, şəhərin müdafiəsinə münasibətdə fərq böyükdür”.
Siyasi ekspert hesab edir ki, bütün bunlar çox böyük işlərdir.
Vidadi ORDAHALLI